14 noyabr 2019 19:14
1171

Yol hərəkəti qaydalarına hamı riayət etməlidir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Azərbaycan Uşaq Fondu uşaqlar arasında yol hərəkəti təhlükəsizliyi qaydalarının tətbiqi ilə bağlı  maarifləndirici tədbirlər həyata keçirir.  Yekun tədbir isə noyabrın 14-də Beynəlxalq Mətbuat Mərkəzində reallaşdı.

Uşaqların iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Uşaq Fondunun səlahiyyətli nümayəndəsi Səbinə Novruzzadə çıxış edərək bildirdi ki, uşaqlar arasında yol hərəkəti təhlükəsizliyi qaydalarının təbliği  günümüzün tələbidir. Layihə, təhsil müəssisələrində, xüsusilə orta məktəblərdə  yol hərəkəti qaydalarını təbliğ etmək, eləcə də uşaqlara özlərini yollarda yarana bilən təhlükələrdən necə qoruna bilmələrinin öyrədilməsindən bəhs edir. Layihə çərçivəsində  müvafiq  hökumət, qeyri-hökumət və digər qurumları  bir araya gətirərək, onları yollarda uşaqların təhlükəsizliyi barədə məktəblərdə maarifləndirmənin artırılmasına cəlb etmək, problemin daha strukturlaşdırılmış və effektiv həlli üçün birgə fəaliyyət göstərmək məsələsini  ictimaiyyətləşdirməklə ölkənin ümumi səylərinə töhfə vermək nəzərdə tutulur. Layihənin məqsədi uşaqlar arasında  yol hərəkəti təhlükəsizliyi qaydalarının təbliğinin  kütləviləşdirilməsinə  nail olmaq üçün yol hərəkəti təhlükəsizliyinin tədrisi üzrə effektiv təbliğat kampaniyası hazırlamaq və həyata keçirməkdir. Ümid edirəm ki, məktəblərdə keçirdiyimiz layihələr uğurlu alındı.

Tədbirdə çıxış edən Bakı şəhər BPİ İctimai Təhlükəsizlik İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Məryəm Ömərova bildirdi ki, müvafiq tədbirlərin keçirilməsində başlıca məqsəd yol qəzalarında uşaqların xəsarət almasının qarşısını almaqdır. Hər bir vətəndaşın həm özünü, həm də yaxınlarını yollarda yarana biləcək təhlükələrdən qoruya bilməsi üçün yol təhlükəsizliyi qaydalarına riayət etməsi vacibdir. Onun üçün də onlar yol hərəkəti haqqında qanunda nəzərdə tutulan müddəalardan xəbərdar olmalıdırlar. Uşaqların təhlükəsizliyinin təmin olunmasında ən böyük vəzifə  valideynlərin və müəllimlərin üzərinə düşür. 

Tədbirdə çıxış edən digər natiqlər bildirdilər ki, bu kimi tədbirlərin bütün tədris ocaqlarında keçirilməsi vacibdir.   Məktəbyaşlı uşaqların, yol hərəkəti qaydalarını öyrənmələri ilk növbədə onları əhatə edən mühitə düzgün münasibətin formalaşmasına xidmət edir. Uşaqlar küçə və yollarda bir növ sərbəst olur və təbiidir ki, onların hərəkətlərinə nə valideynlər, nə də müəllimlər nəzarət edə bilirlər. Odur ki, uşaqların yol hərəkəti qaydalarını bilmələri və küçədə ona əməl etməklə intizamlı olmaları çox vacibdir. Yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, uşaqların hadisələrdə zərər çəkmələri onların  davranışından asılıdır. Məktəblərdə yol hərəkəti qaydalarının öyrədilməsi və məktəbdənkənar pedaqoji tədbirlərin müntəzəm keçirilməsi uşaqların küçədə intizamlı olmalarına və bədbəxt hadisələrin azalmasına kömək edə bilər.

Şəmsiyyə Əliqızı, “İki sahil”