16 noyabr 2017 00:42
1032

Azərbaycan sülhməramlıları beynəlxalq sülhməramlı əməliyyatlara öz töhfələrini verirlər

Azərbaycan sülhməramlıları beynəlxalq sülhməramlı əməliyyatlara öz töhfələrini verirlər

Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunmasına öz töhfələrini verir. Azərbaycanın NATO ilə əməkdaşlığı, beynəlxalq sülhməramlı əməliyyatlara verdiyi töhfəni və sülhməramlı əməliyyatlarda azərbaycanlı hərbçilərin peşəkarlığı xüsusi qeyd edilməlidir.

Noyabrın 15-də AZƏRTAC-ın çəkiliş qrupu “N” saylı hərbi hissədə sülhməramlılarımızın xidmət şəraiti ilə tanış olub.

Hərbi hissənin zabiti, polkovnik-leytenant Teyfur Rüstəmov bildirib ki, burada şəxsi heyət üçün yataqxanalar inşa olunub. Binalarda əsgər və zabitlərin qalması, onların istirahəti, asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün bütün zəruri şərait yaradılıb. Əsgər yataqxanalarında, həmçinin lazımi hərbi-texniki vəsaitlərlə təchiz edilmiş sinif otaqları var.

“N” saylı hərbi hissənin yeməkxanası ilə tanışlıq zamanı burada əsgərlər üçün yeməklərin və çörəyin hazırlanması, həmçinin son dövrlərdə şəxsi heyətin yemək rasionuna edilən əlavələr barədə də məlumat verildi. Hərbi hissənin yeməkxanasında aşpazların və digər işçilərin mülki şəxslərlə əvəz olunması hazırlanan xörəklərin və görülən işlərin keyfiyyətinə müsbət təsirini göstərib. Hərbi hissənin yeməkxanası mətbəx avadanlığı, o cümlədən ətçəkən, tərəvəzdoğrayan və kartoftəmizləyən maşınlar, elektrik tavaları, elektrik və qaz plitələri ilə təmin edilib. Yeməkxanada keyfiyyətli milli yeməklərin bişirilməsinə diqqət daha da artırılıb. Diqqət çəkən məqamlardan biri də buradakı çörək sexi oldu. Bu sex hərbi hissənin şəxsi heyətinin çörəyə olan tələbatını tam ödəməyə imkan verir.

Hərbi hissənin qazanxana-camaşırxana-hamam kompleksi də müasir səviyyədə yaradılıb.

Sülhməramlılarımızın xidmətə hazırlığı ilə bağlı məlumat verən T.Rüstəmov qeyd etdi ki, burada xidmətin fərqliliyi ondan ibarətdir ki, hərbi hissə müxtəlif bölmələrdən ibarətdir və hər bölmənin də özünə görə spesifik təyinatları var. Daha bir bölmə çox mühüm tapşırıqlar yerinə yetirir. Hərbi hissəmizdən Azərbaycan Respublikasını xaricdə təmsil etmək üçün sülhməramlı qüvvələr göndərilir. Bu baxımdan digər hərbi hissələrdən bizim hərbi hissə fərqlənir. Hazırda Azərbaycanın sülhməramlıları Əfqanıstan İslam Respublikasında NATO-nun həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyası çərçivəsində Həmid Kərzai adına Kabul Beynəlxalq Hava Limanının (HİKA) təhlükəsizliyini təmin edir və bu missiyanı uğurla yerinə yetirirlər. Burada diqqətimizi çəkən daha bir məqam isə Əfqanıstan İslam Respublikasında NATO-nun həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyası çərçivəsində Həmid Kərzai adına Kabul Beynəlxalq Hava Limanının buraxılış məntəqəsinin şərti maketi oldu.

Şərti maketin olduğu ərazidə sülhməramlı kontingent 6 ay müddətində hazırlanır və sonra əməliyyatlara göndərilir.

Buradakı şərait bir daha təsdiq edir ki, Azərbaycan Respublikasının iqtisadi qüdrəti artdıqca hərbi sahənin daha da müasirləşdirilməsi, əsgər və zabitlərin xidmət şəraitlərinin daha da yaxşılaşdırılması, onların hərbin sirlərinə daha dərindən yiyələnməsi istiqamətində mühüm layihələr yerinə yetirilir.

Əfqanıstan İslam Respublikasında NATO-nun həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyası çərçivəsində Həmid Kərzai adına Kabul Beynəlxalq Hava Limanının təhlükəsizliyini təmin edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının nümunəvi xidməti və peşəkarlığı daim yüksək qiymətləndirilir.

Hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitlə tanış olduqdan sonra çəkiliş qrupumuz məşğələ otaqlarına baş çəkdi, silahlanmada olan döyüş vasitələri ilə tanış oldu, şəxsi heyətin məşqlərini izlədi.

Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.

NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlıları plana uyğun olaraq rotasiya qaydasında üç aydan bir dəyişdirilir.