20 may 2020 14:37
402

Yaxşılıq heç zaman itmir

Azərbaycan KP MK-nin birinci katibi Heydər Əliyev “Əməkdar inşaatçı”
Məmməd Hüseynova Sosialist Əməyi Qəhrəmanı qızıl ulduzunu təqdim edir. 1980-ci il

Deyirlər, Rəbbimiz hər bir insanın taleyini doğuluşundan müəyyənləşdirir və qismətini öz kəraməti ilə bölüşdürür. Məmməd Hüseynov üçün zəhmət dəyərli bir üzük idisə, halallıq və dürüstlük onun qaşı idi. Respublikada peşəkar inşaatçı kimi tanınmışdı. “Əməkdar inşaatçı”, Sosialist Əməyi Qəhrəmanı fəxri adlarını şərəflə daşıyırdı.

Masallı rayonunun ucqar Xırmandalı kəndindən şəhərə, şəhərdən də dünyaya mərifət nuru salan M.Hüseynov öz ömür sarayını təmənnasız yaxşılıqlarla ucaltmış, xatirələrdə silinməz izlər buraxmışdı. Onun sözün əsl mənasında ucaltdığı yaraşıqlı binalar torpaq üzərində ondan nişanə qalan avtoqrafa bənzəyir: AzTV-nin inzibati binası, A.Şərifzadə adına “Aktyorlar evi”, “Yaşıl teatr”, Parlament binası, C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası, geoloqlar üçün doqquzmərtəbəli yaşayış evi, Respublika Eksperimental Tibb Mərkəzi, Lökbatan, Sahil, Korgöz qəsəbələrində orta məktəb binaları, Gəmi təmiri zavodu, Binəqədi, Suraxanı, Yasamal və Qaradağda onlarla məktəb binaları, körpələr evi, uşaq bağçaları, mədəni-məişət obyektləri onun doğma Azərbaycanımıza əbədi yadigarıdır. “Mənim fikrimcə, M.Hüseynov öz xeyirxah əməlləri ilə hacı adını elə Bakıda - quruculuq işləri görəndə qazanmışdı.” Bu fikir vaxtilə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində çalışmış Süleyman Tatlıyevə məxsusdur. Xalq yazıçısı İmran Qasımov isə deyirdi: “Məmməd hazırca qəhrəmandır, gözümüzün qarşısında durub. Eləcə “əlindən tutub” povest, roman səhifələrinə gətirən lazımdır”.

Məmməd Hüseynov Xalq rəssamı Mikayıl Abdullayevlə qonşuluqda yaşayırdı. “İnsan həyatda müşahidəçi yox, iştirakçı olmalıdır. Məmməd məni ikinci mənada çox düşündürdü... Axır ki, ürəyim güc gəldi. Ürəyim məni fırçaya, kətana sarı çəkdi” deyən rəssam inşaat meydançasında bu zəhmətkeş insanın portretini yaratmışdı. Professor Zeydulla Ağayev M.Hüseynovu Allahın seçdiyi adam adlandırırdı: “Əhvalının necə olmasına baxmayaraq, hamını xoş dillə dindirirdi, qabağa düşüb neçə-neçə qapı açırdı... Mən onun bir sözünü irili-xırdalı məclislərdə tez-tez təkrar edirəm: O deyərdi ki, mən də başqaları kimi adi adamam. Lakin qurban olduğum Allah mənə uzun əl verib. Ona görə verib ki, başqalarına əl tutam. Geniş imkanları olan, lakin bədəbəddə doğma qardaşını da saya salmayan harınlar üçün çox böyük ibrət olası sözlərdir.”

Mərhum yazıçı-publisist Hacı Ağəddin Mənsurzadənin qələmə aldığı xatirədən bir fraqment: “M.Hüseynov Bakıda neçə-neçə kimsəsizin, imkansızın, arxasızın güvənc yeri, ümid, arxasıydı... Onun-bunun qayğısına qalıb həmişə, əlsiz-ayaqsızlara əl utub, əvəzində bir “çox sağ ol”, “Allah balanı saxlasın!” qazanıb. Elə bu mükafatlar da onun bəsi olub... Biz onunla mərhum Nəsir İmanquliyevin sayəsində tanış olmuşduq. Nəsir müəllim çox istəyirdi ki, Məmməd Hüseynov haqqında o vaxt - 1984 -cü ildə kitab yazılsın...”

Bu gün onların üçü də haqq dünyasındadır. Biri müəllimim, biri həmkəndlim, biri də qələm yoldaşım olub. Sonsuz hörmət və ehtiramla onların ruhu qarşısında baş əyirəm. Sevinirəm ki, onların arzuladığı kitabı araya-ərsəyə gətirmişəm. Kitaba M. Hüseynovun şərəfli ömür yolundan bəhs edən “Halal adam” sənədli povesti ilə yanaşı, onun Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevlə görüşləri, portret cizgiləri, haqqında görkəmli adamların xatirələri daxil edilib. Həmin xatirələrin biri hazırda Azərbaycan Respublikasının Polşada fövqəladə və səlahiyyətli səfiri, dövlət xadimi, tarix elmləri doktoru Həsən Həsənov tərəfindən belə qələmə alınmışdır: “Mən Gəncədə Şəhər Partiya Komitəsinin birinci katibi olanda bir dəfə MK-dan zəng vurub, Məmməd Hüseynovun Gəncədə olduğunu və Heydər Əliyevin onu axtardığını bildirdilər... O vaxt Məmmədin bir inşaatçı dostu vardı - İlyas Bərxudar oğlu Quliyev. Gəncə Şəhər Sovetinin sədri seçilmişdi. Ona zəng etdim... Dedi, Həsən müəllim, elə indi kabinetimin qapısı açıldı, Məmməd içəri girdi... Bir neçə dəqiqədən sonra Məmməd gəldi... O mənim kabinetimdən Heydər Əliyevlə danışdı. Məlum oldu ki, respublika rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti qonşu respublikaya yola düşməyə hazırlaşır. Nümayəndə heyətinin tərkibində olan Sosialist Əməyi Qəhrəmanı Məmməd Hüseynovu Bakıda axtarıblar, sorağını Gəncədən alıblar. Hiss etdim ki, Heydər Əliyev səfərqabağı onu görmək istəyir. Ona görə də Məmməd təcili Bakıya qayıtdı.”

Həmin nümayəndə heyətində görkəmli oftalmoloq- alim, akademik Zərifə xanım Əliyeva, akademik Cəmil Quliyev, Azərbaycan KP Lənkəran Şəhər Komitəsinin birinci katibi İsa Məmmədov da təmsil olunmuşdu. Qonşu respublikaya səfər zamanı Heydər Əliyev xəbər tutur ki, Məmməd Hüseynovun oğlu burada hərbi xidmətdədir. Və öz qol saatını əsgərə hədiyyə etmək üçün Məmməd Hüseynova verir.

Məmməd Hüseynovun atası Mir Səmid ağa Masallıya Cənubi Azərbaycandan gəlmişdi. Repressiya illərində çox ruhanilərə arxa-dayaq olub, Şeyx Rəhmət, Molla Əli, Şeyx Əsədulla kimi məşhur axundları təqiblərdən qorumuşdu... Şeyx Rəhmət axundun tələbəsi, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin cənub bölgəsi üzrə qazisi axund Hacı Mir Qiyas Hüseynli deyir ki, mən Məmməd Hüseynovla Həcc səfərində olmuşam. Rəhmətə gedən gün Şeyxülislam Hacı Allahşükür Paşazadə məni Bakıya konfransa dəvət eləmişdi. Telefonla bildirdim ki, gələ bilməyəcəyəm. Səbəbini öyrənəndə, dedi ki, Allah rəhmət eləsin, Məmməd Hüseynovu çox yaxşı tanıyırdım, harada bir məscid tikdirsəydim, mənə köməyi dəyərdi.

Onunla 70 il duz-çörək kəsmiş Qulam Əhmədov deyərdi ki, xeyirxahlığın bir adı da Hacı Məmməddir. Allah-Təala onu bu dünyaya yaxşılıq eləmək üçün göndərmişdi. Atası Mir Səmid ağa da böyük səxavət sahibi idi. Məmməd gənc yaşlarından çiyinlərində ağsaqqallıq yükünü daşıyırdı. Həmişə deyərdi ki, “kişinin gərək düşməni də olsun ki, ayıq-sayıqlığını əldən verməsin!” Bəli, kişilər getsə də, bu dünyada kişilik qalır, insan ölsə də, insanlıq qalır. M.Hüseynovun ömür yolu böyük bir sənədli romanın, kino əsərinin mövzusudur. Qarabağ münaqişəsi başlayanda o bir ictimai xadim kimi millətimizin üzləşdiyi çətinlikləri ürək ağrısıyla yaşadı. 28 iyun 1988-ci il tarixli “Veçernaya Moskva” qəzetində XIX Ümumittifaq Partiya konfransının nümayəndəsi kimi çıxış edib, “Emosiyalar pis məsləhətçidir”, - deyə Dağlıq Qarabağda baş verən oyuncaq tətillərə etirazını bildirmişdi.

Hacı Mir Məmməd Hüseynov mənalı, həm də unudulmaz bir ömür yaşayıb. Mərhum şair - publisist Səyavuş Sərxanlı “Ulduz” jurnalının 1976-cı il 6-cı sayında onun haqqında dərc etdirdiyi “Yaxşılıq poeması”nı bu sözlərlə bitirir: “Yaxşılıq heç zaman itmir, ölmür. O əks-səda kimidir, mütləq sahibinə qayıdır...”

Nurəddin Muğanlı, “İki sahil”