08 oktyabr 2019 18:42
115

Yeni Baş Nazir Prezidentin qoyduğu vəzifələrin icrasına nail olacaq

YAP rəsmisi: Yeni Baş Nazir islahatlar aparılması, çeviklik mexanizminin yaradılması ilə Prezidentin qoyduğu vəzifələrin icrasına nail olacaq

Hesab edirəm ki, yeni Baş Nazir Əli Əsədov istər hökumətin, istərsə də Nazirlər Kabinetinin tərkibində islahatların aparılması, çeviklik mexanizminin yaradılması ilə Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə nail olacaq.

Bunu Trend-ə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

S.Novruzov xatırladıb ki, yeni təyin olunan Baş Nazir Azərbaycanın iqtisadiyyat sektorunda uzun müddət çalışıb: “O, Milli Məclisin deputatı olub, 1993-cü ildən Yeni Azərbaycan Partiyası sıralarındadır, həyata keçirilən iqtisadi layihələrdə kifayət qədər yaxından iştirak edib. Ə.Əsədov Azərbaycanın inkişafı, o cümlədən, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən proqramların yerinə yetirilməsində iştirakçı olub. Yeni Baş Nazir Azərbaycan iqtisadiyyatını, qanunvericiliyi, iqtisadi siyasəti, eyni zamanda, Azərbaycan Prezidentinin tələblərini gözəl bilir”.

Deputat qeyd edib ki, ölkə rəhbərliyi tərəfindən Azərbaycanda sosial-iqtisadi sahədə müxtəlif islahatlar aparılır, böyük sosial layihələr icra edilir. Yeni məktəblər, qaçqın və məcburi köçkünlər, Qarabağ əlilləri, şəhid ailələri üçün evlər tikilir, onların həyat şəraitləri yaxşılaşdırılır, qəzalı evlərin bərpası, şəhərimizdə parkların salınması işləri aparılır:

“Yeni təyin olunan Baş Nazir indiyə qədər bütün bu sahələrdə fəaliyyət göstərib. O, bu işləri uğurla aparan bir şəxsdir. Onun kənd təsərrüfatında, iqtisadi sektorda həyata keçirilən islahatlarda mühüm payı var. Ümid edirəm ki, yeni Baş Nazir bundan sonra aparılan islahatlara daha çox töhfə verə biləcək”.

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün Novruz Məmmədovun Azərbaycanın Baş Naziri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Əli Əsədov Azərbaycan Respublikasının Baş Naziri təyin edilib.