21 yanvar 2021 18:56
554

Yaxın vaxtlarda dirçəldilmiş şəhərləri görəcəyik

Dövlətimizin başçısı İlham Əliyevin “İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında” Fərmanı  hədəflərə  nail olmaq üçün  dövlət orqanlarının  və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsinə xidmət edir

44 gün. Çox da böyük olmayan, bəlkə də bugünədək hər birimizə adi görünən bu rəqəm özündə nələri ehtiva etdi? Bu kiçik  rəqəmin tarixə yazdığı qürurverici, şanlı səhifə harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıya o qədər böyük sevinc bəxş etdi ki, 30 il qət etdiyimiz  yolun çətinliklərini, həsrətini, nisgilini   unutduq, belə bir xoşbəxtliyi bizlərə  yaşadan dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna, bütün əsgər və zabit heyətinə minnətdarlığımızı ifadə edirik. Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək iqtidarında olduğunu bir daha  işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi. Biz müharibə istəmirdik, amma torpaqlarımızı işğaldan azad etmək istəyi  bir an da olsun  bizi tərk etmədi.  30 ildən artıq dövlətimizin uğurlu siyasəti, real faktlara,     tarixi həqiqətlərə əsaslanan təbliğatı  nəticəsində dünya  ermənilərin əsl simasını, onların  beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozduğunu, beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymadığını gördüyü halda susdu, göz yumdu. Azərbaycan xalqının səbri tükəndi, sentyabrın 27-dən başlanan, 44 gün davam edən  Vətən müharibəsi bir daha Prezident-xalq-ordu birliyini  nümayiş etdirdi. Xalqımız tam əmin idi  ki, dövlətimizin qətiyyətli mövqeyi, ordumuzun gücü, qüdrəti sayəsində uğurla həyata keçirilən  əks-hücum əməliyyatları otuz ildən artıq davam edən   işğala son qoyacaq! Ədalətsizliyə son qoyacaq!   Bu əks-hücum əməliyyatı, eyni zamanda, insanlarda  Vətənə bağlılığı, illərdən  bəri işgal altında olan torpaqlarımızın azad olunması arzularının reallaşması, gerçəkləşməsi demək idi. Cənab İlham Əliyev  daim bəyan edirdi ki, Azərbaycan gəncliyi vətənpərvərlik  ruhunda yetişməli, dövlət maraqlarının qorunması, həqiqətlərimizin təbliği onların ideya-siyasi tərbiyyəsinin əsasını təşkil etməli, azərbaycançılıq məfkurəsinə söykənməlidir. Bu gün hər bir ana, ata   müstəqilliyimizin daimiliyinin, Vətənin   ərazi bütövlüyünün  qorunması naminə  övladının göstərdiyi qəhrəmanlıqlardan, şəhidlik zirvəsinə yüksəlməsindən qürur hissi keçirir.  Şəhidlərimizin həyat yolu hər zaman gənclərimiz üçün vətənpərvərlik məktəbidir. Dövlətimizin başçısı İlham Əliyev daim bildirirdi ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Bu gün torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsi yolunda şəhidlik zirvəsinə yüksələn, erməni təxribatları nəticəsində həlak olan günahsız insanların ruhu şaddır. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi  və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Hər bir Azərbaycan əsgərinin yeganə amalı, məqsədi işğal altında olan torpaqlarımızı azad etmək, soydaşlarımızın doğma yurd-yuvalarına qayıtması, həyatımızın bütün sferalarında inkişafın dinamikliyinin təmin olunması, Azərbaycanımızın daha da qüdrətlənməsi, inkişaf etməsi idi. “Bizim mübarizəmiz  haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, bu dəstəyi biz daim hiss edirik” söyləyən cənab İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır: “Otuz ilə yaxın öz doğma  torpaqlarına  qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma torpaqlarınıza  qaytaraq.”

Əvvəldə də qeyd etdiyimiz kimi, bu müharibə Azərbaycan xalqının nə qədər böyük, məğrur, yenilməz olduğunu dünyaya bir daha nümayiş etdirdi. Birliyimiz, həmrəyliyimiz qarşıya qoyduğumuz bütün hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir.  Dövlətimizin başçısı bu əminliyi də ifadə edir ki, bu birlik işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytarmağımıza,  məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytarmağa imkan yaradacaq: «Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir.»

Uzun illər məcburi köçkün həyatı yaşamış insanlar öz sevinclərini  «Artıq mən qaçqın deyiləm» cümləsi ilə ifadə edirlər. Soydaşlarımız hər zaman əmin idilər ki, dövlətimizin uğurlu siyasəti nəticəsində münaqişə öz ədalətli həllini tapacaq, öz doğma yurd-yuvalarına qayıdacaq, həmin torpaqlarımızda yeni həyat başlayacaq. Cocuq Mərcanlıya qayıdış  Böyük Qayıdışın astanasında olduğumuza böyük əminlik yaratmışdı. Bu gün bir milyondan artıq soydaşımız bu qayıdışın astanasındadır. Dövlətimizin başçısı İlham Əliyevin bu xoşbəxt günləri yaşayacağımıza əminliyi 44 gündə xarici mətbuata hər bir müsahibəsində özünün aydın ifadəsini tapmışdı. Cənab İlham Əliyev müharibənin başa çatmasından sonra həmin ərazilərdə görüləcək işlərdən,  həyatımızda yeni dövrün başlanacağından və bu  dövrün ölkəmizin xoşbəxt gələcəyini təmin edəcəyindən geniş bəhs edirdi.

Dövlətimizin başçısı İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edərkən  məhz bu uğurlarımıza, 29 illik müstəqillik tariximizin 27 ilində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində əldə edilən uğurlara söykənərək bildirmişdir ki,  qələbəmizin nəticələrindən biri o oldu ki, bu gün artıq 1990-cı illərin əvvəlində müharibəyə nəyin səbəb olması, işğalın nəticələrinin nədən ibarət olması, işğalçıların zəbt etdikləri ərazilərdə nələr törətməsi barədə heç kəsin şübhəsi yoxdur: “Buna görə də həm beynəlxalq hüquq, həm Qarabağın Azərbaycana mənsub olması barədə tarixi həqiqət, həm də bu gün beynəlxalq kütləvi informasiya vasitələrinin, beynəlxalq təşkilatların əyani şəkildə gördükləri bizim haqlı olduğumuzu bir daha sübut edir. Biz 30 il ərzində bunu sübut edirdik və son nəticədə döyüş meydanında işğalçıları müqəddəs torpaqlarımızdan qovaraq silah gücünə bunu sübut etdik.”

  Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yeni həyat başlayıb. 30 ildə dünya Ermənistanın beynəlxalq hüquq normalarına, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinə məhəl qoymamasına göz yumurdusa, bu gün onların işğal etdikləri torpaqlarımızda etdikləri vəhşilikləri, barbarlıqlarını, törətdikləri  mədəni, ekoloji terror aktlarını görməzdən gəlir. 10 noyabr razılaşmasına uyğun olaraq Kəlbəcəri, Ağdamı tərk edərkən törətdikləri  vandallıqlar  da dünyanın gözü qarşısında baş verdi.

Bütün bunlara baxmayaraq, dövlətimizin başçısı İlham Əliyev bütün dağılmış evlərin, mədəni və dini abidələrin bərpa olunacağını bildirir. Bununla yanaşı, hər bir şəhərdə, kənddə bir məhəllənin  əvvəlki dağıdılmış vəziyyətdə qalması ilə bağlı göstəriş verilib. Məqsəd həm dünya ictimaiyyətinin ermənilərin bu vəhşiliyini bir daha görmələri, həm də gələcək nəslin tariximizlə bağlı dolğun məlumata malik olması, Vətən, torpaq  sevgisinin Dağlıq Qarabağ münaqişəsinin həllinə yol açdığını, tariximizi unutmamağı bir daha təbliğ etməkdir. 

Dövlətimizin başçısı İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunan videoformatda keçirilən müşavirədə bir daha bildirmişdir ki,    bütün şəhərlərin, kəndlərin bərpası ilə əlaqədar vahid konsepsiya olmalıdır.  İlk növbədə böyük yaşayış məntəqələri bərpa olunmalıdır. Aidiyyəti qurumlar kəndlərin optimal say tərkibini müəyyən etməlidir. Ərazilərdə infrastruktur, məşğulluq və s. bu kimi məsələlər nəzərə alınmalıdır və s. Azad edilmiş torpaqlarda əsas fəaliyyət sahələri kənd təsərrüfatı, kənd təsərrüfatı emalı və turizm sahələri olmalıdır.  Bərpa işləri, o cümlədən şəhərsalma qaydaları elə aparılmalıdır ki, bərpa olunacaq şəhərlərin dəqiq say tərkibi müəyyən edilsin. Minalardan təmizləmə, şəhərsalma qaydaları, infrastruktur layihələri və tikinti işləri ən müasir standartlara cavab verməlidir. Dövlətimizin başçısı İlham Əliyevin  2020-ci il 24 noyabr tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb. Bütün işlər planlı və kompleks yanaşma əsasında həyata keçirilir.

Dövlətimizin başçısı İlham Əliyevin 19 yanvar 2021-ci il tarixli   «İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında» Fərmanından irəli gələn vəzifələrin uğurlu icrası işğaldan azad edilmiş torpaqlarımızın bərpası işlərinin nəzərdə tutulduğu vaxtda başa çatdırılmasını təmin edəcək. Belə ki, həmin sənəd  işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılması məqsədinə xidmət edir.

İdarəetmə sistemində təkmilləşmə dövlət siyasətinin əsasını təşkil edir. Dövlətimizin başçısı İlham Əliyev bütün çıxışlarında bu məsələyə diqqət yetirərək aparılan təkmil islahatların əsasında məhz dayanıqlı inkişafın təmin edilməsinin dayandığını bildirir. Postmüharibə dövrü üçün nəzərdə tutulan hədəflər bu təkmilləşməni zərurət kimi ortaya qoyur. Böyük Qayıdış proqramının uğurlu icrası nəticəsində tezliklə  soydaşlarımız tarixi torpaqlarımıza qayıdacaq, onların qaçqın və məcburi köçkünlük həyatı tarixə qovuşacaq.

Yeganə Əliyeva, «İki sahil»