07 avqust 2019 15:05
213

Yəmən ordusu 20 nəfər Hutsi qiyamçısını öldürüb

Yəmən ordusunun məlumatına görə, ölkənin cənubunda Hutsi qiyamçıları ilə gedən döyüşlərdə bu silahlı qruplaşmanın 20 üzvü öldürülüb. Silahlı Qüvvələrin rəsmi internet saytında yerləşdirilən bəyanatda bildirilir ki, döyüşlər Dhale əyalətinin Maris rayonu ətrafında gedir. Qiyamçılar burada öz mövqelərini möhkəmlətməyə çalışırlar.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, qiyamçıları geri çəkilməyə məcbur edən ordu qüvvələri onlardan 20-sini öldürüb, daha 30 silahlı isə yaralanıb. Hutsi silahlı qruplaşması hələ ordunun məlumatını təsdiq etməyib.

Yəməndə silahlı dini təriqət zəminində silahlı münaqişə 2014-cü ildə başlayıb. Həmin vaxt Hutsi silahlı qruplaşması paytaxt Sənə də daxil olmaqla ölkənin böyük bir hissəsini ələ keçirib. Münaqişə Səudiyyə Ərəbistanının sünni-ərəb alyansı yaratması ilə daha da şiddətlənib. BMT-nin hesabatına görə, alyansın müdafiə etdiyi hökumət qüvvələri ilə qiyamçılar arasında 2016-cı ildən bəri davam edən döyüşlərdə 70 mindən çox adam ölüb.