01 iyul 2019 10:32
1133

Yeni dostlar, yeni körpülər...

Ötən il Cənubi Qafqaz bölgəsinə səfərini Azərbaycanla yekunlaşdıran Almaniya Kansleri Angela Merkel  “Azərbaycan ənənələri olan ölkədir” fikrini sadəcə bir fikir olaraq qeyd etməmişdir. Səfərinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin təntənəli şəkildə  qeyd olunduğu bir vaxta təsadüf etdiyini önə çəkən Almaniya Kansleri  Azərbaycanın zəngin tarixə, milli mənəvi dəyərlərə malik olduğunu,  dünya sivilizasiyasına davamlı töhfələr verdiyini xüsusi vurğulayaraq təqdir etmişdir. Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədində də bu məqamlar öz əksini tapıb. Ən əsası Azərbaycanın tolerant ölkə olduğu, multikultural dəyərlərin inkişafı istiqamətində atdığı biri-birindən əhəmiyyətli addımlar təqdir olunur.

UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının ölkəmizdə keçirilməsi ilə bağlı qərarın qəbul olunmasında da bu uğurlarımızın rolu inkaredilməzdir.  Müxtəlif  mədəniyyətlərin, dinlərin qovşağında yerləşən Azərbaycanda bütün xalqların nümayəndələri sülh, əmin-amanlıq şəraitində yaşayırlar. Cari ilin martında   ölkəmizin ev sahibliyi etdiyi VII Qlobal Bakı Forumunda da dövlətimizin başçısı İlham Əliyev  bu mühüm məqama xüsusi diqqət yönəltmişdir: “Biz fəxr edirik ki, müstəqilliyimiz bərpa olunandan sonra bu meyil gücləndi. Biz bu ideyaları qlobal arenada təbliğ etməyə çalışırıq. Ona görə də biz çoxsaylı tədbirlər, beynəlxalq konfranslar, mədəniyyətlərarası dialoq forumu, dünya dini liderlərinin forumu, BMT Sivilizasiyalar Alyansının forumu, Bakı Humanitar Forumu və bir çox başqa beynəlxalq tədbirlər təşkil edərək, xüsusilə fərqli fikirlər gördüyümüz zaman əsas diqqəti multikulturalizmlə bağlı məsələlərə yönəldirik. Düşünürəm ki, Azərbaycanın nümunəsi açıq şəkildə nümayiş etdirir ki, multikulturalizm dünyanı inkişaf etdirməyin, gərginlikləri azaltmağın, əməkdaşlığı və qarşılıqlı anlaşmanı gücləndirməyin yeganə yoludur.” Bu Forum bu baxımdan da diqqət çəkdi ki, dünyanın yeni xarici siyasəti Azərbaycanda müzakirə olundu. 55 ölkədən 500-dən artıq nümayəndənin qatıldığı bu tədbirdə ölkəmizin xarici siyasət uğurları təqdir olundu.

Qeyd etdiyimiz kimi, Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərin hər biri ölkəmizin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rola malikdir. Ölkəmizin 2012-ci ildə “Evrovision” mahnı yarışmasına, 2015-ci ildə ilk Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi də dünyaya Azərbaycandan ünvanlanan dostluq, əməkdaşlıq, birlik, həmrəylik, ən əsası sülh mesajı idi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı ilə keçirilən bu tədbirlər, eyni zamanda, Azərbaycanın milli mənəvi dəyərlərinin, tarixinin təqdimatına böyük töhfə oldular. Mehriban xanım Əliyevanın ilk Avropa Oyunlarının açılış mərasimində söylədiyi bu fikirləri xatırlatmaq istərdik: “Avropa Oyunlarının məşəli müqəddəs Atəşgah məbədində alovlandırıldı və yol boyunca hər bir azərbaycanlının qəlbini iftixar hissi ilə döyündürərək ölkəmizi dolaşdı.

Məşəl bayram, ruhlandırma və birlik mesajını daşıdı. Məhz alovlanan ruh hamımızı bir araya gətirir.”

Azərbaycan xalqı daim  milli kökünə, tarixinə, mədəniyyətinə bağlılığını  nümayiş etdirmiş, onların təbliği istiqamətində davamlı addımları ilə beynəlxalq aləmdə qazandığı nüfuzu daha da möhkəmləndirmişdir. Bu fakt inkaredilməzdir ki, uzun illər başqa ölkələrin tərkibində yaşamağımıza baxmayaraq,  milli xüsusiyyətlərimizi, mənliyimizi qorumuşuq. Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, milli dəyərlərimiz ümumbəşəri  dəyərlər əsasında qurulub: “Hesab edirəm ki, qloballaşan dünyada xüsusilə gənc nəsil üçün milli mənəvi dəyərlər xüsusi rol oynayır və oynamalıdır. Hər halda biz Azərbaycanda buna böyük əhəmiyyət veririk və onu da qeyd etməliyəm ki, başqa mədəniyyətə, dinə, tarixə olan hörmət öz mədəniyyətinə, tarixinə, öz dininə olan hörmətdən başlamalıdır. Eyni zamanda, Vətənə bağlı olmayan, vətənpərvərlik hisslərindən kənar olan insanlar başqa mədəniyyətlərin nümayəndələrini də lazımi səviyyədə qəbul edə bilməzlər. Onlar, eyni zamanda, bəzi hallarda başqa mədəniyyətlərə qarşı olan, hörmətsizliyi də, əslində öz mədəniyyətinə olan hörmətsizlik əsasında qururlar. Ona görə də qloballaşan dünyada bu məsələlərə xüsusi diqqət göstərilməlidir.”

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiqlənən Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının keçirilməsinə dair Tədbirlər Planı  kompleks tədbirlərin həyata keçirilməsini təmin etməklə yanaşı, bütün dövrlər üçün aktuallığını qoruyan milli mənəvi dəyərlərimizə hörmət prinsipinin həyata keçirilən siyasətin əsasında dayandığını bir daha  nümayiş etdirdi.  İyunun 30-dan  öz işinə başlayacaq  tədbir  10 iyul tarixinədək davam edəcək. Ayrı-ayrı sessiyalar çərçivəsində bu və ya digər mövzular müzakirə olunacaq, ümumi fikir mübadiləsi əsasında vahid yanaşma nümayiş etdiriləcək.   

UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi  Azərbaycan-UNESCO əlaqələrinin bugünkü inkişaf səviyyəsinə də işıq salır. Bu əlaqələrin  inkişafında   Heydər Əliyev Fondunun xidmətləri əvəzsizdir. Dövlətimizin başçısı İlham Əliyev  mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə bu mühüm məqamı qeyd etmişdir: “Muğam sənətinin həm ölkə daxilində, həm də xaricdə inkişafında Heydər Əliyev Fondunun, Mehriban xanımın rolunu xüsusilə qeyd etmək istəyirəm. Azərbaycan muğamının UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınması tarixi nailiyyətdir. Biz, eyni zamanda, beynəlxalq muğam müsabiqələri, festivalları keçirmişik. Bu sənət bir neçə ölkədə yaşayır, ancaq Azərbaycan muğamının UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi kimi qəbul edilməsi əlbəttə ki, böyük nailiyyətdir. Onu da bildirməliyəm ki, UNESCO-nun müxtəlif siyahılarına Azərbaycan xalqının 13 qeyri-maddi mədəni irs nümunəsi salınıbdır.” Cənab İlham Əliyev bu vacib məsələni də qeyd etmişir ki, ümumiyyətlə, mədəniyyətimizin gələcək inkişafı, cəmiyyətdə mövcud olan ovqat, gənc nəslin tərbiyə olunması, bütün bu məsələlər bir-biri ilə bağlıdır: “Ölkə iqtisadi cəhətdən inkişaf edə bilər, siyasi cəhətdən də beynəlxalq mövqeləri güclü ola bilər, ancaq əgər biz xalqımızın əsas, təməl prinsiplərini diqqətdən kənarda qoysaq, onda ölkəmizin uğurlu inkişafı dayanıqlı ola bilməz.”

Bir sözlə, müxtəlif mədəniyyətlərin, dinlərin qovuşuğunda yerləşən Azərbaycan bütün sahələri əhatə edən tədbirlərə ev sahibliyi ilə bir daha təsdiqləyir ki, hər istiqamətdə təcrübəsi nümunədir. Bu nümunəviliyə əsas verən düzgün qurulan siyasət, gələcəyə hesablanmış inkişaf konsepsiyamızdır. Azərbaycan  ənənələri olan ölkə kimi dünya birliyinin fəal üzvünə çevrilib, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında  əlaqələrini genişləndirməklə sözünün imzası qədər önəmi olduğunu bir daha beynəlxalq aləmə təqdim edir. Dövlətimizin başçısı İlham Əliyevin VII Qlobal Bakı Forumunda söylədiyi kimi,  əlaqələrimizi gücləndirməyə, yeni dostlar qazanmağa, yeni körpülər tikməyə müvəffəq olmuşuq.  UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ölkəmizin bu təqdimatına yeni əlavələr etməklə dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirəcək.

Yeganə Əliyeva, “İki sahil”