16 sentyabr 2019 10:59
1253

Yardımlı rayonunda Tunc İlk Dəmir dövrünə aid yeni kurqanlar aşkarlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərlik etdiyi Yardımlı arxeoloji ekspedisiyası rayonun Tunc-İlk Dəmir dövrü abidələrində arxeoloji tədqiqatlar aparıb.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, arxeoloji qazıntı işləri əsasən rayonun Kürəkçi, Alar və Arvana kəndləri ərazisindəki yaylaqlarda mövcud olan kurqanlarda davam etdirilib. Kürəkçi kəndi yaxınlığında Komanı yaylaqlarında aparılan arxeoloji qazıntılar zamanı İlk Tunc dövrünə aid qəbir abidələri üzə çıxarılıb.

Komanı kurqanlarından birində aparılan arxeoloji qazıntılar zamanı sol yanı üstə, az bükülü vəziyyətdə üzü cənub-qərb istiqamətində dəfn edilmiş insan skeleti aşkar olunub. Skeletin yanından tapılmış 1 ədəd sümükdən iy başlığı əmək aləti olmaqla, ipəyirmə sənətində istifadə edilmiş əşyadır. Komanı yaylaqlarında əvvəlki illərlə birlikdə 4 kurqanın qazıntısı başa çatdırılib. Bu kurqanlar dəniz səviyyəsindən 2100 metr yüksəklikdə yerləşir.

Rayonun Alar kəndi yaxınlığında Sarıbulaq yaylağında aparılan arxeoloji qazıntılar zamanı Son Tunc-İlk Dəmir dövrünə aid maddi mədəniyyət nümunələri əldə edilib. Məlum olub ki, Sarıbulaq abidələri əsasən skeletsiz kurqanlar tipinə aid olmaqla boş xatirat (kenotaf) qəbirləridir. Bu kurqanlar dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir.

Arvana kəndi ərazisindəki Qaryatan adlanan yerdə bir kurqanın qazıntısı aparılıb. Qazıntılar nəticəsində qəbir kamerasında zəngin dəfn adətinə rast gəlinib. Diametri 5 metr olan, ətrafı kromlex şəkilli düzümlü kurqanın qəbir kamerasında üzü şimal istiqamətində, sol yanı üstə, ayaqları dizdən geri qatlanmış insan dəfn edilib. Qəbir avadanlıqları içərisində saxsı qablar – küpə, boşqab, dopu, tuncdan silah nümunələri -xəncər və rapira şəkilli qılınc, tunc üzük və müxtəlif formalı pasta muncuqlar aşkarlanıb. Maddi mədəniyyət nümunələrinin forma və müqayisəli təhlillərinə əsasən bu kurqanda həm Xocalı-Gədəbəy, həm də Talış-Muğan arxeoloji mədəniyyətlərinin qarşılıqlı təsirləri üzə çıxıb. Hazırda kurqandan aşkar edilən insan skeleti üzərində antropoloji tədqiqatlar aparılır. Kurqanın İlk Dəmir dövrünə - eramızdan əvvəl I minilliyin əvvəllərinə aid olması ehtimal edilir.

Bu arxeoloji tapıntılar Azərbaycan tarixinin qədim dövrünə aid zəngin maddi mədəniyyət nümunələridir. Gələcəkdə sistemli olaraq Azərbaycanın cənub-şərq bölgəsində aparılacaq kompleks arxeoloji tədqiqatlar nəticəsində ərazinin yüksək dağlıq və dağətəyi hissəsinin qədim dövr maldar cəmiyyətləri tərəfindən mənimsənilərək məskunlaşması məsələsinə, eyni zamanda, ilkin sinifli cəmiyyətlərin formalaşması proseslərinə aydınlıq gətiriləcək.

Ekspedisiya tədqiqat müddətində rayonun Qaravuldaş, Ökü, Ostayır, Perimbel və Honuba kəndlərində də kəşfiyyat xarakterli tədqiqatlar aparmaqla yeni kurqanlar və daş qutu qəbir nekropolları qeydə alıb.