18 yanvar 2021 19:01
959

Yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafı üçün yeni imkanlar yaranır

Dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında iki zavodun təməlinin qoyulması, vərəqə şüşə istehsalı müəssisəsinin açılışı bunun bariz nümunəsidir

Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Ən əsası regionların inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən ölkə Prezidenti regional inkişaf proqramlarının qəbulu və uğurlu icrası ilə bugünkü reallıqlara yol açdı. Bir qayda olaraq bu çağırış da edilir ki, yeni iş yerlərinin yaradılması daimi proses olmalıdır. Buna əsas verən təbii ki, ölkəmizin demoqrafik vəziyyətidir. Dövlətimizin başçısı bildirir ki,  Azərbaycanın uğurlu inkişafı, sənaye sahəsində, iqtisadi sahədə inkişaf əhalinin artımına bilavasitə təsir edən amildir və biz buna daim hazır olmalıyıq.

12 istiqaməti əhatə edən Strateji yol xəritələri ayrı-ayrı sahələrin inkişafına istiqamətlənib. Kompleks tədbirlər dayanıqlı inkişafı şərtləndirir. Strateji yol xəritələrindən öncə «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında əsas prioritetlər və icra mexanizmləri  öz əksini tapmışdır.  2020-ci ilə qədər dövrü əhatə edən müddətdə əsas hədəf kimi Azərbaycanın yüksək gəlirli ölkəyə çevrilməsi,  inkişaf etmiş ölkələr sırasında addımlaması, bu günə qədər 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq idi.  Bu uğurları şərtləndirən əsas amillərdən biri də  Azərbaycanın innovasiyalara meyilli olmasıdır. Dövlətimizin başçısı bildirir ki, Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf etməlidir. Yəni, bütün lazımi tədbirlər görülüb. Təsadüfi deyil ki, bunu beynəlxalq maliyyə qurumları qeyd edir. Biznes mühitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər bunu göstərir ki, bu gün iqtisadi sahədə Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasındadır. Bununla paralel olaraq, Azərbaycan  sosial sahəyə də çox böyük diqqət göstərir. Reallaşan layihələr - milyardlarla dollar həcmində ölçülən bu layihələr,  təşəbbüslər  niyyətimizi, siyasətimizi göstərir.

Dünyanı cənginə alan pandemiyaya qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir  zamanda dövlətimizin başçısı İlham Əliyev yeni müəssisələrin yaradılmasını diqqətdən kənarda qoymur. Ötən il neçə-neçə müəssisənin istifadəyə verilməsinin davamı olaraq 18 yanvarda  Sumqayıt Kimya Sənaye Parkında iki zavodun təməlinin qoyulması, vərəqə şüşə istehsalı müəssisəsinin açılışı da deyilənlərin bariz nümunəsidir.

Əvvəldə də qeyd etdiyimiz kimi, iqtisadiyyatın şaxələndirilməsi iqtisadi siyasətin əsas tərkib hissəsidir. Məhz iqtisadiyyan düzgün əsaslar üzərində qurulmasının nəticəsidir ki, Azərbaycan 2008-ci ildə  dünyanı bürüyən maliyyə  və iqtisadi böhranın çətinliklərini öz üzərində az hiss etməklə yanaşı, 2020-ci ildə koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi bir zamanda da  sosial-iqtisadi göstəricilərində o qədər də böyük dəyişiklərə nail olmadı. Buna səbəb  Azərbaycanın malik olduğu neft-qaz  resurslarından  səmərəli istifadəsi nəticəsində əldə etdiyi  maliyyə imkanlarının düzgün istiqaməndirilməsi, ölkəmizdə  sənaye müəssisələrinin  tikintisinə  və potensial imkanlarının genişləndirilməsinə xüsusi diqqət göstərilməsidir.  Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər həyata keçirilir. Sənayeləşmə siyasətinə uyğun olaraq ölkəmizdə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir. Bu kimi hallar isə öz növbəsində   yeni iş yerlərinin  yaradılmasına, işsizlik həddinin azalmasına öz müsbət təsirini göstərir.

Müasir dövrün yeni texnologiyaların inkişafı və tətbiqi dövrü olduğunu nəzərə alsaq, eyni zamanda, iqtisadiyyatın inkişafı ilə  yeni texnologiyaların  zəncirvari   əlaqələrinin mövcudluğu fonunda  yeni, müasir tələblərə cavab verən müəssisələrin yaradılması günümüzün əsas tələbləri sırasındandır. Qlobal çağırışlarla uzlaşan sənaye parkları və məhəllələri, aqroparklar kimi mütərəqqi mexanizmlər ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, neft-qaz amilindən asılılığın daha da azaldılmasına, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafına və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına yeni imkanlar açır.

Qeyd edilən müəssisələrin təməlinin qoyulması və açılış məraimindən sonra dövlətimizin başçısı İlham Əliyev  Azərbaycan Televiziyasına müsahibəsində də  hazırkı  dövr üçün prioritetləri açıqlamaqla yanaşı,  bu mühüm məqamı da xüsusi qeyd edib ki, bu addımların  atılması ilə  yerli istehsal canlanacaq, iş yeri yaradılacaq və iqtisadiyyatımızın şaxələndirilməsi təmin ediləcək. Ötən ilə qısa baxış fonunda deyə bilərik ki,  dünya bazarlarında neftin qiymətinin aşağı səviyyədə olduğu bir dövrdə də ölkə iqtisadiyyatı  dayanıqlılığını qoruya bilmişdir.

Diqqəti  2020-ci ilin  yekunlarına həsr olunan müşavirəyə  yönəldən dövlətimizin başçısı İlham Əliyev ötən il valyuta ehtiyatlarının azalmadığını, əksinə az da olsa artdığını qeyri-neft sektorunun uğurla inkişaf etməsi ilə əlaqələndirib. Hansı ki, ötən il dünya dövlətləri koronavirus infeksiyasının fəsadlarını, iqtisadiyyatın durğunluğunu yaşamışlar.  Bir sözlə, bütün dünya ölkələrində 2020-ci il iqtisadi tənəzzül ili olmuşdur. Amma Azərbaycanda  tənəzzül cəmi 4,3 faiz təşkil etmişdir. İnkişaf etmiş bəzi ölkələrdə bu, daha böyük rəqəmlərlə ölçülür. Ölkəmizdə qeyri-neft sənaye sahəsində artım 12,5 faiz olub.  Sənaye, kənd təsərrüfatı, qeyri-neft sektoru, ixrac imkanları, idxaldan asılılığın azaldılması - bütün bu amillər bugünkü yeni reallığı yaradıb.

Son 17 ilin iqtisadi yüksəlişi bu fikri böyük inamla söyləməyə əsas verir ki,  ölkəmizin uzunmüddətli dayanıqlı inkişafı qaçılmazdır.  2021-ci ilin ilk ayında yeni müəssisələrin təməlinin qoyulması və açılışı müsbət göstəricidir.  Ötən il Azərbaycan tarixinə Zəfər ili kimi yazıldı. Artıq 2021-ci ildən yeni dövr başlayır. Dövlətimizin başçısı İlham Əliyev son 17 ildə  Sumqayıta bəlkə də 30 dəfə səfər etdiyini önə çəkərək bildirmişdir ki, hər dəfə burada olanda, həm sənaye müəssisələrinin işə düşməsi, eyni zamanda, şəhərsalma ilə bağlı görülən işlər, insanları narahat edən problemlərin həlli daim diqqət mərkəzində olur. Bu 3 müəssisədə 350-dən çox iş yeri yaradılıb və burada işləyənlərin əksəriyyəti yerli sakinlər olacaq.

«Biz bu müəssisələri yaratmaqla həm bu günün məsələlərini həll edirik, həm də gələcək məsələləri» söyləyən dövlətimizin başçısı İlham Əliyev özlüyündə yaranan bu sualı səsləndirmişdir: Nə üçün Azərbaycanda bizə lazım olan bütün istehsalat sahələri yaradılmasın? Azərbaycanın sabitlik diyarı, böyük investisiyalar məkanı kimi tanınması ölkəmizə xarici investisiyaların cəlbini daha da sürətləndirir. Ümumiyyətlə, ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması həyata keçirilən siyasətin əsasını təşkil edir.  Azərbaycanda mövcud biznes mühiti beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapır. Belə ki,  Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 10 ən islahatçı ölkə sırasındadır və dünya miqyasında 28-ci yerdədir.  Təbii ki, bu reytinqi qorumaq, mövqeyimizi daha da möhkəmləndirmək üçün vacib olan amillər vardır: Sabitlik, xalq-iqtidar birliyi,  əmin-amanlıq, təhlükəsizlik.

Artıq müharibə  başa çatıb. Qarşıdakı illərdə işğaldan azad edimiş torpaqlarımızın malik olduğu potensial imkanlardan səmərəli istifadə edilməklə qeyri-neft sektorunun inkişafı daha da sürətlənəcək. Yuxarıda da qeyd etdiyimiz kimi, iqtisadi artımın qeyri-neft sektorunun hesabına olması son 17 ilin əsas çağırışlarındandır. Azərbaycanın bu gün neft-qaz sektoru ilə yanaşı, qeyri-neft sektorunda da əldə etdiyi uğurlar, bu sahədə mövcud imkanlar bu fikri böyük inamla qeyd etməyə əsas verir ki, bugünkü Azərbaycana investisiyalar, ilk növbədə, qeyri-neft sektoruna daha böyük həcmdə gələcək. Dövlətimizin başçısı bildirir: «Çünki əgər əvvəlki illərdə - münaqişə hələ həll olunmamış bir vəziyyətdə biz bu investisiyaları cəlb edə bilmişiksə, bu gün bunları cəlb etmək daha asan olacaq.»

Azərbaycan iqtisadiyyatını düzgün əsaslar üzərində qurmaqla dayanıqlı inkişafını təmin edir, ən əsası dünyaya yeni iqtisadi modelini nümayiş etdirir.

Yeganə Əliyeva, «İki sahil»