18 oktyabr 2017 20:33
402

ABŞ iş adamlarının Azərbaycanda kənd təsərrüfatı sahəsinə sərmayə qoyması müzakirəsi olunub

Oktyabrın 18-də Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev ABŞ-ın ölkəmizdəki səfirinin müavini Uilyam Gil və Birləşmiş Ştatların Ankaradakı ticarət xidmətinin rəhbəri, ticarət müşaviri Bill Çaykovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə məqsəd Azərbaycan ilə ABŞ arasında kənd təsərrüfatı sahəsinin müxtəlif istiqamətləri üzrə əməkdaşlıq imkanlarının, eləcə də, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və bu sahəyə sərmayə qoyuluşunun müzakirəsi olub.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nazir müavini İlham Quliyev qonaqlara Azərbaycanda aqrar sahədə həyata keçirilən institusional islahatlar, bu sahəyə göstərilən qayğı, dövlət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar, ixracyönümlü sahələr, xüsusilə pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq və çayçılığın inkişaf etdirilməsi üçün reallaşdırılan tədbirlər barədə geniş məlumat verib.

İlham Quliyev qeyd edib ki, Azərbaycan neft ölkəsi olsa da, dövlətimizin başçısı tərəfindən qeyri-neft sektorunun inkişafına böyük diqqət yetirilir. Bu məqsədlə dövlət tərəfindən strateji proqramlar, regionlarda sərmayə qoyuluşunu genişləndirmək üçün infrastruktur layihələri həyata keçirilir. Həmçinin ölkəmizdə fermer və sahibkarlar torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad olunub, gübrələr fermerlərə 70 faiz, kənd təsərrüfatı texnikaları isə 40 faiz güzəştlə verilir. Bundan başqa, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması məqsədilə Göygöl rayonunda ən müasir texnologiyalara uyğun Süni Mayalanma Mərkəzi də tikilib ki, bu da ölkədə sözügedən sahənin inkişafına əlavə təkan verəcək.

ABŞ iş adamları üçün Azərbaycanda ekoloji, təmiz kənd təsərrüfatı məhsullarının istehsalı üçün əlverişli investisiya mühitinin olduğunu bildirən Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi deyib ki, Birləşmiş Ştatların “John Deere” şirkəti ilə yüksək səviyyədə əməkdaşlıq həyata keçirilir. Bu əməkdaşlığı daha da genişləndirmək məqsədi ilə işçi qrupu yaradılıb və yaxın günlərdə qrupun geniş tərkibdə toplantısı keçiriləcək.

Nazir müavini FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi ilə də sıx əlaqələrin olduğunu, birgə layihələrin həyata keçirildiyini, həmçinin fermerlərin bu layihələrdən faydalandığını vurğulayıb.

Uilyam Gil Azərbaycan ilə ABŞ arasında kənd təsərrüfatı sahəsində əlaqələrin inkişaf etməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Sonra qarşılıqlı maraq doğuran məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.