06 sentyabr 2019 15:49
124

Zorakı ekstremizmlə mübarizədə media və internetin roluna dair təlim-seminar keçirilir

BMT-nin miqrasiya agentliyi – Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) sentyabrın 5-6-da “Zorakı ekstremizmlə mübarizədə media və internetin rolu” mövzusuna həsr olunmuş ikigünlük təlim-seminar keçirir.

BMqT-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, təşkilatın rəhbəri Vladimir Qyorqiyev çıxışında dövlət qurumları, media, vətəndaş cəmiyyətini təmsil edən nümayəndələrinin iştirakı ilə keçirilən təlimin iştirakçıların zorakı ekstremizmin qarşısının alınması üçün birgə səylərinə töhfə verəcəyinə, onların lazımi bilik və bacarıqlarını artıracağına, həssas qruplar arasında radikallaşma prosesinin qarşısını almaqda onlara yardımçı olacağına əminliyini bildirib.

Təlimdə iştirakçılar terrorist və radikal qrupların internetdən necə istifadə etdiklərini, internetin radikal şəxsləri zorakı insana necə çevirdiyini öyrənəcək, rəqəmsal dünyada radikal qruplarla mübarizə üsulları, zorakı ekstremizmin qarşısının alınmasında istifadə olunan kommunikasiya üçün strategiya haqqında məlumat əldə etmək, zorakı ekstremizmlə mübarizə üzrə uğurlu kommunikasiya kampaniyalarının, zorakı ekstremist qrupların sosial media platformalarında apardığı təşviqat kampaniyalarının nümunələri ilə tanış olmaq imkanı əldə edəcəklər.

İkigünlük təlim-seminar ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə BMqT-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən həyata keçirilən “Həssas icmaların dayanıqlığının gücləndirilməsi” layihəsi çərçivəsində təşkil edilib.