06 fevral 2019 16:55
183

Zəlzələlərdən sonra 130-dan çox afterşok qeydə alınıb

Fevralın 5-də Ağsu və İsmayıllı rayonlarında 4,4 və 5,3 bal gücündə zəlzələlər baş verib. Hadisə nəticəsində bəzi evlərdə çatlar yaranıb. Yeraltı təkanlardan sonra 130-dan çox afterşok qeydə alınıb. Onların maqnitudası 3 bala qədər olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli fevralın 6-da keçirdiyi brifinqdə deyib.

Baş direktor bildirib ki, seysmik proses hələ də davam edir: "Ola bilsin ki, həmin ərazilərdə hiss olunan yeraltı təkanlar qeydə alınsın. Ancaq bu təhlükəli deyil. Çünki enerji boşalmaları var. Şamaxı-İsmayıllı seysmoloji cəhətdən aktiv bölgədir. Bu ərazi üçün seysmik aktivlik xarakterikdir".

Qurban Yetirmişli RSXM-in əməkdaşlarının zəlzələ baş verən ərazilərdə araşdırmaları davam etdirdiklərini də diqqətə çatdırıb.