25 yanvar 2021 20:00
880

Zəfər Gününün ovqatı həmişə yaşanılacaq

Vətən müharibəsi: qazilər

 

Azərbaycan ordusunun Vətən müharibəsində qələbəsi həm işğalı sonlandırdı, həm də Cənubi Qafqazda bir terror şəbəkəsini sıradan çıxatdı. Bu, etiraf etsə də, etməsə də erməniliyin böyük məğlubiyyəti oldu. Erməni işğalını 44 günə sonlardıran bu qələbənin icraçıları sentyabrın 27-nə kimi əsgəriydilər, Vətən müharibəsində döyüşçü oldular. Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatı kimi başlayan, Vətən müharibəsi kimi davam edən 44 günlük döyüşlər azərbaycançılığın qələbəsi olaraq tarixləşdi. 10 noyabr Zəfər günü kimi qeyd ediləcək, Zəfər gününün ovqatı isə həmişə. Bu xatirələr yaşarı xatirələrdir; danışıldıqca yaşadılacaq, yaşadıldıqca danışılacaq.

Elə bil dünənlərdi – hərbi xidmətin ilk günləriydi. Onda da belə maraqla, istəklərlə kəlmələşirdilər. Bir-birini daha yaxından tanımaq üçün, bir-birinə bir qədər də ətraflı bələd olmaq üçün. Nicat Göyüşov Goranboydan, Nicat Yaqubov Bakıdan söz açmırdı. Hərbi mundir geyinəli onlar üçün ən duyğusal məkan döyüş növbətçiliyi apardıqları mövqe idi. Onların Vətənə sevgisi, Goranboydan, Bakıdan yox, bu mövqedən başlanırdı; hər cümlədə Vətən vardı, döyüş istəyi – döyüş əzmi vardı, qələbə ruhu vardı...

Hərbi xidmətlərinin ilk ayları idi. Döyüş növbətçiliyinə gedirdilər, digər əmrləri məsuliyyətlə yerinə yetirirdilər. Ötən həftə komandirləri döyüş hazırlığında fərqləndiklərinə görə ikisinə də təşəkkür elan etmişdi və “Döyüşlərdə də təşəkkür alacağınıza əminəm”, – əminliklə demişdi...

Ermənistan silahlı birləşmələri böyük təxribat niyyətiylə bütün istiqamətlərdən (bəzi istiqamətlərdə Azərbaycan torpaqlarından) hücuma keçdi...

Əsgərlərin istəyi Ali Baş Komandanın əks-hücum əməliyyatı ilə gerçəkləşdi. Onların xidmət etdiyi hərbi bölük də döyüşə cəlb olundu. İki ay əvvəl komandirlə mükalimələşməsini xatırlayan Nicat Yaqubov gözucu Nicat Göyüşova baxmağa macal tapdı. Baxışlar kəlmələşdi...

2016-cı ilin aprelində Talış kəndi uğrunda ağır döyüşlər getmişdi. Kəndin ətrafındakı strateji yüksəkliklər ordumuzun nəzarətinə keçmişdi. Düşmən bu kənddən sıxışdırılmışdı, ancaq kənddə möhkəmlənmək mümkün olmamışdı.

Madagiz (Suqovuşan) mühüm strateji məntəqə idi. Düşmənin bu istiqamətlərdə olan qüvvələri Madagizdən idarə olunurdu, Madagizin ermənilərdən təmizlənməsi həm bu idarəetmənin qarşısını alardı, düşmənin qüvvələrində kifayət qədər gərəkli çaşqınlıq yaranardı, həm də Ağdərəyə gedən yol tamamilə bağlanardı.

Əks-hücum əməliyyatı başlanan gün Madagiz istiqamətində də hücum başladı. Nicatgilin bölüyü də hücum xəttində idi.

Döyüşürdülər...

Döyüş əmrini yerinə yetirmək, mövqe qələbəsi qazanmaq üçün döyüşürdülər.

2020-ci ilin sentyabrın 27-də başlayan döyüşlərdə Madagiz istiqamətində gedən döyüşlərdə Talş kəndinin azad olunması əmri verildi. Natiq Göyüşov da, Natiq Yaqubov da döyüşənlərin sırasındaydı. İkisi də 2016-cı ilin Aprel döyüşlərinin davamı kimi döyüşdü. Hər ikisi döyüşlərdə şəhid olanların ruhunu da sıralarında bilib döyüşürdü. Hər ikisi o döyüşü  şəhidlərin qisas döyüşü bilib döyüşürdü.

Oktyabrın 3-də Madagiz azad edildi

Komandir əsgər Natiq Göyüşova da, əsgər Natiq Yaqubova da təşəkkür elan etdi...

Hər ikisinin hərbi xidməti davam edir, hər ikisi nümunəvi əsgərdir...

Vətən müharibəsi tarixləşdi. Arada Natiq Yaqubov neçə aylar əvvəl komandirinə dediyi sözləri xatırlayır: döyüşlərdə kaş biz də iştirak edəydik. Bu xatırlatmanın doğmalığı Natiq Göyüşovu da duyğulandırır. digər əsgərləri də. Həmin günün xatırlatmasıyla Vətən müharibəsinin döyüşlərindən danışırlar. Qəhrəmanlıqları, qəhrəmanları xatırlayırlar. Hər cümlədə Vətən var, qələbə sevinci, qələbənin qüruru var. Qazilər Vətən müharibəsində qazanılan Zəfəri “Mən azərbaycanlıyam!” deyənlərin ömrünün bundan beləsinin qürur bayrağı bilir...

İctimaiyyət ordumuza həmişə güvənib, onun qüdrətinə dönməzliklə inanıb. Suqovuşanın, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Şuşanın işğaldan azad edilməsilə ictimaiyyətin yaşadığı sevinci heç kim necə varsa, elə ifadə edə bilməyəcək. Bu sevinci Vətən müharibəsinin iştirakçısı olmuş döyüşçülər necə yaşayıb? Asudə vaxtlarda Natiq Yaqubov da, Natiq Göyüşov da döyüşçü yoldaşlarıyla söhbətləşəndə bu sualın cavabı olası mətləblərdən də söz açırlar. Yaralanmış döyüşçünü döyüşdən çıxardanda şəhid olan döyüşçünü də xatırlayırlar, müharibə başlayalı döş cibində gəzdirdiyi bayrağımızı yaralananda son nəfəsində köksünə sıxan döyüşçünü də...

 “Şuşa işğaldan azad ediləndə yaşadığımız ovqatı sözlə ifadə edə bilmirəm”, – əsgər Natiq Yaqubov belə deyir.

“Dekabrın 10-da Azadlıq meydanında keçirilən Qələbə paradı həmin ovqatı gözəl tamamladı”, – əsgər Natiq Göyüşov belə deyir...

“Vətən müharibəsinin iştirakçısı olmuş digər əsgərlər kimi biz də özümüzü bütün döyüşlərin iştirakçısı bilirik”, – digər qazilər kimi onlar da belə deyirlər.

“Biz də Vətən müharibəsinin bütün iştirakçılarının döyüş yoldaşlarıyıq” – qazilər belə də deyirlər.

Vətən müharibəsi müqəddəs müharibə idi, qələbə də müqəddəs qələbədir. Qazilərin belə düşüncələri də qələbənin müqəddəsliyindən barınır. Qazilərlə kəlmələşənə elə gəlir ki, Vətən müharibəsində o da iştirak edib...

Rəşid Faxralı