20 mart 2020 19:38
1857

Yaxın Şərq və Şimali Afrika ölkələrində koronavirus pandemiyasına qarşı əlavə tədbirlər görülür

COVID-19 virusu pandemiyası ilə əlaqədar Yaxın Şərq və Şimali Afrika ölkələrində əlavə tədbirlər görülür.

AZƏRTAC xəbər verir ki, Misirdə son bir gün ərzində daha 46 nəfərin koronavirusa yoluxduğu, 68 yaşlı yerli sakinin isə həyatını itirdiyi bildirilir. Səhiyyə Nazirliyinin məlumatına görə, COVID-19 virusundan ölənlərin sayı 7, xəstələrin ümumi sayı isə 256 nəfərə çatıb. Ölkənin paytaxtı Qahirədə kinoteatrlar, restoranlar, böyük ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb.

Şimali Afrikanın digər ölkəsində - Tunisdə koronavirusdan ilk ölüm faktı qeydə alınıb. TAP rəsmi dövlət informasiya agentliyinin məlumatına görə, Türkiyədən qayıdan 72 yaşlı qadın xəstəxanada həyatını itirib. Tunisdə COVID-19 virusuna yoluxanların sayı 39 nəfərdir.

Əlcəzairdə bu günədək koronavirusa 90 nəfərin yoluxduğu bildirilir. Bu ölkədə davam edən kütləvi etiraz aksiyaları qadağan edilib, restoranlar və məscidlər bağlanılıb.

Səudiyyə Ərəbistanında bu günədək 247 nəfərin bu təhlükəli virusa yoluxduğu bildirilir. Ölkədə koronavirusdan ölüm halı qeydə alınmayıb. Martın 20-də krallıqda bütün daxili aviareyslər, qatarların hərəkəti və avtobus marşrutları dayandırılıb. Bundan başqa, iki müqəddəs məscidin ətrafında da dindarların kütləvi şəkildə cümə namazı qılması qadağan edilib.

Birləşmiş Ərəb Əmirliklərində son bir sutkada koronavirusa daha 27 yoluxma faktı qeydə alınıb. Ölkədə xəstələrin ümumi sayı 240 nəfərə çatıb. BƏƏ hökuməti xarici ölkələrdə təhsil alan 4 min 340 tələbəni təxliyə edib. Səhiyyə Nazirliyi son bir həftədə 31 koronavirus xəstəsinin müalicə olunaraq evə buraxıldığını bildirib.

Martın 19-da Küveytdə koronavirusa daha 11 yoluxma faktı qeydə alınıb və xəstələrin ümumi sayı 159 nəfərə çatıb. Bu ölkənin Səhiyyə Nazirliyi bildirib ki, hazırda 137 nəfər xəstəxanalarda müalicə olunur, 3 nəfər isə tam sağalıb.

Qətərdə son bir sutkada koronavirusa 8 nəfər yoluxub, xəstələrin ümumi sayı isə 460-a çatıb. Bu ölkədə də ticarət mərkəzlərinin və böyük iaşə obyektlərinin fəaliyyəti14 gün müddətinə dayandırılıb, məscidlərdə cümə namazı qadağan edilib.