04 dekabr 2019 20:16
1249

Yeni, müasir parlamentin formalaşması ilə dövlət quruculuğu prosesinin növbəti mərhələsi başlayacaq

Konstitusiya Məhkəməsinin Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olması barədə qərarı Azərbaycan dövlətçiliyi və hakimiyyət qollarının fəaliyyəti baxımından müstəsna əhəmiyyət kəsb edir

Bu gün Azərbaycan ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən cənab İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratiya təcrübəsi nümunə göstərilən, ən islahatçı dövlətinə çevrilib.

Təkcə cari ilin ötən dövründə iqtisadi, sosial, siyasi və xarici siyasət sahəsində əldə olunan uğurlara, davamlı inkişafa xidmət edən sənədlərə diqqət yetirmək kifayətdir. Dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı edir ki, əldə olunan uğurlarla kifayətlənməməli, daim irəliyə baxmalıyıq. Dünyanın qabaqcıl ölkələrinin praktikasının ölkəmizdə tətbiqi prioritet məsələ kimi öndə saxlanılır.

Bu gün ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilən parlamentin buraxılması məsələsi də bu kimi yeniliklərə əsaslanır. Qeyd edildiyi kimi, bu mühüm addım Azərbaycan tarixində ilk dəfə olsa da, dünya praktikasında tez-tez rast gəlinən məsələdir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının Azərbaycanın uğurlarının, təkmil islahatlarının qanunverici orqanı da əhatə etməsi məqsədilə parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etməsi, məsələnin Milli Məclisdə müzakirəsi ilə bağlı qərarın qəbul olunması, parlamentin dekabrın 2-də keçirilən plenar iclasında dövlətimizin başçısı İlham Əliyevə müraciət, ölkə Prezidentinin bu mühüm addımın qanunauyğunluğunun öyrənilməsi üçün Konstitusiya Məhkəməsinə sorğu göndərməsi, dekabrın 4-də Konstitusiya Məhkəməsi Plenumunun iclasında sorğuya baxılaraq Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olması barədə qərarın qəbul edilməsi və sair kimi biri-birilə sıx bağlı olan addımların mahiyyətində də məhz ölkənin davamlı inkişafına, hərtərəfli inkişafa, cəmiyyətin idarə olunmasında əhəmiyyətli rol oynayan mütərəqqi qanunların qəbuluna dəstək olmaq kimi niyyətlər dayanır. Plenumun iclasında bildirilmişdir ki, ölkə Prezidenti bu addımı atmaqla Azərbaycanda hüquqi dövlətin mövcudluğunu və qanunun aliliyini bir daha təsdiq etdi. Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan dövlətçiliyi və hakimiyyət qollarının fəaliyyəti baxımından müstəsna əhəmiyyət kəsb edir.

Təbii ki, yeniləşmə, müasirləşmə dövlət siyasətinin əsası kimi qəbul olunursa, islahatlar hakimiyyətin hər üç qolunda-qanunvericilik, icra və məhkəmə sistemində öz əksini tapmalıdır. Ölkəmizdə müasir və şəffaf idarəetmə ilə bağlı uğurlu addımlar atılıb. Məlum olduğu kimi, Milli Konstitusiyamızın qəbulundan ötən 24 ildə bu ali sənədə 3 dəfə əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsi keçirilib. 2002-ci ildə keçirilən referendumda parlamentə seçkiləri daha da demokratikləşdirmə məqsədilə seçkilərin birmandatlı dairələr üzrə aparılması qaydası müəyyən edildi. Milli Məclisin səlahiyyətləri dəqiqləşdirilərək ona Ombudsmanın seçilməsi, Apellyasiya Məhkəməsinə hakimlərin təyin olunması hüququ verildi. Növbəti iki referendum isə dövlətimizin başçısı İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 16 ilə təsadüf edir. Vətəndaş cəmiyyətinin yaradılmasını, demokratikləşmə prosesinin möhkəmlənməsini Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərt kimi önə çəkən cənab İlham Əliyev siyasi və iqtisadi islahatların davam etdirilməsini zamanın tələbi kimi diqqətə çatdırdı: “Əgər biz doğrudan da müasir, güclü ölkə yaratmaq istəyiriksə, bunu etməliyik. Bu işdə həm dövlətin üzərinə böyük vəzifələr düşür, eyni zamanda, Milli Məclisin üzərinə də böyük məsuliyyət düşür. Biz birlikdə buna nail olmalıyıq”.

2009-cu ildə keçirilən referendumla Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi konstitusion səviyyədə dövlətin ali məqsədi kimi tanındı. 2016-cı ildə keçirilmiş digər referendumla da Konstitusiyamıza insan hüquq və azadlıqları, xüsusilə seçki və ədalətli mühakimə hüquqlarının genişləndirilməsi, sosial, iqtisadi təhlükəsizliyin gücləndirilməsi ilə bağlı əlavə və dəyişikliklər edilmiş oldu. Əlavə və dəyişikliklərin bir hissəsi isə idarəçilik sistemində təkmilləşməyə xidmət göstərirdi. Bu gün ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanan parlamentin buraxılması üçün Prezidentə səlahiyyətlər də məhz qeyd olunan referenduma çıxarılan əlavə və dəyişikliklərə xalqın dəstəyi əsasında verildi.

Bir-biri ilə zəncirvari bağlı olan bu addımlar bir daha dövlətimizin beynəlxalq standartlara cavab verən hüquq sisteminin formalaşmasında, bütün sahələrdə təkmil qanunvericilik bazasının mövcudluğunda maraqlı olduğunu bir daha təsdiqləyir. Ekspert rəylərində də qeyd olunur ki, Müasir dövrdə ictimai münasibətlərin inkişaf tempindən geri qalmayan qanunvericilik sisteminin daimi inkişaf etdirilməsi, cəmiyyətin müxtəlif sferalarının surətli inkişaf dinamizminə cavab verə biləcək əməli idarəçilik mexanizminin formalaşdırılması, idarəçiliyin elmi-texniki tərəqqinin və informasiya kommunikasiya texnologiyalarının son nailiyyətlərinin tətbiqi ilə yeni forma və metodlarının seçilməsi, habelə İKT sistemlərinin əks təsirindən qorunma zərurəti ilə şərtlənən yeni təhlükəsizlik sistemlərinin yaradılması və inkişaf etdirilməsi qarşıda duran ən mühüm vəzifələrdən birini təşkil edir.

Ötən il ölkəmizdə keçirilən prezident seçkilərindən sonra başlanan islahatlar keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Yeni, təkmil, beynəlxalq təcrübəyə əsaslanan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf etməkdə olan ölkəyə çevirmək, mövcud problemlərin həlli istiqamətində birgə səylər göstərmək, vətəndaş məmnunluğunu daha da artırmaq, əhalinin sosial rifah halını daha da yaxşılaşdırmaq, sosial dövlət imicinə əlavələr etmək, bir sözlə, daha güclü, qüdrətli, hərtərəfli inkişaf etmiş dövlət qurmaqdır. 2018-ci il prezident seçkilərində yeni hədəflərə doğru “İlhamla irəli” deyən Yeni Azərbaycan Partiyasının bu gün ölkəmizdə geniş vüsət alan islahatların qanunverici orqanda da öz əksini tapması təşəbbüsü onun bütün fəaliyyəti boyu əsas prinsip kimi qəbul etdiyi “güclü dövlət, yüksək rifah” prinsipinin təqdimatı kimi dəyərləndirilməlidir. Yeniləşmə, müasirləşmə, zamanın, dövrün tələblərini yüksək səviyyədə cavablandırmaq inkişaf modeli beynəlxalq səviyyədə təqdir olunan Azərbaycanın dövlət siyasətinin ana xəttini təşkil edir. YAP-ın məlum təşəbbüsü bu istəyin gerçəkləşməsinə dəstək olmaqdan qaynaqlanır.

Ölkənin hərtərəfli inkişafını təmin etmək üçün kompleks tədbirlərin həyata keçirildiyi, bütün sahələri əhatə edən Dövlət Proqramlarının uğurlu icrası göz önündədir. Təkcə regionların potensial imkanlarından səmərəli istifadə etmək məqsədilə təsdiqlənən dörd sənədin icrasına diqqət yetirmək kifayətdir. Gələn ay dördüncü Dövlət Proqramının icrasının bir ili tamam olacaq. Həmin proqramların icrası sayəsində 2004-cü ildən 2019-cu ilin ötən dövrü ərzində 2,3 milyon yeni iş yeri yaradılıb. Təkcə IV Dövlət Proqramının icrası sayəsində cari ilin 6 ayında 92 min yeni iş yeri açılıb. Yeni iş yerlərinin böyük bir hissəsi regionların payına düşür. Hədəf dövlətin həyata keçirdiyi iqtisadi siyasətə uyğun olaraq qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili və istehsal sahəsində əhalinin məşğulluğunun artırılmasıdır. Kiçik və orta sahibkarlığın inkişafına yönələn addımlar, özünüməşğulluq proqramının uğurlu icrası, ailə təsərrüfatlarına asan dəstəyin göstərilməsi məqsədilə ABAD mərkəzlərinin coğrafiyasının genişləndirilməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn addımlar sırasındandır. Cari ilin ötən dövründə minimum əməkhaqqının və minimum pensiyanın iki dəfə artırılması da deyilənlərin təsdiqidir. Bu uğurlarımız, davamlı sosial-iqtisadi islahatlar Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsində də əhəmiyyətli rol oynayır.

Təbii ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm uğurlara, yeniliklərə imza atan Yeni Azərbaycan Partiyası bu islahatların həyata keçirilməsinə, hədəflərin gerçəkləşməsinə öz töhfəsini verir. Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların təşəbbüsü ilə Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün Prezidentə müraciətin qəbul edilməsi də bu islahatlara verdiyi dəstəyin növbəti nümunəsidir. Müraciətdə də bu mühüm məqam öz əksini tapmışdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar qanunverici hakimiyyət sferasından kənarda qalmamalıdır. Bu məqamı da xüsusi qeyd etməliyik ki, məlum təşəbbüsün ölkə ictimaiyyəti tərəfindən geniş müzakirə olunması və rəğbətlə qarşılanması, eyni zamanda, bu qənaəti yaradır ki, bu mühüm addım həm də geniş ictimai fikrə söykənir. Parlamentin buraxılması ilə bağlı Prezidentə müraciət edilməsi barədə” qərarda bu fikirlər öz əksini tapmışdır: “Azərbaycan Respublikasının Milli Məclisi ölkədə həyata keçirilən islahatların daha da genişlənməsi və dərinləşməsi prosesindən kənarda qalmamalı, islahatların qanunvericilik orqanını da əhatə etməsi məqsədilə dövlətçilik nümunəsi göstərməlidir. Bu baxımdan, Azərbaycan Respublikasının Milli Məclisində çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvləri Milli Məclisin Sədrinə müraciət edərək belə vəziyyətdə parlament fəaliyyətinin həyata keçirilməsinin mümkün olmayacağı qənaətinə gəldiklərini və növbədənkənar seçkilər keçirilməsinin zəruri olduğunu bildirmişlər”.

Konstitusiya Məhkəməsinin dövlətimizin başçısı İlham Əliyevin məlum məsələ ilə bağlı göndərdiyi sorğuya müsbət cavabı da dövlətimizin siyasətində əsas yer tutan bu prinsipə bir daha aydınlıq gətirir: iqtisadi və siyasi islahatların vəhdətliyi təmin edilməlidir. Dövlətimizin başçısı İlham Əliyev daim bu müqayisəni aparır ki, elə ölkələr var ki, onlarda demokratik inkişaf yüksək səviyyədədir, iqtisadi tərəqqidən danışmaq qeyri-mümkündür. Elə ölkələr də var ki, iqtisadi tərəqqi yüksəkdir, amma demokratik inkişaf aşağı səviyyədədir. Azərbaycanda isə bu vəhdət lazımi səviyyədə təmin edilib.

Bu mənada son sosial-iqtisadi islahatların davamı icra və məhkəmə sistemi ilə yanaşı qanunvericilik hakimiyyəti istiqamətində də aparılacaq. Yazının əvvəlində dövlətimizin başçısı İlham Əliyevin istinad etdiyimiz fikirlərini bir daha xatırlasaq, qanunverici orqanın fəaliyyətinin təkmilləşdirilməsinin, tərkibinin yeniləşməsinin bir zərurət olduğu bir daha özünü qabarıq şəkidə büruzə verir. Yeni, müasir parlamentin formalaşması ilə dövlət quruculuğu prosesinin yeni mərhələsi başlayacaq. Zamanın, dövrün tələblərinə uyğun olaraq hazırlanan və qəbul olunan qanunlar ölkəmizin hərtərəfli, modern inkişafını təmin edəcək. Bircə faktı qeyd etmək kifayətdir ki, Bakının 2020-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyini şərtləndirən əsas amil məhz ölkəmizin innovasiyalara meyilli olmasıdır. Bu günlərdə Bakıda keçirilən Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində də bildirilmişdir ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı iqtisadi və struktur islahatları aparılır. Dünya Bankı tərəfindən açıqlanan “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 20 ən islahatçı dövləti siyahısına daxil edilib və ən çox islahat aparan ölkə elan olunub. Hazırda ölkəmizdə idarəetmədə informasiya texnologiyalarının və innovasiyaların tətbiqi genişləndirilir. Struktur islahatların iqtisadiyyatın yeni inkişaf məqsədlərinə uyğunlaşdırıldığı, ölkəmizdə yeni innovasiya ekosisteminin yaradıldığı xüsusi qeyd edilmişdir.

Göründüyü kimi, ölkəmizdə həyata keçirilən struktur və kadr islahatlarının, bu inkişafın hakimiyyətin üçüncü qolu olan qanunverici orqanda öz əksini tapmasına yönələn təşəbbüsün mahiyyətində dövlətimizin daha da güclənməsi, davamlı inkişafı, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması dayanır. Son 16 ildə həyata keçirilən islahat konsepsiyasının hədəfləri ardıcıllığı ilə gerçəkləşdirilir, idarəçilik sistemində təkmilləşmə əsasında növbəti dövrün prioritetləri və icra mexanizmləri müəyyənləşdirilir. Cari ilin sonuna doğru atılan bu mütərəqqi addım 2020-ci ildə daha möhtəşəm uğurlara imza atılacağına böyük əminlik yaradır.

Yeganə Əliyeva, “İki sahil”