06 fevral 2019 14:32
188

Zəlzələ 42 evdə dağıntılara səbəb olub

Fevralın 5-də saat 23 radələrində baş verən zəlzələ nəticəsində kəndlərdə 25, şəhərdə 17 evdə dağıntılar baş verib.

Rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-a verilən məlumatda bildirilib ki, Zəlzələ sakinlərdə təlaş yaradıb. Xəstəxananın təcili yardım şöbəsinə 19, terapiya şöbəsinə 4, cərrahiyyə şöbəsinə isə 3 müraciət daxil olub. Xəstələr ambulator müalicə alaraq evə buraxılıb. Reanimasiya şöbəsinə beş nəfər daxil olub və hazırda bir nəfər müalicə alır. Onun vəziyyəti qənaətbəxşdir.

Yeraltı təkanlar nəticəsində rayona elektrik enerjisinin verilməsində 40 dəqiqəyə yaxın fasilə yaranıb. Saat 00:10 radələrində elektrik enerjisinin verilməsi bərpa olunub. Şəhərdə bəzi evlərin və istinad divarlarının uçması nəticəsində qaz xətlərində sızmalar yarandığından saat 00:00-dan etibarən qazın verilişi dayandırılıb.

Hazırda araşdırmalar davam etdirilir.

Xatırladaq ki, fevralın 5-də gecə saat 23:31 radələrində Pirquludan 11 kilometr İsmayıllı istiqamətində təxminən 5 bal gücündə baş verən zəlzələ ciddi fəsadlara səbəb olub. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dağıntılara məruz qalan evlərə, ərazilərə baxış keçiriblər.