27 yanvar 2020 19:49
1516

Ziyafət Əsgərov seçicilərlə görüşlərini davam etdirir

Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən 76 saylı Lənkəran-Astara seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən Ziyafət Əsgərov yerlərdə seçicilərlə təbliğat-təşviqat xarakterli görüşlərini davam etdirir. Dünən Lənkərandan olan seçicilərlə görüşən Z. Əsgərov rayonda həyata keçirilən tədbirlərdən, yenidən Milli Məclisə üzv seçiləcəyi təqdirdə görəcəyi işlərdən geniş söhbət açıb, ötən illərdə Azərbaycanın böyük inkişaf yolu keçdiyindən danışıb.

Əldə olunan nailiyyətlərin təməlində dahi lider Heydər Əliyev siyasətinin dayandığını deyən namizəd Ulu Öndərin yolunun alternativsiz olduğunu xüsusilə vurğulayıb: “Sevindirici haldır ki, hazırda bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanı uğurlu gələcəyə aparan, dövlətimizi və xalqımızı dünyada daha da yüksək səviyyədə təmsil edən liderdir. Azərbaycan mürəkkəb coğrafiyada yerləşir. Təbii ki, belə bir geostrateji məkanda yerləşən Azərbaycanın inkişafını istəməyən qüvvələr var. Amma dövlət başçısının qətiyyətli siyasəti belə qüvvələrin istəyini puç edir. Prezidentimiz beynəlxalq miqyasda ən ali kürsülərdən Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Ölkəmiz ərazi baxımından kiçik olmasına baxmayaraq, dünyada nüfuzlu dövlət kimi tanınır”.

Azərbaycanın Şərqlə Qərb arasında körpü yaratdığını deyən Z. Əsgərov bildirib ki, Azərbaycan xalqı həm Şərq, həm də Qərb dəyərlərini özündə birləşdirən nadir xalqlardandır: “Zəngin milli dəyərlərimiz də buradan qaynaqlanır. Biz dünyada İslam ailəsinin bir parçasıyıq. Azərbaycanın müsəlman dövlətləri ilə münasibətləri qardaşlığa, dostluğa, səmimi əməkdaşlığa əsaslanır. Bu ölkələrlə münasibətlərimiz daha da  inkişaf etməkdədir. Mən əminəm ki, lənkəranlılar bu sadalananların davamlı olması üçün həmişə olduğu kimi, qarşıdakı seçkilərdə də Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasına, onun irəli sürdüyü namizədlərə səs verəcəklər”.