03 may 2019 10:18
950

Yeniliklər, müsbət təcrübə Azərbaycanda tətbiq edilməlidir

Yeniliklər, müsbət təcrübə, dünyada mövcud olan ən mütərəqqi yanaşma Azərbaycanda tətbiq edilməlidir

Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında idarəçilik sistemində təkmilləşmənin yol açdığı uğurlar əsaslı şəkildə diqqətə çatdırıldı

Dövlətimizin başçısı İlham Əliyev Nazirlər Kabinetinin bu günlərdə keçirilən 2019-cu ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Ümumiyyətlə, idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac var. Mən bunu demişəm, bu gün də, əvvəlki çıxışlarda da.

Hər bir sahədə inkişaf üçün böyük meydan var. Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq nəticə də olacaq. Bu, ictimaiyyət tərəfindən də mütləq yüksək qiymətləndiriləcək. Ona görə bir daha demək istəyirəm ki, yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar” söyləyərək, davamlı inkişafı şərtləndirən amilləri əsaslı şəkildə diqqətə çatdırmışdır.

Təbii ki, uğurlarımızın əsasında islahatların zamanın və dövrün tələblərinə uyğun olaraq təkmilləşməsi, gələcəyə hesablanmış strategiyamızın dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən hazırlanması əsas yer tutur. Ölkə Prezidenti İlham Əliyev iclasda bu məqamı da xüsusi qeyd etmişdir ki, hazırda iqtisadiyyatımızın yeni inkişaf strategiyası üzərində işlərə başlanılıb. Bu prosesə qabaqcıl beynəlxalq mütəxəssislərin, alimlərin cəlb edilməsi yeni inkişaf strategiyasının uğurlu nəticələrə yol açmasına hesablanıb. Təbii ki, gələcəyə nikbinliklə baxmağa əsas verən əsas amil bugünkü uğurlarımızdır. Hədəflərə yüksək səviyyədə nail olmaq üçün regionların potensial imkanlarından maksimum istifadə etmək məqsədilə Regional inkişaf proqramlarının uğurlu icrası nəticələrdən də aydın görünür. “Növbəti beşillik proqram - Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bu gün hələ də görə bilmədiyimiz bütün layihələri icra edəcəyik. Bu, möhkəm bir zəmindir. Biz bu zəmin üzərində yeni iqtisadi inkişaf modeli qurmalıyıq və qururuq. Bizdə həm təcrübə, həm də iradə var” söyləyən cənab İlham Əliyev həyata keçirilən siyasətin aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən dəstəkləndiyini hesabatlara istinadən diqqətə çatdırır. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər mötəbər maliyyə qurumları ölkəmizin iqtisadi inkişaf modelini yüksək dəyərləndirir, ən əsası Azərbaycan ən islahatçı ölkə kimi mövqeyini möhkəmləndirir.

Məlum olduğu kimi, 2016-cı ilin sentyabrında keçirilən ümumxalq səsverməsinə çıxarılan Konstitusiyaya əlavə və dəyişikliklərin bir qismi idarəçilik sistemində təkmilləşməni nəzərdə tutur. Bu prosesdə peşəkar gənclərin fəal iştirakını təmin etmək üçün yaş məhdudiyyətlərinin aradan götürülməsi ictimaiyyət tərəfindən böyük dəstək qazandı. Eyni zamanda, vitse-prezidentlik institutunun yaradılması da bu təkmilləşmə sırasındadır. Dövlətimizin başçısı İlham Əliyev Nazirlər Kabinetinin iclaslarında daim dövlət idarəetmə sisteminin təkmilləşdirilməsinə böyük ehtiyacın olduğunu bildirir: “Hesab edirəm ki, inkişafa mane olan, xüsusilə idarəetmə sahəsində problem yaradan amillər də aradan qaldırılmalıdır. Burada da çox ciddi islahatlara ehtiyac var. Bəzi strukturlar bir-birinin fəaliyyətini təkrarlayır, biz buna da yol verməməliyik, burada optimallaşdırma siyasəti aparılmalıdır və bu sahəyə də diqqət verilməlidir.”

Onu da xatırladaq ki, cənab İlham Əliyevin 23 avqust 2017-ci il tarixli Fərmanına uyğun olaraq Nazirlər Kabineti Aparatının yeni strukturu təsdiq edilmişdir. Bir neçə bölmənin birləşdirilməsi, yaxud yeni bölmələrin yaradılması ümumilikdə hədəflərə yüksək və nəzərdə tutulduğu vaxtdan da tez çatmağa stimul verir. Cari ilin ilk ayları da təkmilləşmə, strukturların birləşdirilməsi ilə müşaiyət olundu. Bu kimi təkmilləşmələr qarşıya qoyulan məqsədlərə daha tez nail olmağa geniş imkanlar açır. Eyni funksiyanı yerinə yetirən, amma müxtəlif adlarda fəaliyyət göstərən qurumların birləşdirilməsi dövrün tələbi olmaqla yanaşı, vaxt itkilərinin aradan qaldırılması üçün də zəruridir.

Atılan addımlar günümüzün əsas çağırışlarından olan sahibkarlığın inkişafına da geniş yol açır. Həyata keçirdiyi siyasətin önündə yeniləşməni, modernləşməni əsas amil kimi önə çəkən Azərbaycan hər zaman ilklərə imza atan ölkə kimi tanınır və nüfuz qazanır. Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”, “ABAD”, “DOST” layihələri də şəffaflığın artırılmasına, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə,  elektron xidmətlərə keçidin sürətləndirilməsinə, habelə süründürməçilik hallarının qarşısının alınmasına və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir. Azərbaycanın dünyada yenilikçi ölkə kimi nüfuz qazanmasını təsdiqləyən mühüm hadisələrdən biri kimi ötən il robot “Sofiya”nın ölkəmizə səfərini qeyd edə bilərik. “Bakı bu gün həqiqətən dünyanın özündə yeni texnologiya və innovasiyaların, müasir və qədim memarlıq üslubunun vəhdətini təcəssüm etdirən ən gözəl şəhərlərindən biridir” söyləyən cənab İlham Əliyev bildirmişdir ki, “ASAN” bizim milli brenddir. Bu, bizim nou-haudur. Bu gün Azərbaycanın təkcə təbii ehtiyatlarını və yaxud məhsullarını yox, eyni zamanda, intellektual məhsullarını ixrac etməsi bizi fərəhləndirir: “Biz artıq belə xidməti yaratmaq istəyən bəzi ölkələrlə də işləyirik. Buna görə də “ASAN”ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var.”  Azərbaycan brendinin dünyada belə nüfuz qazanması təbii ki, dövlətimizin həyata keçirdiyi təkmil siyasətə dəstəyin ifadəsidir.

Müasir dövrün əsas çağırışlarından olan yoxsulluqla mübarizə sahəsində daim Azərbaycanın təcrübəsini yüksək qiymətləndirən xarici qonaqlar bu fikri bildirirlər ki, yoxsul yox, yaxşı idarə olunmayan ölkə var. Azərbaycanın idarəçilik sistemində həyata keçirdiyi təkmil islahatlar uğurların davamlılığında əhəmiyyətli rol oynayır. Bu baxımdan “ASAN xidmət” dövlət idarəçiliyində innovasiyaların tətbiqi baxımından uğurlu bir nümunədir. Dövlətimizin başçısı iclasda bildirmişdir ki, bu il bölgələrdə beş “ASAN xidmət” mərkəzinin yaradılması nəzərdə tutulur, onların sayı 20-yə çatacaq: “Mənə verilən məlumata görə, Bakı şəhərində də yeni mərkəzlərin tikintisinə ehtiyac var. Çünki “ASAN xidmət”in funksiyalarının həcmi və müraciətlərin sayı artır, bəzi yerlərdə növbələr yaranır. Biz “ASAN xidmət”i məhz ona görə yaratdıq ki, bu, asan olsun, bu xidmət rahat olsun, növbə olmasın, heç bir pozuntu olmasın, şəffaf olsun. Buna nail olmuşuq. “ASAN xidmət”in bəyənmə əmsalı 100 faizə yaxındır. Ancaq nəzərə alsaq ki, funksiya genişlənir və müraciətlərin sayı artır, bəzi yerlərdə növbələr yaranır. Ona görə göstəriş vermişəm ki, - ilkin vəsait də ayrıldı, - Bakı şəhərində əlavə iki “ASAN xidmət” mərkəzi yaradılsın və beləliklə, onların sayı 22-yə çatacaq.”

Hər bir layihə özlüyündə inkişaf, tərəqqi deməkdir. Atılan hər addımda vətəndaş amilinə verilən dəyər daha qabarıq şəkildə özünü büruzə verir. Ailə təsərrüfatlarının inkişafına dəstəyi asan şəkildə həyata keçirən “ABAD”, hər bir vətəndaşın yaxın dostuna çevrilən “DOST” idarəetmədə şəffaflığın qorunmasını, rəqabətin güclənməsini şərtləndirir.  Dövlətimizin başçısının bu fikirlərini də xatırlatmaq istərdik: “Rəqabət olmasa, inkişaf da olmaz, keyfiyyətli məhsullar da olmaz. Qoy, hər kəs istehsal etsin. Yaxşı, bazarımız ola bilər ki, kifayət qədər məhduddur. Elə məhsullar yetişdirin, istehsal edin ki, xaricə sata biləsiniz. Dövlət də bunu təşviq etsin. Bizim gələcəkdə iqtisadiyyatımızın inkişafını təmin edən əsas sahə ixrac olacaqdır. Bunu mən dəfələrlə demişəm. Biz buna çox ciddi hazırlaşırıq... Biz xaricdə logistika mərkəzləri yaradırıq. Nə üçün? Ona görə xaricə vəsait qoyuruq ki, məhsullarımız oraya - yeni bazarlara çıxsın. Bunu ona görə edirik ki, sahibkarların gedib öz məhsullarını rahat satmaq imkanları olsun. Burada isə əgər kimsə nəyisə istehsal edirsə, qoymur ki, başqası da istehsal etsin. Yaxud da ki, himayədarları müxtəlif yollarla bu işlərə cəlb edir. Buna yol vermək olmaz. O cümlədən idxalla bağlı inhisarçılığa yol vermək olmaz. Yenə də deyirəm, biz açıq bazar iqtisadiyyatı siyasətini aparırıq. Bizim siyasətimiz, dövlət siyasəti, Prezidentin siyasəti, bax, budur. Ona görə bütün qurumlar bu siyasəti aparmalıdırlar, vəssalam!”

Ölkə Prezidentinin vurğuladığı kimi, biznesin sadələşdirilməsi, “bir pəncərə” prinsipinin tətbiqi şəraitində əldə olunan uğurlar və təcrübə beynəlxalq səviyyədə də qiymətləndirilir, öyrənilir və tətbiq olunur.  Lazımsiz yoxlamaların aparılmasına, yerli icra hakimiyyəti orqanlarının, o cümlədən hüquq mühafizə orqanlarının bəzi hallarda sahibkarlara problem yaratmasına, lisenziyaların sayının həddən artıq çox olmasına və digər məsələlərə hər zaman çıxışlarında diqqət yönəldən cənab İlham Əliyev qeyd olunan istiqamətlərdə atdığı addımları ilə sahibkarlığın inkişafına yaradılan imkanları daha da genişləndirdi.

Əvvəldə də qeyd etdiyimiz kimi, dövlətimizin başçısı İlham Əliyevin son “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında”, “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında”, “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında”, “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli Fərmanında dəyişiklik edilməsi barədə Fərmanları gələcək planların uğurlu icrasını şərtləndirir. Sənədlərdə ölkəmizin iqtisadi inkişafı fonunda ayrı-ayrı sahələrdə həyata keçirilən islahatlar önə çəkilərək, təkmilləşmənin vacibliyi diqqətə çatdırılmışdır. Bu məqsəd açıqlanır ki, dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsi prioritetdir.

İdarəçilik sistemində təkmilləşmənin yol açdığı uğurlardan geniş bəhs edən dövlətimizin başçısı İlham Əliyev iclasda bir daha bildirmişdir ki, görülmüş düzgün yolda olduğumuzu söyləməyə əsas verir.

Təkmil islahatların davamı kimi dövlətimizin başçısı İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanını da qeyd etməliyik. “Elektron məhkəmə” informasiya sisteminin yaradılması məhkəməyə müraciət imkanlarının daha da genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, şəffaflıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və sənəd dövriyyəsinin təmin olunmasına xidmət edəcək. Ölkə Prezidenti iclasda bu məqamı xüsusi qeyd etmişdir: “ Hesab edirəm ki, onun icrası bu sahədə də ciddi dönüşə səbəb olacaq. Yəni biz gərək hər bir sahədə irəli gedək. Yeniliklər, müsbət təcrübə, dünyada mövcud olan ən mütərəqqi yanaşma Azərbaycanda tətbiq edilməlidir. Nəzərə almalıyıq ki, bizim neft-qaz sektorumuz da iqtisadiyyata böyük dəstəkdir. Nəzərə almalıyıq ki, biz indi nəqliyyat mərkəzlərindən birinə çevrilirik. Bu yaxınlarda Çində keçirilmiş “Bir kəmər, bir yol” Forumunda Azərbaycanın iştirakı bir daha onu göstərir ki, ölkəmiz bu önəmli layihənin tərkib hissəsidir. Bizim gəlirlərimiz artacaq, maliyyə və iqtisadi imkanlarımız daha da böyüyəcək.” Cənab İlham Əliyev bütün sahələri əhatə edən, Azərbaycanın hərtərəfli inkişafına xidmət edən təkmil islahatlara, uğurlu nəticələrə əsaslanaraq, bu əminliyi ifadə etmişdir ki, biz 2019-cu ili də uğurla başa vuracağıq.

Yeganə Əliyeva, “İki sahil”