30 iyun 2020 18:48
420

Yurddaş Partiyasının sədri: Ermənistanı layiq olduğu yerdə otuzduracağıq

 “Bütün beynəlxalq təpkilərə, BMT-nin qətnamələrinə və digər beynəlxalq qurumların tələblərinə baxmayaraq Dağlıq Ermənistan işğalçılıq siyasətindən əl çəkmir və bu gün işğal etdiyi ərazilərimizdə qanunsuz məskunlaşdırma ilə məşğuldur. Baxmayaraq ki, Azərbaycan da dünyanın digər ölkələri kimi pandemiya ilə çox ciddi mübarizə aparır, öz xalqının sağlamlığını, həyatını qorumaq üçün kəsərli addımlar atır amma elə bu fonda da özünün ən ciddi və ağrılı problemi olan Qarabağ münaqişəsinin ədalətli həlli üçün çalışmaqdan əl çəkmir. Ölkəmiz bu yöndə diplomatik fəallığını getdikcə artırır.”Bu sözləri Yurddaş Partiyasının sədri Mais Səfərli “İki sahil” qəzetinə açıqlamasında söyləyib.

Həmsöhbətimiz qeyd edib ki, Paşinyan öz sələflərinddən fərqli olaraq hakimiyyətə demokratiya şüarı ilə gəldi: “Müəyyən Qərb dairələri də inanırdılar ki, Paşinyan gəlib nəhayət ki,  müstəqil və demokratik bir dövlət qura biləcək, beynəlxalq qanunlara uyğun hərəkət edəcək. Lakin demokratiya pərdəsi altında hakimiyyətə gələn Paşinyan bu gün heç nə edə bilmir, əksinə ölkəsini sələflərindən pis idarə edir. O, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlardan boyun qaçırır, müxtəlif vasitələrlə Dağlıq Qarabağın erməni icmasını danışıqlarda tərəf kimi tanımağı təklif edir. Amma bu məsələdə Azərbaycanın çox sərt təpkisinə rast gəlir. Prezidentimiz müxtəlif beynəlxalq təşkilatlarda Paşinyanın maskasını üzündən çıxarıb atıb və onun çox gərəksiz və demokratik olmayan siyasət yürütdüyünü  dönə-dönə sübut edib. Prezidentimizin kəsərli mövqeyi sayəsində bu gün dünyada Paşinyana inanan qalmayıb. Heç xaricdəki erməni diasporu belə Paşinyana inanmır.”

M. Səfərlinin sözlərinə görə, Ermənistanın heç bir iqtisadiyyatı yoxdur, o, bu gün asılı bir dövlətdir. “Prezidentimiz bu yaxınlarda Ağcabədiyə və Tərtərə səfərləri zamanı çıxışlarında birmənalı çəkildə bildirdi ki, Azərbaycanın Dağlıq Qarabağ məsələsindəki mövqeyi dəyişməzdir. Azərbaycan dövləti öz ərazi bütövlüyünü və suverenliyini hansı yolla olursa-olsun, bərpa etməlidir. Beynəlxalq şəraitin bizim xeyrimizə dəyişməsi üçün müəyyən işlərin aparılmasına da ehtiyac var. Bunu da cənab Prezidentimizin dönə-dönə vurğulamışdır. Prezidentimizin bu qərarlı mövqeyi ictimaiyyət tərəfindən də məmnuniyyətlə qarşılanır.”

Partiya sədri qeyd etdi ki, biz Ermənistanı istər siyasi, istərsə də digər diplomat müstəvilərdə küncə sıxışdırmışıq: “Bu bir faktdır. Bilirəm ki, yaxın zamanda biz hərbi müstəvidə də Ermənistanı layiq olduğu yerdə otuzduracağıq və torpaqlarımızı işğaldan azad edəcəyik. Bunu cənab İlham Əliyev “N” saylı hərbi hissənin hərbiçiləri ilə görüşündə də bird aha bəyan etdi.”

Röya Rasimqızı,

“İki sahil”