08 avqust 2019 12:50
91

“Yuytu-2” lunoxodu Ayın səthində 271 metr məsafə qət edib

Çinin 2019-cu ilin yanvarında Ayın səthinə enmiş “Çanye-4” kosmik aparatının tərkibində olan “Yuytu-2” lunoxodu Yerin təbii peykinin səthində yeddi ay ərzində 271 metr məsafə qət edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Sinxua agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, avqustun 7-də Pekin vaxtı ilə saat 17:00-da (Bakı vaxtı ilə 13:00) avtomatik “Çanye-4” kosmik enmə aparatı və “Yuytu-2” lunoxodu Ayın səthində növbəti iş prosesindən sonra istirahət rejiminə keçib. Bu rejim 14 Yer sutkası ərzində davam edəcək. Qeyd olunub ki, lunoxod gündüz saatlarında tapşırılan marşrut üzrə hərəkət edib və Ayın səthinin zondsalmasını davam etdirib, landşaftı və torpağın tərkibini öyrənib, habelə ulduzları şüalandırdığı neytron radiasiyasının səviyyəsini ölçüb.

Bundan başqa, “Çanye-4” kosmik aparatı və “Yuytu-2” lunoxodunun normal iş vəziyyətində olduğu bildirilir. Yer ölçüsü ilə 14 sutka davam edəcək Ay gecəsindən sonra lunoxod yenidən fəaliyyətə başlayacaq.

“Çanye-4” kosmik aparatı 2018-ci il dekabrın 9-də Çinin Siçan əyalətindəki kosmodromdan buraxılıb. Avtomatik enmə modulu və lunoxoddan ibarət olan bu aparat Yerin təbii peykinin görünməyən tərəfini tədqiq edir. O, yanvarın 3-də uğurla Ayın səthinə endirilib və artıq bir saatdan çox bir müddətdə yaxın məsafədən fotoşəkilləri Yerə göndərib.