KÖŞƏ

Nilufər Mustafaqızı

Yuxusu “çin” olmayan Paşinyan

21 may 2019 10:41
4120

Regionun ən zəif, ən rəzil ölkəsi statusunu daşıyan Ermənistanda yaşanan iqtisadi, siyasi böhran, etirazlar, əhalinin yoxsulluq səviyyəsinin gündən-günə artması, demoqrafik vəziyyətin hər keçən gün daha da pisləşməsi və s. bu kimi hallar bütün dünyaya məlumdur. Hər zaman dünyanın güclü dövlətlərinə özlərini yazıq kimi göstərərək mənfəət güdən, bundan sonra da özlərini böyük bir qüvvə  kimi qiymətləndirmə cürətini göstərən işğalçı ölkənin rəhbərlərinin yeni hədəfi bu dəfə dünya nəhənglərindən olan Çin Xalq Respublikası oldu.

“Səfillər” ölkəsinin lideri Nikol Paşinyan Çinə “işgüzar” səfərə gedərək yenə də bir arpa boyda yol qət edə bilmədən arzularını bağrına basıb geri dönməli oldu. Pekinə sərmayə dilənməyə gedən Paşinyan gerçəkləşdirə bilmədiyi yuxularını “çin” edə bilmək üçün gücü dilinə verməyi qərara aldı. İllərdir onun-bunun hesabına qətliamlar, soyqırımlar, terrorlar təşkil edərək özlərinə ölkə quranlar bu dəfə də öz amplualarında idilər. Bəli, bu dəfə də özlərini yazıq vəziyyətə gətirərək haqsız yerə blokadada olduqlarını, bunun Ermənistanın təhlükəsizliyi üçün böyük əngəllər törətdiyini səsləndirərək öz yalançı, riyakar xislətlərini yenidən bütün dünyanın gözü önünə sərən Paşinyanın yalanları bu dəfə ayaq belə tuta bilmədən yolda qaldı. Maraqlısı isə odur ki, Paşinyanın özünə də məlumdur ki, Çin kimi bir iqtisadiyyat nəhəngi Ermənistan kimi təcavüzkar, regionun bütün önəmli layihələrindən kənarda qalan, cırtdan, zavallı və dilənçi kökündə yaşayan ölkəyə axı nə üçün sərmayə yatırmalıdır? Görünür erməni lider özünü öz yalanlarına belə inandırmağı bacarmayıb.

Öz sələflərinin yolu ilə gedən, hətta onların dağıdıb tökdüklərini belə yerlə-yeksan edən Paşinyanın məqsədinə çata bilməməsi yenə də erməni xalqına baha başa gələcək. Çünki erməni xalqı onsuz da acdır və məhv olmaq üzrədir. Bunu biz yox, elə onların özləri etiraf edirlər.

İşğalçı ölkədə  etiraz aksiyalarının olmadığı, əhalinin baş qaldırmadığı elə bir region, elə bir sahə qalmayıb. Jurnalistlərin Paşinyan rejimindən etdikləri narazılıqlardan sonra  indi də İrəvan zooparkının işçiləri yenidən tətilə başlayıblar. Etirazçılar diqqəti məhv olmaq təhlükəsi ilə üz-üzə olan heyvanat parkının mühafizəsinə çəkmək istəyirlər.

İrəvan zooparkına yeni təyinatdan sonra orada vəziyyət daha da pisləşib. Mer Hayk Marutyanın yaxın qohumu olan heyvanat parkının rəhbəri onun ərazisini iaşə obyekti sahiblərinə satmağa başlayıb. Bu da zooparkın əməkdaşlarının narazılığına səbəb olub. İşə çıxmağa imtina edən etirazçılar şəhər meriyası qarşısında müddətsiz aksiyalara başlayıblar. Onlar İrəvan meri ilə görüş tələb etsələr də buna nail ola bilməyiblər.  Etirazçıların sözlərinə görə  6 aydır Ruben Xaçatryan zooparka rəhbər təyin edilib və həmin gündən də problemləri pik həddə çatıb. Son 3 ayda zooparkda 10 heyvan qida çatışmazlığından ölüb. Ruben Xaçatryanın işindən narazı olan zoopark çalışanları onun  1 il də burada çalışmasının nəticəsi olaraq   Ermənistanda yeganə olan bu heyvanat parkının məhvi olacağını deyiblər. Heyvanların acından, baxımsızlıqdan  öldüyünü söyləyən zoopark əməkdaşları insanlardan dəstək gözləyirlər.

Görün bu ölkə nə gündədir ki, orada yaşamalı olan heyvanlar belə aclıqla mübarizə aparmalıdırlar. Bu səbəbdən aksiyanın keçirilməsi belə insanda bir ikrah hissi oyadır ki, axı sizin ölkənizdə insanlara belə dəyər verilmir, onların sağlamlıqları, yaşayış tərzləri, bu günləri, sabahları belə heç kimin vecinə deyil, dili, ağzı olmayan heyvanların hüquqları necə qorunacaq, onlar necə yaşayacaqlar?  Bu kimi biabırçı səbəblərdəndir ki, bir damcı imkanı, potensialı olan hər kəs heç düşünmədən, arxalarına belə baxmadan qaçmağı hər şeydən üstün tuturlar. Vətəndaşları ölkəni tərk etməyə vadar edən əsas səbəblər kimi başda  işsizlik - 31,7%, perspektivsizlik - 29,6%, ədalətsizlik - 19,3% və adi çörək pulu qazanmaq imkanı olmadığıdır - 17,2 % olmamasıdır.

Məhv olmaq gerçəkliyini illərdir yaşayan və heç cür bu reallıqdan yaxa qurtara bilməyən Ermənistanda son pərdənin enməsinə az qalıb. Lap az...