17 iyul 2019 16:49
1225

“Yay məktəbi”nin iştirakçıları Lerikdə - FOTO

Yeni Azərbaycan Partiyasının (YAP) təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci turu çərçivəsində gənclərinin iyul ayının 17-də Lerik rayonu ilə tanışlığı olub.

Rayon mərkəzində Şəhidlər Kompleksini ziyarət edən gənclərə məlumat verilib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Lerik rayonu 140 şəhid verib. Onların 5-i şücaətlərinə görə Milli Qəhrəman adına layiq görülüblər. Azərbaycanın ilk Milli Qəhrəmanları sırasında da leriklilərin adı var. Rayonda hazırda 80 nəfər Qarabağ əlili yaşayır.

Sonra ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edən gənclər Ulu Öndərin əziz xatirəsini ehtiramla anaraq, abidəsi önünə gül-çiçək düzüblər.

Gənclərin dünyada analoqu olmayan Uzunömürlülər muzeyi ilə tanışlığı isə böyük marağa səbəb olub. Gənclərə məlumat verilib ki, muzey 1991-ci ildən fəaliyyət göstərir. Dünyada yeganə olan bu mədəniyyət ocağının binası müasir memarlıq elementlərindən istifadə edilməklə 2010-cu ildə inşa olunub. Həmin il iyunun 25-də isə Prezident İlham Əliyevin iştirakı ilə muzeyin yeni binasının açılışı olub.

Bildirilib ki, rayonda vaxtilə 500 nəfərdən çox uzunömürlü yaşayıb. Hazırda iki salondan ibarət muzeydə yaşı yüzdən yuxarı olan 50-dən çox lerikli haqqında 2 mindən çox eksponat, o cümlədən maraqlı məlumatlar, fotoşəkillər yer alıb. Buradakı 40-dək fotoşəkilin müəllifi olan fransız fotoqrafı Fredrik Laşop həmin əsərləri Parisdə təşkil olunmuş “Uzunömürlülər diyarına səyahət” sərgisində nümayiş etdirib. Daha sonra bu fotolar Fransanın ölkəmizdəki səfirliyi tərəfindən Lerikə gətirilərək Uzunömürlülər muzeyinə hədiyyə olunub.

Vurğulanıb ki, Uzunömürlülər muzeyində yaşlı insanların şəkilləri asılmaqla, həm də onlara məxsus olan etnoqrafik materiallar, yaşadıqları dövrə aid tarixi əşyalar, kənd təsərrüfatında işlətdiyi alətlər, əl işləri də nümayiş etdirilir.

Daha sonra gənclər Bayraq Muzeyi ilə tanış olublar.

Onlara məlumat verilib ki, Bayraq Muzeyi və hündürlüyü 36 metr olan bayraq dirəyinin yerləşdiyi Dövlət Bayrağı Kompleksi Lerik şəhərinin mərkəzində, ümummilli lider Heydər Əliyevin adını daşıyan meydanın ərazisində yerləşir. Bayraq Muzeyinin Prezident İlham Əliyevin iştirakı ilə 2018-ci ilin oktyabr ayının 15-də açılışı olub.

Bildirilib ki, muzeyin ümumi sahəsi 1200 kvadratmetr olan binası sərgi zalından, inzibati və yardımçı otaqlardan ibarətdir. Muzeyin sərgi zalında Azərbaycanın xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsrlərdə xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş gerblər, bayraqlar, Azərbaycanın konstitusiyaları, Silahlı Qüvvələrimizin müxtəlif qoşun birləşmələrinin geyim formaları, poçt markaları, orden və medallar nümayiş olunur.

Bayraq Muzeyi ilə tanışlıqdan sonra gənclər Heydər Əliyev Mərkəzində olublar.

Mərkəzlə tanış olan gənclərə məlumat verilib ki, Mərkəz 25 iyun 2010-cu il tarixində Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Ümumi sahəsi 420 kvadratmetr olan Mərkəzin 360 kvadratmetrində ekspozisiya zalı yerləşir ki, bu zaldan həm də konfrans salonu kimi istifadə olunur. Binanın 25 kvadratmetrində kitabxana fəaliyyət göstərir, 35 kvadratmetrində isə inzibati və yardımçı otaqlar yerləşir. Mərkəzin ekspozisiya zalında ümummilli liderimiz Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən 138 fotoşəkil, 49 sənəd və 1 büst  nümayiş etdirilir. Ekspozisiya zalının bir bölməsi Prezident İlham Əliyevin Lerikə tarixi səfərləri barədə məlumat verir.

Gənclər daha sonra Lerik Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olublar. Gənclərə Muzeyin tarixi və burada saxlanılan eksponatlar barədə məlumat verilib. Bildirilib ki, Lerik Azərbaycanın qədim tarixə malik bölgələrindəndir. Tarix-diyarşünaslıq muzeyinin binası ümummilli liderimiz Heydər Əliyevin göstərişi ilə ötən əsrin 80-ci illərində tikilib. 5 bölmədən ibarət muzeydə 4 min eksponat nümayiş etdirilir. Onların arasında eramızdan əvvəl XIV-XII əsrlərə aid tunc xəncərlər, ox ucluqları, amuletlər və s. Maddi-mədəniyyət nümunələri var. Muzeydə müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, ümummilli lider Heydər Əliyevə həsr olunmuş xüsusi bölmə yaradılıb. Vətən uğrunda döyüşlərdə həlak olmuş lerikli şəhidlərə - beş Milli Qəhrəmana həsr olunmuş guşələr də var.

Gənclər muzeylə yaxından tanış olublar, burada saxlanılan eksponatların rayonun qədim tarixini əks etdirən nümunələr kimi qiymətli olduğunu vurğulayıblar.

Rayonla tanışlığı başa vuran gənclər günün ikinci yarısında “Yaradıcı gənclərin inkişafına dövlət dəstəyi” mövzusunda təlimdə iştirak ediblər.

Çıxış edən YAP Gənclər Birliyi Ofisinin koordinatoru Elmar Məmmədov təlimin mövzusu və faydalarından bəhs edib.

Sonra təlimin moderatoru, YAP Binəqədi rayon təşkilatının baş təlimatçısı Kubra Əliyarlı yaradıcı gənclərə göstərilən dövlət qayğısından danışıb.

Sonda gənclərin sualları cavablandırılıb.

Tanışlıq və təlimlərdən sonra gənclər arasında müxtəlif idman yarışları, yaradıcı müsabiqələr keçirilib.

Günə interaktiv, intellektual, praktik oyunlarla yekun vurulub.

Qeyd edək ki, "Yay məktəbi"nin hər bir günü gənclərin həyatında müxtəlifliyi ilə diqqət çəkir. Gənclər həmin gün çərçivəsində təşkil olunan seminarlar, diskussiyalar zamanı öz biliklərini artırır, bir-birləri ilə ünsiyyət əsasında həm dostluq əlaqələrinin qurulmasına, həm də biliklərinin mübadiləsinə nail olurlar. Gənclər üçün həm təcrübə, həm də biliklərin mübadiləsinə yardımçı olan "Yay məktəbi" davam edir.

Orxan Vahidoğlu, “İki sahil”