20 iyul 2018 15:22
830

TPP çərçivəsində razılaşmanı imzalayan ölkələr onun 2019-cu ildə qüvvəyə minməsini istəyirlər

Trans-Sakit okean Tərəfdaşlığı çərçivəsində azad ticarət barədə razılaşmanı imzalayan 11 ölkənin rəsmi nümayəndələri onun gələn il qüvvəyə minməsi üçün birgə fəaliyyəti sürətləndirmək barədə razılığa gəliblər.

Bu barədə razılaşma Tokionun qərbində yerləşən Hakone şəhərində iyulun 19-da başa çatan ikigünlük görüş zamanı əldə edilib. Yaponiyanın və digər 10 üzv ölkənin danışıqlardakı nümayəndələri mart ayında razılaşmanın imzalanmasından sonra ilk dəfə bir araya gəliblər.

ABŞ Prezidenti Donald Trampın proteksionist hərəkətlərinin artdığı bir məqamda nümayəndə heyətlərinin üzvləri razılaşmanın tezliklə həyata keçirilməsi barədə razılıq əldə ediblər. Bunun üçün hər bir iştirakçı ölkədə lazımi prosedurların yerinə yetirilməsini sürətləndirmək qərara alınıb.

Nümayəndələr, eyni zamanda, razılaşma qüvvəyə mindikdən sonra ona yeni üzvlərin cəlb edilməsi ilə əlaqədar hazırlıq işləri barədə də razılıq əldə ediblər.