16 yanvar 2018 21:41
1274

Yanvarın 16-sı “Bitlz” günüdür

Yanvarın 16-sı dünyada “Bitlz” günü kimi qeyd olunur. UNESCO bu tarixin beynəlxalq səviyyədə qeyd edilməsinə 2001-ci ildə qərar verib.

AZƏRTAC xəbər verir ki, bu tarix təsadüfi seçilməyib. Belə ki, 1957-ci il yanvarın 16-da Böyük Britaniyanın Liverpul şəhərində əfsanəvi “Bitlz” (The Beatles) rok qrupunun ilk dəfə çıxış etdiyi “The Cavern” klubunun açılışı olub. Həmin gün “Bitlz” pərəstişkarları üçün əsas bayram hesab olunur. Klubda o zaman hələ heç kəsin tanımadığı gənc musiqiçilər ‒ Con Lennon, Pol Makkartni və Corc Harrison şöhrətə doğru ilk addımlarını atıblar. Bir neçə il sonra Rinqo Star da onlara qoşulub.

Qrup 1963-cü ildə “Please Please Me” sinqlını buraxdıqdan sonra dünyada tanınmağa başlayıb. Fəaliyyət göstərdiyi müddətdə qrup dünya musiqisinin inkişafına böyük təsir göstərib.