03 may 2016 17:09
106

Avropanın Gənclər Paytaxtı Gəncə qonaqlarını qarşılayır

Avropanın bir sıra ölkələrindən çoxsaylı qonaqlar “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” layihəsinin açılış mərasimində iştirak etmək üçün bu qədim şəhərə gəlirlər.

AZƏRTAC xəbər verir ki, mayın 3-də qonaqların bir qrupu Gəncəyə təşrif buyurub. Onlar Gəncə Beynəlxalq Hava Limanında mehribanlıqla qarşılanıb.

Gələnlər arasında İrlandiya, İtaliya, Portuqaliya, Macarıstan, Polşa, Rumıniya, Sloveniya, Yunanıstan, Bolqarıstan və digər ölkələrin nümayəndələri, müxtəlif yerli və beynəlxalq təşkilatların, həmçinin gənclər, idman və mədəniyyət sektorlarının təmsilçiləri var.

Qonaqları “Avropa Gənclər Paytaxtı” İctimai Birliyinin könüllüləri müşayiət edirlər.

Xatırladaq ki, “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində mayın 3-5-də silsilə tədbirlər keçiriləcək. Layihənin rəsmi açılışı mayın 4-də olacaq.

Bu gün isə qonaqlar Gəncə şəhərinin görməli yerlərini gəzəcək, o cümlədən Məhsəti Gəncəvi Mərkəzi, Nizami Gəncəvi məqbərəsi və muzeyi, Qala qapıları, Arxeologiya və Etnoqrafiya Muzeyi abidə kompleksi ilə tanış olacaqlar. Həmçinin Göygöl Milli Parkına ekskursiya təşkil ediləcək.

Proqrama Gəncə şəhərindəki Gənclər Evinin və “Gəncə - Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin ofisinin açılışı, müxtəlif sərgilərin təşkili, Avropa Paytaxtları Şəbəkəsinin görüşü, “Qadınlar zirvədə” layihəsinin təqdimatı və digər tədbirlər daxildir.

“Avropa Gənclər Paytaxtı” layihəsi ilk dəfə 2009-cu ildə Avropa Gənclər Forumu tərəfindən irəli sürülüb. Layihənin məqsədi yerli və xarici gənclər təşkilatlarının beynəlxalq əməkdaşlığının inkişaf etdirilməsi, Avropa gənclər paytaxtları seçilmiş şəhərlərin aid olduğu ölkələrin gənclər təşkilatları milli şuraları arasında təcrübə mübadiləsinin aparılmasıdır. Avropanın ilk gənclər paytaxtı 2009-cu ildə Niderlandın Rotterdam şəhəri seçilib. Daha sonra Turin (İtaliya), Antverpen (Belçika), Braqa (Portuqaliya), Maribor (Sloveniya), Saloniki (Yunanıstan), Kluj Napoca (Rumıniya) Avropa gənclər paytaxtları olub. Gəncə bu estafeti qəbul edən 8-ci şəhərdir. Onun 2016-cı ildə “Avropa Gənclər Paytaxtı” seçilməsi barədə qərar 2013-cü il aprelin 10-da Yunanıstanın Saloniki şəhərində elan edilib.