04 fevral 2019 10:52
703

Yeni hədəflər, güclü iradə, lider qətiyyəti

Dövlət başçısı kimi fəaliyyətə başladığı ilk günlərdən  Azərbaycanın hərtərəfli inkişafı üçün regional proqramların qəbulunu qarşıya qoyulan hədəflərə nail olmağın əsas istiqaməti kimi  müəyyənləşdirən Prezident İlham Əliyev “Azərbaycan  Respublikasında  sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərmanı imzalamaqla respublikamızı iqtisadi inkişaf baxımından regionun lider dövlətinə çevirmək istəyinin təməlini qoydu.

Fəaliyyətində  reallığa və praqmatizmə  əsaslanan cənab İlham Əliyevin  hökumətə, idarəetmə  strukturlarına tövsiyəsi   belə idi ki,  Azərbaycanı beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabət qabiliyyətinə malik  ölkə kimi tanıtmaq hər bir vətəndaşın borcudur.  Göstərilən məqsədə çatmaq üçün bazar iqtisadiyyatı şəraitində sağlam rəqabəti təmin edən səmərəli dövlət tənzimlənməsi, enerjidən səmərəli istifadə,  yüksək əlavə dəyər yaradan ixrac yönümlü iqtisadiyyata nail olmaq, sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma prinsiplərinə diqqətin artırılması tələb olunurdu.

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda    “Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı proqramlarının qəbul edilməsi mənim 2003-cü ildə prezident seçkiləri ərəfəsində verdiyim vədlərimdən biri idi” söyləyən cənab İlham Əliyev  son 15 ildə görülən işləri də diqqətə çatdırdı. 2004-cü ilin fevral ayında qəbul olunan  birinci Dövlət Proqramının  qəbulu ilə  davam etdirilən inkişafın Azərbaycan modelinin ölkəmizə qazandırdığı uğurlardan bəhs etdi.

Vədlərin nəzərdə tutulduğundan da  tez müddətdə reallaşması
Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirdi

Ötən ilin aprel ayında keçirilən prezident seçkilərində cənab İlham Əliyevin mütləq qələbəsi eyni zamanda  dövlət başçımızın təşəbbüsü ilə hazırlanan və  ölkə iqtisadiyyatının bütün sahələrini əhatə edən Dövlət Proqramlarının icrasına xalq tərəfindən göstərilən dəstək idi. Əhalinin  sosial həyat tərzinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahat  və layihələrin tətbiqi ilə son 15 ildə qazanılan uğurlar təkcə statistik rəqəmlərdə deyil, real həyatda, regionların dəyişilən, müasirləşən simasında  da əksini tapır.

Dövlət başçımızın “Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf etmiş, ümumi daxili məhsul 3,3 dəfə artmışdır. Bir daha demək istəyirəm, bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,6 dəfə artmışdır. İxracımız 4,7 dəfə, valyuta ehtiyatlarımız 24 dəfə artıb və bu gün 45 milyard dollar təşkil edir. Yəni, bu, onu göstərir ki, Azərbaycan regionlarına və eyni zamanda, neft-qaz sektoruna, Bakı şəhərinin inkişafına böyük vəsait qoyulmasına baxmayaraq, biz öz valyuta ehtiyatlarımızı 24 dəfə artıra bilmişik. Bu, bizə imkan verir ki, gələcəyə çox böyük ümidlərlə baxaq. Azərbaycan iqtisadiyyatı bu gün dayanıqlı iqtisadiyyatdır” sözlərinin Dünya İqtisadi Forumunun, Dünya  Bankının “Doing Business” hesabatlarında da təsdiqlənməsi,  ölkəmizin rəqabətə davamlı iqtisadiyyatının ən böyük uğurlarının beynəlxalq səviyyədə dəstəklənməsi xalq-iqtidar birliyinin ifadəsidir. Həyata keçirilən mühüm investisiya  layihələrinə və proqramlarına əsasən 15 ildə Azərbaycan iqtisadiyyatına təxminən 250 milyard dollar sərmayə qoyulması və  bu sahədə  xarici investisiyaların önəmli yer tutması  ölkədə biznes mühitinin sağlamlaşdırılmasına göstərilən diqqəti əks etdirir. Dövlət proqramlarının qəbul olunduğu ilk illərdə  valyuta ehtiyatları 1,8 milyard dollar  olan, Dünya Bankının “Doing Business”in hesabatında  98-ci yerdə dayanan ölkəmizin aparılan islahatlar, həyata keçirilən mühüm əhəmiyyətli  layihələr hesabına  qısa müddətdə  dünya miqyasında 25-ci yerdə qərarlaşması çəkilən zəhmətin, lider qətiyyətinin, düşünülmüş siyasətin məntiqi nəticəsidir. Bölgələrin inkişafına göstərilən diqqət, iş adamlarının səmərəli fəaliyyəti üçün  vergi sistemində aparılan islahatlar, “bir pəncərə” prinsipləri əsasında  təkmilləşən özəl sektorda yaradılan əlverişli şərait regionların inkişafını daha da sürətləndirmiş,   açılan  2 milyondan artıq iş yerində  özəl bölmənin rolunu artırmışdır.

Sənayeləşmə ölkə iqtisadiyyatının şaxələndirilməsi siyasətini sürətləndirir

Uğurla davam edən sənayeləşmə   sahəsində qazanılan nailiyyətlərə ən önəmli  nümunə  kimi müxtəlif rezidentləri birləşdirən Sumqayıt Sənaye Parkını göstərmək kifayətdir.   Dövlət proqramlarında nəzərdə tutulan  fabrik və zavodların, müştərək müəssisələrin  istifadəyə verilməsi, yaradılan aqroparkların fəaliyyəti ilə   açılan iş yerlərinin, sayı,  məhsuldarlıq, istehsal və ixracı daha da artılır. Hazırda sayı 17 olan, yeni proqramın icrası ilə  51-ə çatdırılacaq aqroparklar  kənd təsərrüfatının inkişafında da mühüm rola malikdir. Arxada qalan illər ərzində  ölkəmizin qazandığı uğurlar sırasında Azərbaycanın  kosmik ailənin üzvü olması, intellektual  və iradənin məhsulu  olan 15 “ASAN xidmət” kimi brendinin dünyada nümunə göstərilməsi qürurvericidir.   Korrupsiya hallarının və rüşvətxorluğun aradan qaldırılması üçün ən  səmərəli vasitə olan bu xidmətlərin sayının artırılması ilə   insanların  rahatlığını təmin etmək mümkün olacaq.

İqtisadiyyatımızın əsas sahəsini təşkil edən  neft-qaz sektorunda  qazanılan uğurlar  daha çoxdur.  Daxili  resurslardan səmərəli  istifadə nəticəsində   Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında böyük rola malik  ölkəmiz dünyanın  enerji və nəqliyyat xəritəsini də yeniləşdirir.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin işə düşməsi  ilə başlanan qlobal layihələrin  davamı olan,  ötən il istifadəyə verilən “Cənub Qaz Dəhlizi”, TANAP tarixi hadisə kimi dəyərləndirildi.   Tələb olunan maliyyə baxımından çətinlik olsa da  siyasi, beynəlxalq əməkdaşlığa  töhfəsi ilə diqqət çəkən bu layihələr bölgədə  sabitliyi təmin etməklə tərəfdaş ölkələr arasında  münasibətləri daha da möhkəmləndirdi, Cənubi Qafqazın lider dövləti olan Azərbaycana marağı artırdı, xarici siyasətimizin beynəlxalq səviyyədə dəstəklənməsini təmin etdi. Bakı-Tbilisi-Qars dəmir yolu isə   qitələri birləşdirdi,  Azərbaycanı Avrasiya məkanında nəqliyyat mərkəzinə çevirdi.

İnsanlarda təşəbbüskarlıq artır, sahibkar qazanır, dövlət dəstək verir

Ən çox işçi qüvvəsini əhatə edən kənd təsərrüfatının 1,7 dəfə artımı Dövlət Proqramlarının tətbiqi ilə mümkün olmuşdur. Bölgələrdə yaradılan fermer təsərrüfatlarının səmərəli fəaliyyəti  məşğulluq  problemini də aradan qaldırır. İqtisadiyyatın dinamik, davamlı  inkişafı sayəsində  əhalinin sosial-iqtisadi  müdafiəsinin daha etibarlı təminatı  mümkün olmuşdur.  Yola saldığımız ötən ildə başa çatan, 2014-2018-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı daha uğurlu olmuşdur. Təkcə ötən il bölgələrə 24 səfər edən,  əhalinin məşğulluq səviyyəsini  nəzərə alaraq rayonların iqtisadiyyatının sürətləndirilməsi üçün əlavə Tədbirlər  planlarını təsdiqləyən dövlət başçımızın insanların rahatlığını təmin edəcək, yol, nəqliyyat infrastrukurunun həlli üçün Prezidentin Ehtiyat Fondundan vəsaitlər ayırması əhali tərəfindən rəğbətlə qarşılanır. Bir faktı diqqətə çatdıraq ki, bölgələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsi  ilə bağlı imzalanan  400-dən artıq Sərəncamın həlli üçün 2,8  milyard manat vəsaitin ayrılması ötən dörd illik proqramın uğurla nəticələnməsini təmin edib.   Üç mərhələ üzrə başa çatdırılan  proqramlarda    nəzərdə tutulan insan amilinə qayğı prinsipinə sadiqliyin  nəticəsidir ki,  ötən müddətdə maaşlar 7, pensiyalar 9 dəfə artıb.  Şəhid, aztəminatlı ailələrin həyat səviyyəsinin yaxşılaşdırılması üçün dövlət tərəfindən  müəyyənləşdirilən güzəştlərin sırasına yeni imtiyazlar əlavə olunub.  Prezident İlham Əliyevin  və Birinci vitse- prezident Mehriban Əliyevanın şəhid ailləri ilə görüşləri, dövlət başçımızın Sərəncamı ilə  şəhid ailələri üçün nəzərdə tutulan 11min manat birdəfəlik ödəmə,  bu statusdan olan ailələr uçun   Prezidentin təyin etdiyi aylıq təqaüdün məbləğinin artırılaraq   300 manat    müəyyən edilməsi,  məcburi köçkün ailələrinin övladlarının ali təhsil haqqını ödəməkdən  azad olunması  dövlətin insan amilinə  göstərdiyi və heç bir ölkədə alternativi olmayan  ən böyük qayğıdır. Son 15 ildə 3 mindən  artıq məktəbin əsaslı təmiri və ya  yenidən tikilməsi, 600-dən artıq  tibb müəssisəsinin inşası, gənclərin fiziki hazırlığının artırılması üçün bölgələrdə  istifadəyə verilən 44 olimpiya mərkəzi  sosial islahatların  tərkib hissəsidir. “Bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlüdür və əldə edilmiş gəlirləri biz, ilk növbədə, sosial sahələrə yönəldirik” söyləyən Prezident İlham Əliyevə ölkə əhalisinin artan etimad və rəğbətini ifadə edən islahatlar  biri-birindən mühüm  və qlobal əhəmiyyətlidir.

Sahibkarlığın inkişafına ən böyük dəstək olan güzəştli şərtlərlə  2 milyard manatdan artıq kreditin verilməsi, “qaytarılan kredit” prinsipinin özünü doğrultması və iş adamlarının məsuliyyətini artırması dövlət büdcəsinin yükünü azaltmaqla yeni sahələrin təşkilinə  də əlavə stimul yaradır. 7 mindən artıq  ailəni əhatə edən özünüməşğulluq proqramının əhatə dairəsinin genişlənməsi,  Ailə Biznesinə Asan Dəstək (ABAD) mərkəzlərinin yaradılması, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) layihəsinin icra mexanizminin müəyyənləşdirilməsi  əhali arasında  məşğulluq səviyyəsinin artırılması naminə həyata keçirilən layihələrdir.

“Biz isə görülmüş işlərlə kifayətlənməməliyik, daim qabağa baxmalıyıq. Baxmalıyıq ki, harada nə çatışmır, harada hansı məsələ öz həllini tapmalıdır” söyləyən cənab İlham Əliyev  kənd təsərrüfatı və sənayedə potensialın yüksəlməsini, istehsalın artmasını dördüncü proqramın başlıca hədəfləri adlandırır.  Təbii ki,  yeni iş yerlərinin açılması, infrastruktur layihələri də diqqətdə saxlanılacaq.

Prezident İlham Əliyevin  imzaladığı  Fərmana əsasən təsdiqlənən,  icrası üçün 17 milyard manat vəsait ayrılan “Azərbaycan Respublikası regionlarının 1919-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan vəzifələr daha möhtəşəm olacaq. “Regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının tərkibi, əsasən, yerlərdən gələn xahişlər nəticəsində formalaşıb. Mənim bölgələrə çoxsaylı səfərlərim və vətəndaşlarla söhbətlərim bu sahədə çox gözəl bir ünsiyyət yaradıb. Çünki vətəndaşların təklifləri mütləq nəzərə alınır və bölgələrdə bir çox layihələr məhz vətəndaşların təklifləri əsasında reallaşıb. Ona görə daim bu təmas olmalıdır və var ki, insanları narahat edən, bu gün hələ həllini tapmayan məsələlər həll olunsun. Bizim buna imkanımız da, iradəmiz də var” söyləyən  cənab İlham Əliyev bildirir ki, möhkəm təmələ əsaslanan və həllini gözləyən,  daha mühüm, sosialyönümlü və xalqın arzularına əsasən müəyyənləşdirilən vəzifələrin həlli  Azərbaycanı daha da qüdrətləndirəcək.

Xuraman İsmayılqızı, “İki sahil”