05 noyabr 2019 19:44
73

Yerli özünüidarəetemə orqanları bacarıqlı kadrlar hesabına təkmilləşdirilir

Dekabrın 23-nə təyin olunan bələdiyyə seçkilərində iştirak edəcək Yeni Azərbaycan Partiyasının  namizədlərinin imzatoplama kampaniyası uğurla davam edir

Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan, Prezident İlham Əliyevin də diqqətdə saxladığı bələdiyyələr  ölkədə irimiqyaslı layihələrin həyata keçirilməsində, abadlıq, quruculuq işlərinin genişlənməsində fəal iştirak edirlər.

Əvvəlki illərlə müqayisədə zəngin təcrübə toplayan, ictimaiyyət arasında böyük nüfuza, dünyagörüşünə malik kadrlar hesabına təkmilləşən bələdiyyələrdə qadın və gənclərə üstünlük verilməsi, insanlarla daha çox təmas yaradılması, treninqlərin təşkili, işlərin planlı surətdə həyata keçirilməsi səmərəsini verir.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nda, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında, müxtəlif Milli Fəaliyyət planlarında yerli özünüidarəetmə orqanlarının inkişafına yönəlmiş diqqət sayəsində bələdiyyələrin gündəlik həyatımızda rolu artırılır. Bələdiyyələr sosial əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə, vətəndaşların yerli özünüidarəetmə proseslərində bilavasitə iştirakı ilə təmin edir, vətəndaşlarla hakimiyyət arasında əlaqələndirici funksiyasını yerinə yetirir və və əhaliyə daha yaxın təmasları ilə əhalinin inamını doğruldurlar. Ötən illərin təcrübəsi göstərir ki,  mühüm sosial əhəmiyyətli layihələrin həyata keçirilməsində iştirakı intensivləşən bələdiyyələrin bacarıqlı, işinin öhdəsindən layiqincə gələn kadrlar hesabına təkmilləşdirilməsi özünü doğruldur.

Təbiidir ki, hər bir insanın şəxsi marağı ilə yanaşı, dövlət və yerli icmanın maraqları da mövcuddur. Bu maraqlar sosialyönümlü problemlərin həlli ilə bağlı məsələlərlə eynilik təşkil edir. Belə olan halda bələdiyyələrin həyata keçirməli olduqları tədbirlərin və layihələrin əhəmiyyəti də artır.

Dekabr ayının 23-nə təyin olunmuş bələdiyyələrə növbəti seçkilərində əhalinin yekdilliklə iştirakı seçicilərin imzatoplama kampaniyasındakı  fəallığından da aydın olur.

Seçkilərə “Xalqa xidmət” devizi ilə gedən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatından namizədliyini irəli sürən partiya üzvləri imzatoplama kampaniyası çərçivəsində əhali ilə görüşür, onlara bələdiyyələrin fəaliyyətləri ilə bağlı məlumat verirlər. Eyni zamanda seçici etimadı qazanacaqları təqdirdə görəcəkləri işlərdən, perspektivlərdən danışırlar.

Seçicilərin fərdi təklifləri, eyni ərazidə yaşayan insanların ümumi problemləri ilə maraqlanan, fəaliyyətlərini ölkədə həyata keçirilən çoxşaxəli quruculuq işlərinə uyğun planlaşdıracaqlarını bildirən YAP namizədləri  cari ilin əvvəlindən həyata keçirilən sosial islahatların ədalətli , şəffaflıq prinsiplərinə uyğun tətbiqində də iştirak edəcəklərini bildirirlər. Dövlətin müəyyənləşdirdiyi gənclər, qadınlar siyasətinə uyğun həyata keçirilən layihələrin tətbiqində fəallıq göstərəcəklər. Kimsəsiz, daha çox  qayğıya ehtiyacı olan təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlətin müəyyənləşdirdiyi məsələlər də  diqqətdə olacaq.

Xuraman İsmayılqızı, “İki sahil”