21 iyul 2018 19:39
1986

DGK yazı müsabiqəsinin qaliblərini mükafatlandırıb

Komitə KİV-lə əməkdaşlığı davam etdirəcək

Ötən gün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) və Azərbaycan Mətbuat Şurasının (MŞ) birgə təşkil etdikləri “Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin  mükafatlandırılması mərasimi keçirilib.

DGK-nın sədri Səfər Mehdiyev müsabiqəyə təqdim edilən yazıların gömrük xidmətinin fəaliyyətinin jurnalistlər tərəfindən qiymətləndirilməsi olduğunu diqqətə çatdıraraq yazıların əksəriyyətinin böyük maraq kəsb etdiyini, informasiya baxımından zəngin olduğunu vurğulayıb.

S.Mehdiyev gömrük sahəsində islahatların davam edəcəyini, bu çərçivədə kütləvi informasiya vasitələri ilə əməkdaşlığın davam edəcəyini qeyd edib. Bildirib ki, cari ildə jurnalistlərin gömrük sahəsində daha da ixtisaslaşmaları məqsədilə DGK tərəfindən  2 treninq keçiriləcək.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov müsabiqənin DGK-nın jurnalistikaya töhfəsi kimi qiymətləndirərək  ictimaiyyətə açıq olmaq istəyən istənilən qurumun  mətbuatla sıx əlaqədə olmasının vacibliyini bildirib.

Ə.Amaşov  jurnalistlərin bu sahədə peşəkarlığının daha da artırılmasına diqqəti çəkərək  redaksiyalarda gömrük xidməti ilə bağlı ixtisaslaşmanın əhəmiyyətinə toxunub. Bildirib ki, DGK-nın  KİV-lə əməkdaşlığı, o cümlədən  jurnalistlər üçün treninqlərin keçirilməsi sözügedən məsələnin həllinə imkan verəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli tədbir iştirakçılarını salamlayaraq Milli Mətbuat Günü ərəfəsində bu cür tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb.

V. Səfərli də jurnalistikada ixtisaslaşmanın vacibliyinə toxunaraq jurnalistlərin gömrük sahəsində ixtisaslaşması üçün treninqlərin keçirilməsinin gərəkli olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən “APA Holding”in prezidenti Vüsalə Mahirqızı, “Trend” informasiya agentliyinin baş direktorunun müavini Arzu Nağıyev jurnalistikada mənbələrin əhəmiyyətindən bəhs edərək DGK-nın bu sahədəki fəaliyyətini yüksək qiymətləndiriblər. Bildiriblər ki, Komitə son müddətdə KİV-lə əlaqələrini daha da genişləndirib.

Qeyd edək ki, DGK və MŞ-nın birgə təşkil etdikləri fərdi jurnalist yazıları müsabiqəsi  gömrük xidmətində həyata keçirilən genişmiqyaslı islahatlar, əldə olunan nailiyyətlər, tətbiq edilən yeni texnologiyalar, qabaqcıl təcrübə, beynəlxalq əməkdaşlıq, gömrük-biznes əməkdaşlığı və digər məsələlərin kütləvi informasiya vasitələrində obyektiv işıqlandırılması, təbliği, habelə ictimaiyyətlə gömrük arasında əlaqələrin daha da inkişaf etdirilməsini təmin etmək məqsədilə həyata keçirilib.

Bununla da müsabiqəyə  jurnalistlər tərəfindən 27 yazı təqdim edilib ki, MŞ-nın və DGK-nın ekspertlərinin qiymətləndirməsindən sonra 3 yazının müəllifi  1-ci, 2-ci, 3-cü, 2 yazı xüsusi, 10 yazı isə həvəsləndirici yerə layiq görülüb, pul və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Mükafatlandırılanlar arasında “İki sahil” qəzetinin  əməkdaşı da olub. 

Ceyhun Piriyev,

“İki sahil”