22 yanvar 2021 17:05
1183

Zəfərdən sonrakı İntibah

2021-ci il 30 illik ayrılıqdan sonra qovuşduğumuz Qarabağın dirçəlişi, iqtisadi, sosial  və mədəni tərəqqisi ili olacaq

Prezident İlham Əliyevin bu günlərdə imzaladığı "İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında" Fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri təsis edilib. Qeyd edək ki, sənəd işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılması məqsədini daşıyır. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinə Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri rəhbərlik edəcəklər. Nümayəndələr Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ərazi hüdudlarında Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətləri həyata keçirəcək. Bu gün belə bir strukturun yaradılması həm də işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyə və abadlaşdırmaya nəzarət etmək zərurətindən irəli gəlir. Təsadüfi deyil ki, dövlət başçısının yanvarın 4-də imzaladığı Sərəncamla işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradılıb.

Otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaq. İşğaldan azad edilmiş bölgələrdə məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallıq təmin ediləcək, bu ərazilərdə həyata keçiriləcək quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanın yeni inkişaf prosesində mühüm mərhələ olacaq. Həmçinin işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması istiqamətində hər bir şəxsin göstərəcəyi dəstək tarixi qələbəmizə, qüdrətli və güclü Azərbaycan naminə milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədimizə mühüm töhfə olacaq. Prezident İlham Əliyev Şuşaya gedərkən Füzulidə bəyan etdi ki, Qarabağı qısa müddətdə bərpa edəcəyik: “Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, cəmi 44 gün ərzində, bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik”.

2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunsa da, Qarabağın dirçəldilməsi ili olaraq da tarixə düşəcək. Füzuli rayonunda beynəlxalq aeroport inşa olunacaq, Şuşada kiçik ölçülü helikopterlər üçün eniş zolaqları, aerodrom inşa olunacaq. Bundan başqa, yol infrastrukturu əsaslı şəkildə qurulacaq. Dəmir yolu xətləri çəkiləcək. Hələ müharibənin getdiyi bir vaxtda Suqovuşana yol çəkildi. Ölkə Prezidenti müharibə bitməmiş müvafiq dövlət strukturlarına göstəriş vermişdi ki, hər bir dövlət qurumu işğaldan azad olunmuş ərazilərimizlə bağlı öz layihələrini təqdim etsin. Artıq həmin ərazilərdə Türkiyə, İtaliya şirkətləri layihələr üzərində işə başlayıb. Hətta bəzi şirkətlərlə bu məsələ ilə əlaqədar müqavilələr də imzalanıb.

30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımız artıq işğaldan azaddır. O bölgələr yenidən qurulacaq, əvvəlki şöhrətini bərpa edəcək. İlham Əliyevin siyasi iradəsi ilə işğaldan azad olunmuş şəhər və kəndlərimizdə həyat yenidən canlanacaq və bütün Qarabağ cənnətə çevriləcək.

Sevinc Azadi, “İki sahil”