08 avqust 2019 11:26
338

Yuxu haqqında nələri bilməliyik?

Araşdırmalar göstərir ki, gündəlik yuxu norması orta hesabla 7-8 saatdır. Normadan az və ya çox yatan insanlar var ki, onlar üçün yeddi saatlıq yuxu uzun, yaxud da qısa ola bilər. Yuxuya olan tələbat və ehtiyac tam ödənmədikdə isə insanda yorğunluq, narahatlıq, əhval-ruhiyyədə dəyişkənlik, narahatlıq, aqressiya yaradır.

Əslində, biz nə qədər yatmalıyıq deyə sual  da verə bilərsiniz...

Amerika Birləşmiş Ştatları (ABŞ) Milli Yuxu Fondunun gəldiyi qənaətə görə normal yuxu rejimini müəyyənləşdirən əlamətlərdən biri də məhz yaş qruplarıdır:

Yeni doğulanlar (0-3 aylıq):  14 saatdan 17 saatadək yatmalıdırlar.Onların 19 saatdan artıq yatmalarına yol vermək olmaz.

Çağalar (4-11 aylıq): Tövsiyə olunan yuxu vaxtı 12-15 saatdır. Onlar 18 saatdan artıq yatmamalıdırlar.

Körpələr (1-2 yaş): Körpələrin 9 və 16 saat arası müddətdə yatmalıdırlar.

Məktəbəqədər uşaqlar (3-5 yaş): Ekspertlər onlar üçün 10-13 saat yuxu vaxtını tövsiyə edirlər.

Məktəb yaşlılar (6-13 yaş):  9-11 saat arası yatmağı məsləhət görür. Yeniyetmələr (14-17 yaş): Bu qrup üçün tövsiyə olunan yuxu vaxtı 8-10 saatdır.

Gənclər (18-25 yaş): Onlar 7-9 saat yatmalıdırlar. Lakin 6 saatdan az, 11 saatdan çox yatmaq yaxşı deyil.

Böyüklər (26-64 yaş): Bu qrup üçün gənclərə tövsiyə olunan yuxu müddəti məsləhət görülür.

Yaşlılar (65 yaşdan yuxarı): Sağlam müddət gündə 7-8 saatdır, lakin 5 saatdan az, 9 saatdan çox yatmaq məsləhət görülmür.

Deməli, hər bir insan  həm də yaşına uyğun olan yuxu rejiminə riayət etməlidir. Həddindən artıq az  və ya çox yatmaq sağlamlığınız üçün gələcəkdə çox ciddi problemlər yarada bilər. Unutmaq olmaz ki, yuxu insanı gümrah saxlayan başlıca şərtdir.

Yuxu prosesini yaxşılaşdırmaq üçün bir neçə məsləhətə də əməl etmək lazımdır:

Hətta həftəsonları da yuxu rejiminizi pozmayın.

Özünüz üçün rahat yataq düzəldin.

Hər gün idman edin.

Yataq otağınızda ideal temperaturun, səssizliyin və işığın dərəcəsini müəyyənləşdirin.

 “Gizli yuxuqaçıranlardan” – alkoqol və kafeinli içkilərdən imtina edin.

Yatağa uzanmadan öncə elektrik cihazlarını söndürün.

Rusiya Kütləvi informasiya vasitələrində yayımlanan məlumata əsasən, uzun müddət davam edən yuxusuzluq insanların əzgin və əsəbi olması  ilə nəticələnir. “Kaliforniya” universitetinin alimləri qeyd ediblər ki, normadan artıq yatmaq da insanların sağlamlığına zərbə vurur. Yuxu rejiminə diqqət etməyən insanlar, asma, diabet xərçəng və s. xəstəliklərə yoluxma riski ilə üzbəüz qalırlar. “Skrips” universitetinin alimləri yuxunun insan orqanizminə bəxş etdiyi faydalar haqqında danışıblar. Belə ki, alimlərin keçirdiyi çoxsaylı araşdırmalar nəticəsində məlum olub ki, yuxu həqiqətən insan yaddaşını gücləndirir. Yuxu zamanı ürəyə düşən gərginlik azalır, ürək dincəlir, bərpa olunur. Hər bir insan üçün rejimə riayət etmək çox mühümdür. Alimlərin keçirdiyi araşdırmaların nəticəsində məlum olub ki, rejimə və nizama riayət etməmək müxtəlif növ problemlərlə yol aça bilər. Bunların ən əsası da yuxusuzluqdur. Sağlam  ruh və gümrah orqanizm üçün yuxu rejiminizə də xüsusilə diqqət edin.

Yaqut Ağaşahqızı, “İki sahil”