01 iyul 2020 12:27
258

Yeni pambıq sortlarının yaradılması layihəsi müzakirə olunub

Aqrar Elm və İnnovasiya Mərkəzinin (AEIM) Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda “Azərbaycanın torpaq-iqlim şəraitinə uyğun pambıq sortlarının yaradılması”  layihəsinin müzakirəsinə həsr olunmuş videokonfrans keçirilib.

"İki sahil" xəbər verir ki, videokonfransda AEİM-in direktoru İmran Cümşüdov, direktor müavini Fərman Kərimov, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru Elçin Xəlilov, şöbə müdirləri Ələddin Tağıyev və Mahirə Vəliyeva, türkiyəli seleksiyaçı Süleyman Çiçək, Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun şöbə müdiri Rühəngiz Məmmədova iştirak ediblər.

Videokonfransda 2019-cu ildə Türkiyədən introduksiya olunmuş və yerli 12 pambıq sortu arasında 72 kombinasiyada 50 çiçəkdə resiprok hibridləşmə aparılması məsələləri müzakirə olunub. Hibrid bitkilərin öyrənilməsi ilə bağlı fikir mübadiləsi  aparılıb. Vurğulanıb ki, türk və azərbaycanlı seleksiyaçıların məqsədi yerli şəraitə uyğun məhsuldar, tezyetişən, yüksək lif çıxımına və texnoloji keyfiyyətə malik, fermerlərin tələbinə cavab verən yeni sortlar yaratmaqdır. Mütəxəssislər hesab edir ki, yaradılacaq pambıq sortları ölkəyə toxum idxalının qarşısını alacaq.