25 iyun 2020 22:29
377

Ziyafət Əsgərov: Sərt qaydaların tətbiq olunması zərurətə çevirir

“Karantin qaydalarına vətəndaşlar tərəfindən əməl olunmur və bu da nəticədə sərt qaydaların tətbiq olunmasını zərurətə çevirir”.

“İki sahil” SİA-ya istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ziyafət Əsgərov deyib. O, bildirib ki, vətəndaşlar tərəfindən məsuliyyətsiz şəxslərə qarşı ictimai qınaq artırılmalıdır: “Qapalı yerlərdə maska taxmayana qarşı cərimə tətbiq edilməlidir. Eyni zamanda, qaydalara əməl etməyənlər vətəndaşlarımız tərəfindən tənbeh olunmalıdır. Çünki bu virusa yoluxan bir nəfər yüzlərlə, hətta minlərlə vətəndaşı yoluxdura bilər. Polis insanları virusdan qorumaq üçün gecə-gündüz fasiləsiz çalışır. Unutmaq olmaz ki, bir xəstənin müalicəsi üçün çox sayda həkim və tibb işçisi çalışır. Onlar gecə-gündüz kombinezonda, eynəkdə, maskada ağır durumda öz müqəddəs vəzifələrini yerinə yetirirlər. Müşahidələr göstərir ki, son dövrlər gənclərimiz arasında məsuliyyətsiz davranışlar artmaqdadır. Onlar elə düşünürlər ki, xəstəlik onlar üçün təhlükəli deyil. Ancaq onlar ciddi şəkildə yanılırlar. Bütün bu davranışlar aradan qaldırılmalıdır. Bütün qapalı yerlərdə - metroda, avtobuslarda, eləcə də alış-veriş mərkəzlərində, mağazalarda tibbi maskadan istifadə edilməməsinə görə cərimə tətbiq edilməlidir və bu cərimələr ikiqat artırılmalıdır. Maska taxmamaqla insanlar yalnız özlərinin deyil, digərlərinin də həyatlarını təhlükəyə atırlar. Maskanın taxılması virusun yayılmasının qarşısının alınmasına müəyyən qədər təsir edir. Hesab edirəm ki, vətəndaşlar inzibati resurslarla qaydalara məcburi tabe edilməlidir. Cərimələr artırılmasa əks halda ciddi itgilərin olması gözlənilir”.