15 mart 2019 10:35
1102

Yeni dostlar əldə edərək yeni körpülər qurmuşuq

VII Qlobal Bakı Forumu bir daha Azərbaycanın xarici siyasət uğurlarının təqdimatı olacaq

Dövlətimizin başçısı İlham Əliyevin bu fikirlərini bir daha xatırlatmaq istərdik: “Bu gün inkişafda olan ölkəmiz göstərir ki, düşünülmüş siyasət, cəmiyyətdə müsbət meyillər güclü olanda böyük uğurlara imza atmaq mümkündür.” Eyni zamanda, bu reallıq da qeyd edilir ki,  Avropa ilə Asiya arasında, qədim İpək Yolu üzərində yerləşən Azərbaycan sivilizasiyalararası dialoqun daha da güclü olmasına səy göstərir. Ölkəmizin  beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunması da deyilənlərin təsdiqidir.

Məlum olduğu kimi, martın 14-dən öz işinə başlayan  və  üç gün davam edəcək VII Qlobal Bakı Forumunda  50 ölkədən 500-dən artıq nümayəndənin iştirakı bir daha ölkəmizə olan diqqət və marağı nümayiş etdirir. Təbii ki, hər bir tədbir öz mahiyyəti, müzakirə üçün seçilən mövzu baxımından xüsusi diqqət çəkir, əhəmiyyəti geniş təhlili olunur.  “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən  VII Qlobal Bakı Forumunda “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, “Davamlı inkişaf  çağırışları”, “Təhlükəsizlik naminə Orta Şərq əməkdaşlığı”, “Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” və digər mövzularda panel iclasları olacaq. Mövzulara diqqət yetirdikdə müasir dövrün çağırışları özünü qabarıq şəkildə büruzə verir.

Hər bir tədbir, eyni zamanda, ona ev sahibliyi edən ölkənin malik olduğu imkanların, həqiqətlərinin təqdimatında da xüsusi rol oynayır. Müzakirə olunacaq məsələlər sırasında  multikulturalizmin, dinlərarası dialoqun və qarşılıqlı inteqrasiyanın xüsusi yer tutması Azərbaycanın bu sahədə əldə etdiyi təcrübəyə bir daha baxış olmaqla, belə bir reallığı bir daha təsdiqləyəcək ki, Azərbaycanın inkişaf modeli dünyanın diqqətindədir və öyrənilməsinə xüsusi önəm verilir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan bu gün  aktual qlobal məsələlərin müzakirə olunduğu bir məkana çevrilib, beynəlxalq münasibətlər sistemində ölkəmizin yeri və rolu günbəgün artır. Təsadüfi deyil ki, ilk  Avropa Oyunları, Formula-1 yarışları,  IV İslam Həmrəyliyi Oyunları, Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə Toplantısı, Qlobal Bakı Forumu və digər tədbirlər məhz Azərbaycanda keçirilir. Məhz bütün bunların nəticəsi idi ki,  BMT-nin Sivilizasiyalar Alyansı özünün 7-ci Qlobal Forumunu 2016-cı ildə Bakıda keçirdi.  Ölkə Prezidentinin  vurğuladığı kimi, dünyanın müxtəlif yerlərində  narahatlıq doğuran ədalətsizliyin  daha da artdığı müasir dövrümüzdə multikulturalizm ənənələrinin gücləndirilməsi xüsusilə əhəmiyyətlidir. Azərbaycanda tolerantlıq kimi  multikulturalizm  ideyalarına sadiqlik hər zaman güclü olub. İnsanları yaxınlaşdıran, xalqları  sülh, sabitlik, insanları mehribanlıq, qarşılıqlı hörmət naminə birləşdirən, dinlərə qarşı süni yaradılan fobiyalara qarşı mübarizədə  istifadə olunan multikulturalizmin təbliği daha vacib və aktualdır.

VII Qlobal Bakı Forumunda da  cənab İlham Əliyev  Azərbaycanın multikulturalizmin mərkəzlərindən hesab olunmasının tarixçəsi olduğunu qeyd etmişdir: “Azərbaycan tarixən elə bir məkan olub ki, burada müxtəlif dinlərin və millətlərin nümayəndələri bir yerdə bir ailə kimi yaşamışlar.”  O da bildirilmişdir ki,  Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu tendensiya davam etdi və bu ideyalar qlobal müstəvidə  təşviq olundu: “Ona görə biz bu istiqamətdə bir sıra mühüm beynəlxalq tədbirlər, konfranslar təşkil etdik. Bu tədbirlərdə əsas müzakirə mövzusu multikulturalizmin gücləndirilməsi olub. Çünki biz bu gün görürük ki, bu mövzu ilə bağlı müxtəlif baxışlar var. Bu gün Azərbaycan onu nümayiş etdirir ki, dünya yalnız multikulturalizmin təşviqi ilə irəli gedə bilər, gərginlik azala və qarşılıqlı anlaşma gücləndirilə bilər. Biz bunun nümunəsiyik.”

Daim çıxışlarında dünyada daha da dərinləşən iqtisadi, hərbi böhranın, münaqişələrin yaratdığı çətinlikləri vaxtilə Azərbaycanın da yaşadığını  diqqətə çatdıran dövlətimizin başçısı İlham Əliyev  bildirir ki, yaranan çıxılmaz vəziyyətdən ayrı-ayrı dövlətlər kimi dinc sakinlər də  əziyyət çəkirlər. “Əlbəttə, bu insanların aqibəti bizi narahat edir. Çünki biz də vaxtilə çox böyük humanitar fəlakətlə üz-üzə qalmışdıq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan çox Azərbaycan vətəndaşı qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Biz yaxşı bilirik ki, bu, nə deməkdir. O vaxt Azərbaycan bu humanitar fəlakətlə təkbaşına üz-üzə qalmışdı” söyləyən ölkə Prezidenti İlham Əliyev bildirir ki,  bu gün Avropa dövlətlərinin miqrant problemi adlandırdığı çətinlikləri ən yüksək köçkün, qaçqın  problemini yaşayan ölkəmiz daxili resurslarına əsaslanaraq, heç bir ölkədən  yardım almadan aradan qaldıra  bildi. Çünki ölkəmizdə dinindən, milliyyətindən asılı olmayaraq bütün insanlar ölkədə sabitliyin qorunması, iqtisadi inkişafın yüksəlməsi naminə bir araya gələrək eyni məqsəd naminə çalışdılar.

VII Qlobal Bakı Forumunda mövzuya uyğun olaraq  Azərbaycanın xarici siyasətindən geniş bəhs edən  dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, bu, proqnozlaşdırıla bilən, müstəqil və milli maraqlara əsaslanan, tərəfdaşlıq, qarşılıqlı əməkdaşlıq, regionda sabitliyə yönələn siyasətdir. “Biz ənənəvi tərəfdaşlarla münasibətlərimizi daha da möhkəmləndirmişik, eyni zamanda, yeni dostlar əldə edərək yeni körpülər qurmuşuq” söyləyən Prezident İlham Əliyev Azərbaycanın qarşılıqlı hörmətə əsaslanan səmərəli əməkdaşlıq mühiti yarada bildiyini, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət və sərmayə qoyuluşu sahələrində əməkdaşlıq qurduğunu diqqətə çatdırdı.

Cənab İlham Əliyevin əsas diqqət göstərdiyi məsələlərdən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi oldu. “Bu işğal beynəlxalq təşkilatların beynəlxalq hüquqa əsaslanan qətnamələrinin pozulması deməkdir və status-kvo qəbuledilməzdir, onun dəyişdirilməsi üçün isə Ermənistan Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalıdır” söyləyən ölkə Prezidenti işğalçı  Ermənistanın  bu gün danışıqlar formatını dəyişdirməyə cəhd göstərdiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı: “ Bu isə qəbuledilməzdir. Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri də bunu bəyan edirlər.”

Ölkə Prezident İlham Əliyev çıxışında ölkəmizin beynəlxalq təhlükəsizliyə töhfələrindən də bəhs etdi. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələri dövlətlər, xalqlar arasında körpü rolunu möhkəmləndirməklə yanaşı regional əməkdaşlığın genişlənməsinə stimul verir. İqtisadi tərəqqini hər bir inkişafın əsası kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandıraraq iqtisadi möcüzələr ölkəsinə çevirib. Bu gün regional iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilən Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatında aparıcı rola malikdir. Görülən işlərin zirvəsi kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi  bu gün  bütün dünya birliyi üçün böyük önəm daşıyır. Azərbaycanın təşəbbüsü ilə reallaşan və 2017-ci ildə istifadəyə verilən   Bakı-Tbilisi-Qars dəmir yolu siyasi, iqtisadi və regional əhəmiyyətinə görə enerji layihələrindən heç  də geri qalmır. Tarixi İpək Yolunun bərpası kimi  böyük önəm verilən, Çindən başlanan yol Xəzər regionunun əsas strateji əhəmiyyətli şəhərləri sayılan Bakı və Tbilisidən keçməklə İstanbula  istiqamətlənir,  Londonu,  bütün Avropa  ölkələrini birləşdirir.

Əvvəldə də qeyd olunduğu kimi, iqtisadi imkanlarını günbəgün artıran Azərbaycan beynəlxalq münasibətlər sistemində  yerini və rolunu daha da  möhkəmləndirir. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında daim vurğuladığı kimi, əgər əvvəlki illərdə  Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün  müxtəlif ölkələrə səfərlər edilirdisə, bu gün artıq  ölkəmiz hər həftə, hər gün ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərlə bu məqsədə yüksək səviyyədə nail olur. Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün əsas məkan seçilməsi ölkəmizə inamın güclənməsi, dünya miqyasında artan nüfuzunun ifadəsidir. Ölkəmizə bu inam bir daha təsdiqləyir ki,  Avropa ilə Asiyanın qovuşuğunda yerləşən, strateji əhəmiyyəti ilə seçilən ölkəmizdə  əsasən iki güclü  qüvvə qoşa qanad kimi inkişaf edir: Şərq təməli və  Qərbə inteqrasiya.  Son illərdə Azərbaycanın dünya birliyində mövqeyinin güclənməsi sivilizasiyaları birləşdirən dəyərlərə sadiqlikdən bəhrələnir.   Bütün dünyanı  düşündürən problemlərin  müzakirəsi üçün Azərbaycanın etibarlı ünvan kimi seçilməsi  ölkəmizdə mövcud olan sabitliyə verilən dəyər, davamlı inkişafımıza nikbin  baxışlardır.  Ulu öndər Heydər Əliyevin “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir” fikirləri Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın tolerant ölkə imicini yüksək səviyyədə qorumasına bələdçilik etməklə yanaşı, bu gerçəkliyi də ortaya qoyur ki, ölkəmizdə dilindən, irqindən asılı olmayaraq  bütün vətəndaşlar eyni hüquqlara malikdir və bu hüquqlar  müvafiq qanunlar əsasında qorunur.

Bu gün  Azərbaycanın multikulturalizm, tolerantlıq təcrübəsi digər ölkələrə nümunə göstərilirsə və öyrənilməsinin vacibliyi qeyd olunursa, bu dövlətimizin uğurlu siyasətinin göstəricisidir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi Azərbaycanın multikultural dəyərlərin inkişafına davamlı töhfələrinin göstəricisidir.  Ölkəmizin ev sahibliyi etdiyi tədbirlər bu kimi məqamların  təhlilini bir zərurətə çevirir, birgə səylərin qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə yol açdığını təsdiqləyir.  Düşünürük ki, VII Bakı Qlobal Forumu bu günümüzün aktual problemlərinin müzakirəsi və vahid mövqenin ortaya qoyulmasına öz müsbət təsirini göstərəcək. 

Yeganə Əliyeva, “İki sahil”