Səməd Vurğun xalqın şairiydi, xalq şairiydi, könüllərin söz cəfakeşiydi. Bu cəfakeşliyi ömür bilirdi və bu səbəbdən son nəfəsinəcən bu yolun yolçusu oldu; Səməd Vəkilov Səməd Vurğun olan gündən yazdığı şeirlər könüllərin söz sultanıydı, neçə on illərdən sonra da belədir, həmişə də belə olacaq. “Könüldən-könülə yollar görünür” misrası şairin yol ifadəsinə də könül qədər sayğılı olduğunun təzahürüdü...
Həsrətlisini görən nənənin, ananın, bacının alğışına baxın, yolun ilahiləşdirilmə çalarına baxın! – Səni gətirən yola qurban olum! Bu, xalq hikmətidi, xalqın hikmətidi, müdriklikdi. Min illərdi yol urvatlı tutulur, tutulacaq da...
Şeirdə də, şeirin boyuna biçilmiş musiqiylə yaranan mahnıda da müəyyən hikmət olur. Belə mahnılardan birində deyilir ki, yol ömürdü, yol həyatdı. Əlbəttə ki, yol ömürdü, yol həyatdı. Ömür, həyat kəlmələrinin yozumlarından biri də yol kəlməsinə bağlıdı. Ömür yolu deyirik, həyat yolu deyirik, müharibədə ömrün, həyatın Vətən üçün nə dərəcədə gərəkli olduğunu müəyyənləşdirən döyüş yolu deyirik...
Əlbəttə ki, yolu ömürləşdirən yolçularıdı; yolçusuz yol fağır yoldu, yetim yoldu. Yolu urvata yolcuları mindirir, sonuncu yolçusu yolun son nəfəsi, sonuncu yolçusunun ayaq izləri kəfənidi...
Yaranışından bir kimsədən umacağı olmayan yol həm də niyyətlilərin – niyyətin, murazlıların – murazın kirədarıdı...
Müharibə səbəbindən torpaqlarımıza səngərlər, səngərlər səbəbindən təzə yollar düşüb, el yolu dediyimiz dədə-baba yollarında silah-sursat maşınları, döyüş texnikaları görünür, səngərlərə aparan təzə yollara çıxır. Təzə yollar müharibənin toludu əsgərlərin açdığı yoldu, əsgərlərin yoludu – dönməzlik yoludu, qətiyyət yoludu, inam yoludu. Məmləkət boyunca bütün yollar bu yolların duaçısıdı...
Ön xəttə çatanda el yolundan ayrılan təzə yol görürsən. Belə yollar məmləkət boyunca bütün yollardan fərqlənir; bu yolların yolçuları müqəddəs bir missiyanın icraçıları olan hərbçilərdi. Ona görə belə könüləyatımlıdı, ona görə bütün yollar ona can atır. Bu yolların başlanğıcı el yoludu, sonu – səngərin yaxası. Ön xətdə el yolundan ayrılıb mövqelərə yaxınlaşan qədimi yollar da, müharibə səbəbindən yaranan təzə yolların da boyu səngərəcəndi. Təzə yollar səngərdə bitir, qədim yollar səngərdən o yana işğal ömrü yaşayır; işğal olunmuş kəndlərimizdə yiyəsi köçkün düşən evlər hansı sıxılcımları yaşayırsa, səngərdən o yana yolçusuz qalmış qədimi yollar da həmin sıxılcımların eynini yaşayır. Qədimi yolları səngərdən o yana ot-əncər basıb. Yüz illərlə insan yükünə görə qürrələnən bu yollar ot-əncər yükünün ağırlığına dözə bilmir...
Azərbaycan əsgəri Ali Baş Komandanın əmriylə torpaqlarımızı işğaldan azad etmək üçün ot-əncər basmış yollardan, üzü son güllənin atılacağı məqama sarı, nağıllarda deyildiyi kimi, “təpələrdən yel kimi, dərələrdən sel kimi, badeyi-sərsər kimi” keçəcək. Azərbaycan əsgəri qələbə qazanacaq, taleyinə işğal ağrıları yaşamaq yazılmış bu qədimi yollar ot-əncər yükündən can qurtaracaq. Duyumlular o yolların alğışını eşidəcək: Surunuz yerisin, ömrümü təzələdiniz...
Bu yollar məni yazda-yayda da, payızda-qışda da dəfələrlə əsgərlərimizin əhatəsinə yetirib. Səngərlərdə gərəkli mətləb alıb gərəkli mətləb vermişik, söz sözdən barınıb, söz sözə söykək olub, bir söz digərinin davamı, bir sözün davamı olan söz başqa sözün başlanğıcı kimi dinlənilib – səmimiyyətlə söhbətləşmişik. Hər dəfə düşüncələrimin nurlandığını hiss etmişəm. Güvənc yeri kimi gəldiyim səngərlərdə döyüş növbətçiliyi aparan əsgərlər inamımı bayraq kimi göy üzünə dikəldib; bu yolda belə qüdrət var...
İndi döyüş növbətçiliyi aparan əsgərləri bir vaxtlar hərbi xidmətə bu yol gətirib; bu yollar müqəddəsliyin xidmətkarıdı. Böyük Qələbədən sonra bu yollar da yolluğunu itirəcək, əkilib-becərilən torpaqlara qarışacaq...
Avtobuslara quraşdırılmış manitorlarda diqqətimi həmişə bir yazı çəkir: “Bütün yollar Qarabağa aparır”. Ruhumuzun istəyindən süzülüb gələn reklamdı, ordumuzun yerinə yetirəcəyi əmri öncələyən bildirişdi, məmləkətimizin istəyinin ifadəsi kimi çırpınan fikirdi. O yollardan bəziləri, hələlik, səngərlərdə qırılır. Yox, qırılmır, səngərdə nəfəs dərir, döyüşlərin ilk gülləsi eşidilincə onlar da “qollarını gərəcək”...
1993-cü ilin qışında Murovdağdaydım. Gecəni “Güzgü”də, çadırda səhər eləmişdik. Əslində, kirpik-kirpiyə dəyməmişdi – torpaqdan, ata yurdundan, el-oba həsrətindən, döyüşlərdən, qələbədən, ... danışmışdıq. Belə ayamlarda yolun yerini ancaq təxmin edə bilərsən. Dan yeri söküləndə bir boy da dikəlib üzü Kəlbəcərə gedən (aparan) yola sarı baxmışdım. Mənə elə gəlmişdi ki, qar basmış yolun havası çatmır. “Bu havasızlıq təkcə qara-sazağa görə deyil, bu yol yüz-yüz illərlə yüzlərlə qışın şaxta-sazağını görüb. Şaxtaya, sazağa bac verməyib. Bu “havasızlıq” məhrəm yolçuların ayaq səslərindən, isti nəfəslərindən iraq düşmənin havasızlığıdı”, – demişdim. Onda Bəhramın əli ərklə çiynimə enənəcən gözlərim qar basdığına görə görünməyən – qar altında qalmış yoldan yığılmamışdı. “Döyüş əmri veriləndə üzü qələbəyə doğru qarı düzləyə-düzləyə gedəcəyik. Ruhumuzla görürük yolu, bu, öz yerində, bələdçimiz ruhumuz, Vətənə sevgimiz, dövlətimizə sədaqətimiz olacaq”, – Bəhram belə demişdi.
Haradan keçdiyini gözqaralı bildiyimiz bu yolun bir ildi insan yükü yoxdu. Yol təkcə məntəqələri birləşdirən torpaq deyil, yol yolçunun ürəyinin təpəridi, dizinin taqətidi, mənzildən-mənzilə yetirən qüdrətdi. Yol başlanğıcla şərti sonun arasında mehr-ülfətdi; Kəlbəcərə aparan yolun Azərbaycan əsgərinin ömür verəcəyi başlanğıcında ürəyimizin gözüylə şərti sonu bildiyimiz Kəlbəcərə sarı baxmışdıq...
Bu düşüncələr içindəykən çadırdan ruhumuzun uçuntusuna dönən “Ruhani” eşidilmirdi. Sahibiydi. Bütün varlığıyla torpaq adamı, el adamı, elat adamı, xalq, millət adamı kimi tanıdığım və sevdiyim baş leytenant Sahib Aslanov. Bu necə gündə məni (və bizi!) saz havalarıyla neçə dəfə “öldürüb-diriltmişdi”. O anlarda mənə elə gəlmişdi ki, Sahibin bu “Ruhani”si uca ruhların bu mövqedə döyüş əmri gözləyən əsgərlərimizə iltimasıdı, tapşırmasıdı, tapşırması tamamlananda bələdçi kimi önə düşəcək, yolu nişan verəcək; “Ruhani”ni Azərbaycan əsgərinin yaxın sabahlardakı döyüşlərinə xəlqi-milli ruhun xeyir-duası bilmişdik...
2016-cı ilin Aprel döyüşləri başa çatanda Lələtəpədəydim. Xeyli aralıda ermənilərin mövqeləri də görünürdü. Lələtəpədə dalğalanan bayrağımıza bağır basmışdım, öpüb gözlərimin üstünə qoymuşdum. Döyüşlərdə iştirak etmiş zabit və əsgərlərlə o bayrağın kölgəliyində söhbətləşmişdik. Hamısının baxışlarında qətiyyət görmüşdüm, daha geniş miqyaslı döyüş əzmi, qələbə ruhu görmüşdüm. Bu miqyasın tam qələbə, Böyük Qələbə olacağını da duymuşdum. Qalibiyyət bayrağımıza postament olan Lələtəpənin yan-yörəsində yollar görmüşdüm. Ünvansız-filansız soruşmuşdum: “O yollar hara gedir?”. Sorğumu özümdən savayı kimsə eşitməmişdi. Və öz sualımı özüm cavablandırmışdım:
İnam zirvəsisən, Lələtəpəmiz,
Səni bayraq edən qollar görünür.
Sağın da, solun da yollardı...
Burdan
Şuşaya aparan yollar görünür!..
Ali Baş Komandan döyüş əmri verəndə o yolların hər biri Azərbaycan əsgərinin ayağına döşənəcək, Böyük Qələbəyə aparacaq. Həm də yaxın vaxtlarda...
Bu yollar ömrümüzdən keçəcək. Ona görə də bu günümüzdən keçib sabahlarımıza aparacaq. Onda “Yol ömürdü...” kəlmələri daha qətiyyətlə eşidiləcək...
Rəşid Faxralı