24 sentyabr 2019 10:38
655

“Yaşıl dəhliz”: İxrac idxalı 2 dəfəyə yaxın üstələyib

Azərbaycanda tətbiqinə cari ilin fevralın ayının 1-dən başlanılmış “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə etmək üçün 600-dən çox xarici fəaliyyət iştirakçısı müraciət edib ki, onlardan 450-nə həmin hüquq verilib. Dövlət Gömrük Komitəsinin sədr müavini İsmayıl Hüseynovun sözlərinə görə, sistemin iştirakçılarının bu ilin ilk 8 ayında idxalda payı 22,45 faizə, ixracda isə 30 faizə çatıb.

Bununla da “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ qazanmış idxalçı  subyektlərin (275) sayının ixrac həyata keçirənlərdən (174) çox olmasına baxmayaraq, sözügedən sistemdən yararlanmaqla həyata keçirilən əməliyyatlarda ixracatçıların daha fəal olduqları ortaya çıxır. 8 ayın yekunlarını nəzərə alanda bu sistem vasitəsilə həyata keçirilmiş ixracın dəyəri 4 milyard 55,97 milyon ABŞ dolları, idxalın dəyəri isə 2 milyard 106,24 milyon dollar olub. Başqa sözlə, “Yaşıl dəhliz” buraxılış sistemi ilə həyata keçirilmiş ixrac idxalı dəyər ifadəsində 2 dəfəyə yaxın üstələyib. 

Qeyd edək ki, “Yaşıl dəhliz”dən istifadə malların və nəqliyyat vasitələrinin gömrük sərhəd buraxılış məntəqələrindən daha sürətli keçidinin təmin edilməsi, minimum fiziki yoxlamalar, gömrük rəsmiləşdirilməsinin iş yerindən və iş vaxtından kənar aparılması və  digər bu kimi üstünlüklər yaradır ki, bu da həmin sistemin iştirakçısı olan sahibkarların əvvəllər bu sahədə qarşılaşdıqları problemlərdən sığortalayır.

Məsələ bundadır ki, “Yaşıl dəhliz”dən istifadə sahibkarlara idxal olunan malların şəxsin anbarlarına birbaşa aparılması, gömrük bəyannaməsi təqdim olunduğu təqdirdə, gömrük orqanlarının razılığı əsasında malların daşındığı nəqliyyat vasitələrindən gömrük eyniləşdirmə vasitələrinin müstəqil qaydada çıxarılması və malların boşaldılması, ixrac zamanı isə gömrük orqanına getmədən, ixrac olunan mallara və nəqliyyat vasitələrinə dair məlumatları özündə əks etdirən gömrük bəyannaməsini elektron qaydada gömrük orqanlarına təqdim etməklə, malların bəyan etdiyi gömrük sərhəd buraxılış məntəqəsinə birbaşa göndərilməsi, gömrük orqanlarının tanıdığı eyniləşdirmə vasitələrinin  müstəqil tətbiqi kimi spesifik üstünlüklər  verir.

Bu hüquqdan istifadəyə gəldikdə isə istifadəçilər üçün tələblər idxal əməliyyatları ilə müqayisədə ixrac əməliyyatları üzrə daha sadədir. Qaydaya əsasən, idxal əməliyyatlarının həyata keçirilməsi sahəsində son 1 il ərzində təcrübəsi olan, gömrük orqanlarının təqdim etdikləri elektron xidmətlərdən istifadə bacarıqları olan və ya bu xidmətlərdən istifadəni təmin edəcək səlahiyyətli şəxslə müqaviləsi olan, daşımaları beynəlxalq daşıma standartlarına cavab verən nəqliyyat vasitələrindən istifadə edilməklə həyata keçirən, Nazirlər Kabinetinin müəyyən etdiyi tələblərə cavab verən və malların saxlancı üçün nəzərdə tutulan anbarlardan istifadə edən, qaçaqmalçılıq və ya gömrük ödənişlərinin ödənilməsindən yayınma ilə bağlı cinayətə görə məhkumluğu olmayan, o cümlədən məhkumluğu ödənilmiş və ya götürülmüş aşağı risk qrupuna aid hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs  həm idxal, həm də ixrac əməliyyatlarının həyata keçirilməsi üçün “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ qazanır.

Lakin məsələyə sırf ixrac müstəvisindən yanaşdıqda, aşağı risk qrupuna aid  şəxsin bu tələblərin heç də hamısına cavab verməsinə ehtiyac qalmır. Belə olan halda gömrük orqanlarının təqdim etdikləri elektron xidmətlərdən istifadə bacarıqları və ya bu xidmətlərdən istifadəni təmin edəcək səlahiyyətli şəxslə müqaviləsi olan, daşımaları beynəlxalq daşıma standartlarına cavab verən nəqliyyat vasitələrindən istifadə edilməklə həyata keçirən,  qaçaqmalçılıq və ya gömrük ödənişlərinin ödənilməsindən yayınma ilə bağlı cinayətə görə məhkumluğu olmayan, o cümlədən məhkumluğu ödənilmiş və ya götürülmüş şəxs ixrac əməliyyatları həyata keçirilməsi üçün “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə edə bilir.

Bununla belə, əvvəllər bu sahədə problemlərin daha çox idxal əməliyyatlarını əhatə etməsi “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqinin daha çox idxal həyata keçirən subyektlər üçün aktual olacağı sirr deyildi. Bunu bu sistemdən istifadə hüququ almış subyektlərin say nisbəti də bir daha nümayiş etdirir.

Görünən odur ki, ixrac həyata keçirən şəxslər sistemdən istifadədə daha fəaldırlar. Burada sistemdən istifadəyə qoyulmuş tələblərdən irəli gələrək şəffaflığın daha da artırılması amili burada öz sözünü deyir.

İstənilən halda “Yaşıl dəhliz” buraxılış sistemi idxal-ixrac əməliyyatlarını asanlaşdırmaqla bərabər, qanuna könüllü riayət etmək mədəniyyəti də yaradır. Bu da həm gömrük orqanlarının, həm də sahibkarların mənafelərinə xidmət edir.  Nəticədə bu amil ölkənin ticarət dövriyyəsinin, o cümlədən ixracın artmasını da stimullaşdırır.

Ceyhun Piriyev, “İki sahil”