29 aprel 2019 10:57
2236

Zərifə xanım Əliyeva: Ürəklərdə əbədi yaşayan işıqlı xatirə

Tale yolu, alın yazısı

Xeyirxah insanlar haqqında belə deyirlər ki, xoşbəxt ulduz altında dünyaya göz açıb. O ulduz ki, Tanrının taleyinə yazdığı ömür yolunu elə həmin ulduzun şəfəqləri ilə işıqlandırır, başqalarına da pay verir.

İlin gözəl fəslində, 1923-cü il aprelin 28-də dünyaya gələn, 1985-ci il aprel ayının 15-də əbədiyyətə qovuşan, gözəl insan, qayğıkeş həkim Zərifə xanım Əliyeva ömür salnaməsinə gözəl əməllərdən başqa heç nə yazılmayan şəfqətli əllər sahibi olmaqla kamil, xeyirxah insan kimi də hamının hörmətini qazananlardan idi. Peyğəmbərimiz buyurub ki, elm sənin məsləhətçin, mülayimlik dostun, əql bələdçin, səbr isə başçın olmalıdır. Bu keyfiyyətləri şəxsiyyətində birləşdirən Zərifə xanım kamillik nümunəsi idi.

İnsanların ən yaxşısı xalqa daha çox fayda verəndir. Bu sözlər sanki tanınmış oftalmoloq Zərifə xanım Əliyeva haqqında deyilib. Həyatının mənasını insanlara səadət, şəfa, ən qiymətli nemət olan sağlamlıq bəxş etməkdə görən Zərifə xanım haqqında danışılanda istər-istəməz çoxlarının ürəyindən keçən bu sözlər yada düşür: “O, ömrünün mənasını xəstələrinə xidmətdə, onların dərdinə şərik olmaqda görürdü. Xəstələrinin simasında ikinci həyatını yaşayan, bilik və bacarığını tibbin ən çətin sahəsində sınayan, əməlləri ilə insanlığın zirvəsinə ucalan şəfqətli xanım ifadəsinin işlədilməsi daha doğrudur.”

Başda atası, dövlət və ictimai-siyasi xadim Əziz Əliyev olmaqla həkimlər ailəsində böyüdüyündən tez-tez eşitdiyi “ Əsl həkim xəstələrinin ağrısını, əziyyətini özündə hiss etməlidir” sözləri onun həyat fəlsəfəsini müəyyənləşdirdi. İnsanlara nur bəxş edən, mənəvi zənginliyi ilə ictimaiyyətdə böyük hörmət qazanan Zərifə xanım qısa ömür sürsə də, günəşin işığını görənlərin, təbiətin gözəlliyindən zövq alan xəstələrinin sevinci ona əbədilik yaşam haqqı qazandırmışdır. Onun haqqında deyilən, “Bu bizim Zərifə xanımdır” sözləri yüzlərlə xəstəyə həyatın şirinliyini bəxş edən gözəl insanın mərhəmət, xeyirxahlıq əməllərinə minnətdarlıq kimi səslənirdi. Bu gün də oftalmologiya ilə bağlı təcrübədən, kamil peşəkarlardan söz düşəndə ilk növbədə Zərifə xanım Əliyevanın tibb elminə gətirdiyi yeniliklərdən, bu gün tətbiq edilən onun səmərəli müalicə üsullarından bəhs olunur.

Hippokrat andına sadiqliyin yaradıcılıq bəhrəsi

Elmi axtarışları, zəngin təcrübəsi ilə respublikamızda tibbin oftalmologiya sahəsinin əsasını qoyan Zərifə xanım Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirdikdən sonra Moskvadakı Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisasartırma kursunda təcrübə qazanmışdır. Daim yenilik həvəsi ilə çalışan gənc mütəxəssis kimi Azərbaycan Oftalmologiya Elmi Tədqiqat İnstitutunda həkim-ordinator işləsə də, dünyada tətbiq olunan tibb elminin ən müasir texnologiyalarını təcrübədə sınaqdan çıxarmaqla öz sözünü deməyi də bacardı. O dövrdə geniş yayılan traxomanın qarşısının alınması üçün apardığı tədqiqatlar əsasında “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomitsinlə müalicəsi” mövzusundakı namizədlik dissertasiyasını yazdı. “Həyat mübarizlər üçün sınaq meydanıdır” söyləyən alimin çoxillik təcrübə və tədqiqatlarının bəhrəsi olan “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusundakı doktorluq dissertasiyası elmə yenilik gətirdi. AMEA-nın akademiki adını qazanan Zərifə Əliyeva oftalmologiya sahəsində ən yüksək təltif olan M.İ.Averbax adına mükafata layiq görüldü. Əməkdar elm xadimi adını qazandı.

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru, sonra isə kafedra müdiri işləməklə görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ilk elmi-tədqiqat laboratoriyasını yaratdı. Onun rəhbərliyi ilə istehsalatın zəhərli sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparıldı. Dünyanın elmi ictimaiyyətinin marağına səbəb olan “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası”, “Şin istehsalında gözün peşə patologiyası” adlı monoqrafiyaları Zərifə xanımın elmi axtarışlarının nəticəsi olmaqla bu gün də istifadə olunan, özünü doğruldan təcrübədir. O, beş il ərzində şin istehsalında çalışan 1281 nəfərin üzərində kliniki müşahidə aparmışdır.

Akademik Zərifə xanım Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin məsləhətçi- həkimi Həyat Əfəndiyevanın xatirələrindən:

- Mənim Zərifə xanımla ilk görüşüm 1964-cü ildə olub. Ordinaturanı bitirən gənc mütəxəssis kimi Zərifə xanımın qayğısını mən də hiss etmişəm. Onunla 20 il bir yerdə çalışmışıq. Zərifə xanımın bizlərə daimi tövsiyəsi bu idi: “ Göz ən zərif və həssas orqan olduğu üçün müalicəsi də xüsusi diqqət, ehtiyatlı davranma, məsuliyyət tələb edir.” Deyirdi ki, azacıq ehtiyatsızlıq xəstənin ümidlərini əbədi sondürə bilər. Bakıda məişət kondisionerləri zavodunda yaratdığı laboratoriya demək olar ki, onun ikinci iş yeri idi. Müəssisədə işləyənlər arasında qadınlar çoxluq təşkil etdiyindən daha diqqətlə çalışırdı. Bu laboratoriyada tibb işçiləri, texniki heyət istənilən qədər olsa da, işinə daim məsuliyyətlə yanaşan Zərifə xanım bütün təhlillərə özü nəzarət edirdi. Zərifə xanım çalışdığı kollektivdə olduğu kimi, zavodda işləyən qadınların da hamisi idi. O, diqqət çəkmədən hər kəsin problemləri, ailə vəziyyəti, yaşayış tərzi ilə maraqlanır, onlara yardım göstərirdi. Elmi nailiyyətləri İttifaq səviyyəsində tanındığı üçün onun təşəbbüsləri ilə simpoziumlar, konfranslar təşkil edilir, həmkarlar arasında fikir mübadiləsi aparılırdı.

Musiqini də peşəsi kimi sevərdi. İstirahət günlərində bir yerə yığışıb əylənmək ən yaddaqalan xatirələrimizdəndir. Belə məclislərin də təşkilatçısı Zərifə xanım idi. Onun pianoda məharətlə ifa etdiyi musiqilər, səmimi zarafatları bizi daha da şənləndirirdi.

Bütün sənətlər içərisində ən gözəl sənət danışmağı bacarmaqdır

Görkəmli italyan rəssamı, alim və filosofu Leonardo da Vinçi deyib ki, elm sərkərdə, praktika isə onun əsgəridir. Kamilliyi, yeniliyə olan marağı ilə elmin sərkərdəlik zirvəsinə çatan akademik Zərifə xanım Əliyevanı bacarıqlı, təcrübəli həkim kimi tanıdan onun nəzəriyyə ilə təcrübəyə eyni dərəcədə dəyər verməsi, paralel olaraq öyrənməsi, elmin  “dəyişilməz qayda-qanunlarına, əmrlərinə” əməl edən “hazırlıqlı, nizam-intizamlı əsgər” olması idi. Zərifə xanım bu sahədə də seçilənlərdən olub.

Zərifə xanım tipik Şərq qadını, ailəsini, ocağını qoruyan, cəfakeş həyat yoldaşı, etibarlı dost, övladlarını əsl vətənpərvər kimi yetişdirən və hamıya nümunə olan bir şəxsiyyət idi. O, eyni zamanda, bəşəri dəyərlərə hörmətlə yanaşan, yüksək mədəniyyəti ilə də seçilən ziyalılardan olub.

Ümummilli Liderin həyatından bəhs edən “Heydər Əliyev: Tale yolları” kitabının müəllifi Nikolay Zenkoviç Zərifə xanımın təvazökarlığından, mehribanlığından, yüksək keyfiyyətlərindən, mənəvi zənginliyindən də bəhs edir: “Mən Siyasi Büro üzvlərinin arvadları barədə bioqrafik məlumatları diqqətlə araşdırmışam, müqayisə etmişəm. Hansı nəticəyə gəlmişəm. Aydın olub ki, onlar arasında ən savadlı qadın Siyasi Büro üzvü Heydər Əliyevin xanımı olub. O, hətta Sov. İKP MK baş katibinin arvadı Raisa Maksimovnadan da savadlı idi. Özü də təkcə savadlı yox, Zərifə xanım hərtərəfli bir şəxsiyyət idi. SSRİ siyasi rəhbərlərinin o biri üzvlərinin evdar qadın olan maraqsız arvadlarından fərqli olaraq Heydər Əliyevin həyat yoldaşı dünyada tanınan bir insan idi.”

Zərifə xanımın ictimai işlərdə fəallığını, cəmiyyətdə tutduğu mövqeyi yüksək dəyərləndirən, tanınmışların övladları barədə də münasibətini bildirən müəllif yazır: “Yuxarılarda” əyləşən 229 nəfərin uşaqlarından ən böyük uğur qazananlar 3 nəfərdir. Birinci yerdə Heydər Əliyevin oğlu İlham durur. O, Azərbaycan Respublikasının Prezidentidir. Siyasi Büronun o biri üzvlərinin övladlarından heç biri bu cür böyük uğura nail olmamışlar. Dünyanın aparıcı dövlətlərinin başçıları ONU səmimi qəbul etmişlər, onunla yaxşı, işgüzar münasibətlər qurmuşlar.”

Eyni zamanda bildirilir ki, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, tibb elmləri doktoru, oftalmologiyada yeni müalicə metodlarının banisi Zərifə xanım Siyasi Büro üzvlərinin həyat yoldaşları arasında yüksək intellektə malik yeganə qadın idi.

Kitabda yer almış Zərifə xanımla bağlı tanınmış şəxsiyyətlərin xatirələri, sözləri də akademikin mənəvi dünyasının zənginliyini göstərir. Qırx ildən artıq SSRİ Bəstəkarlar İttifaqına başçılıq etmiş Tixon Xrennikovun qeydləri də maraqlıdır: “Fundamental erudisiyası ilə seçilən parlaq şəxsiyyət Zərifə xanım heyrətamiz insan idi. Musiqini, ədəbiyyatı, xüsusilə poeziyanı peşəsi qədər sevib, dəyər verən kamil bir insan, şəxsiyyət idi.”

Sədaqətli həyat yoldaşı, qayğıkeş ana

Həyatda birgə addımlamağı qarşılarına məqsəd qoymaqla ailə quranlara nahaq yerə “ömür-gün” yoldaşı demirlər. Çünki qismətlərinə yazılan ömrü yaşayanlar illərin sınağından birgə çıxdıqları zaman o ailənin təməli möhkəm olur, xoşbəxtliklə davam edir, xoş xatirələrlə zənginləşir. Əliyevlər ailəsinin xeyir-bərəkət simvolu olan, azərbaycanlı qadınına, analara məxsus müqəddəs duyğuları şəxsiyyətində, simasında formalaşdıran Zərifə xanım dünya şöhrətli dövlət xadimi Heydər Əliyev kimi müdrik, dahi bir insanın həyat yoldaşı kimi də əsl mənada yol yoldaşı olmuşdu. Zərifə xanımı tanıyanlar onun haqqında xatirələrini bu sözlərlə başlayırlar: “Çox nurlu, sadə, təvazökar bir insan idi.” Ulu öndər Heydər Əliyev kimi xalqına bağlı bir insanın həyat yoldaşı olmaq üçün bu keyfiyyətlər yetərli idi. “Zərifə-Heydər” cütlüyünü biri-birindən ayrı təsəvvür etmək qeyri-mümkün idi. Saf, təmiz , ülvi hisslərlə Vətənə bağlanan, insanlara məhəbbətlərini ailədə formalaşdırdıqları sədaqətləri ilə bildirən belə cütlüklər əbədi yaşam haqqı qazananlardır.

Onların biri-biri üçün dünyaya gəldiklərini təsdiqləyən şahidi olduğum bir məqamı xatırladım.

...Zərifə Əliyeva adına Naxçıvan şəhər poliklinikasında tanınmış oftalmoloqun həyat fəaliyyətinə həsr olunmuş müzeyin açılışında iştirak edən ümummilli lider Heydər Əliyevə xatirə kitabında ürək sözlərini yazmasını xahiş etdilər. Ulu Öndər qələmi əlində bir anlığa saxladı, nəzərlərini boş vərəqin üzərində gəzdirdi. Sanki vaxtsız itirdiyi Zərifəsini axtarırdı. Nəhayət, titrək əlləri ilə ürək sözlərini yazdı: “Mənim ömür-gün yoldaşım, mərhum Zərifə xanımın adını daşıyan poliklinika ilə tanış olmaq, onun xatirəsinə həsr edilmiş guşəni seyr etmək məni dərin hissiyyatlara gətirdi. Xatirimdən heç vaxt çıxmayan, mənim üçün çox əziz olan insanın həyat və yaradıcılığını əks etdirən bu guşə məni coşdurdu. Bunların hamısı onun insani keyfiyyətlərinin böyüklüyünə, böyük elmi və həkimlik xidmətinə layiqli abidədir.” Bu sözlər müdrik , böyük şəxsiyyət Heydər Əliyevin ömür-gün yoldaşına sədaqət nümunəsi, vəfa borcu idi.

Zərifə xanım həm də cəfakeş, tələbkar, məsuliyyətli ana idi. Bu gün Prezident İlham Əliyev dünya liderləri arasında tanınıb, adı hörmətlə çəkilirsə, bu yüksəlişdə analıq vəzifəsinin müqəddəsliyini diqqət və qayğısı ilə yerinə yetirən Zərifə xanımın əməyi olmuşdur.

Cənab İlham Əliyevin biologiya müəllimi Emma Kazımovanın jurnalda oxuduğum sözləri Zərifə xanımın ana şəfqətinin ifadəsi idi: “ Bir dəfə gördüm ki, Zərifə xanım dəhlizdə İlhamın ayaqqabısının bağını bərkidir. Onda o, birinci sinifdə oxuyurdu. Mən ərklə Zərifə xanıma irad tutdum: “Zərifə xanım, İlhamın ayaqqabısının bağını siz niyə bağlayırsınız, böyük oğlandır, qoyun özü bağlasın.”

Olduqca mehriban, olduqca səmimi, mələküzlü Zərifə xanım gülüb dedi: “Emma Əlihəsənovna, İlhamın belə görünməyinə baxmayın, onun hələ yaşı çatmır. Sinif yoldaşlarının hamısından kiçikdir.

Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi olmasına baxmayaraq, həyat yoldaşı Zərifə xanım uşaqlarını aşağı sinifdə oxuyanda məktəbə özü gətirir, özü də gəlib aparırdı. Çox sadə, səmimi, ziyalı bir xanım idi. Özünü başqa valideynlərdən qətiyyən fərqləndirmirdi.”

Belə yüksək insani keyfiyyətlərinə görə akademik, Əməkdar elm xadimi Zərifə xanımı hamı doğmaları kimi sevirdi. Xeyirxahlığı həyat amalı seçən Zərifə xanım təbiətə, insanlara qəlbinin hökmü, ürəyinin hərarəti ilə baxırdı. Gözlərinə nur verdiyi xəstələrinin istəklərini adi bir baxışla hiss edir, arzularını yerinə yetirməyənə qədər rahatlıq tapmırdı. Zərifə xanımın şəfalı əlləri ilə işıqlanan baxışlar isə daim minnətdarlıq hissi ilə dolu olurdu.

Xuraman İsmayılqızı, “İki sahil”