29 mart 2017 21:23
1301

Narkomaniya ilə mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirilib

Pirallahı rayonundakı 186 nömrəli tam orta məktəbdə narkomaniya ilə mübarizəyə həsr olunmuş tədbir keçirilib.

Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a daxil olan məlumata görə, tədbirdə yerli icra hakimiyyəti və polis şöbəsinin əməkdaşları, təhsil, səhiyyə müəssisələrinin nümayəndələri və məktəblilər iştirak ediblər.

Rayon polis şöbəsinin rəis müavini Elman Kazımov öz çıxışında son illər narkotik vasitələrə qarşı mübarizənin xeyli gücləndiyini, dövlət orqanlarının bu sahədəki fəallığının xeyli artığını və sosial bəlaya qarşı aparılan kompleks mübarizə tədbirləri sırasında Pirallahı rayonunda müxtəlif tədbir həyata keçirildiyini söyləyib.

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Elturan Həşimov narkomaniya ilə mübarizədə maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düşünülmüş və səmərəli şəkildə aparılmasının vacibliyini qeyd edib.

10 nömrəli Birləşmiş Şəhər Xəstəxanası baş həkiminin müavini Kəmalə Mustafayeva narkotik vasitələrin insan orqanizminə vurduğu zərərli təsir, onun törətdiyi ağır fəsadlar, narkomanların erkən aşkar olunması və müalicə profilaktikası istiqamətində görülən işlər barədə məlumat verib.

Tədbirdə çıxış edənlər sosial bəlaya qarşı mübarizədə ayrı-ayrı təşkilatların və cəmiyyətin hər bir üzvünün üzərinə düşən məsuliyyət hissindən danışıblar və mövzu barədə məktəbliləri maraqlandıran suallara cavab veriblər.