20 sentyabr 2018 22:36
1933

Azərbaycan-Türkiyə birliyi daha böyük gələcəyə malikdir

“Türkiyə böyük iqtisadi gücə malik ölkədir. Türkiyə iqtisadiyyatına milyardlarla dollar xarici sərmayə qoyulması təsadüfi deyil. Təkcə Azərbaycanın Türkiyəyə qoyduğu və qoyacağı sərmayə 20 milyard dollara bərabərdir”. Bu sözləri Prezident İlham Əliyev Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda çıxışı zamanı deyib.

Ekspertlərin fikrincə, iki ölkə arasında münasibətlər iqtisadiyyatın qarşılıqlı olaraq daha da inkişaf etməsinə gətirib çıxaracaq. Qarşılıqlı investisiya qoyuluşu üçün çox müsbət siyasi və iqtisadi mühit formalaşıb. Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər siyasi nüfuzla yanaşı, gələcəkdə iqtisadi əməkdaşlığı daha da gücləndirəcək. Şübhəsiz ki, gələcəkdə qeyri-neft sektoruna yönəldiləcək investisiyaların həcminin daha da artmasının şahidi olacağıq.

Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına son zamanlar kifayət qədər böyük məbləğdə sərmayə qoyuluşu həyata keçirilib. SOCAR-ın Türkiyə iqtisadiyyatının inkişafında fəal iştirakı nəticəsində Azərbaycan qardaş ölkənin iqtisadiyyatına yönəldilən sərmayələrin həcminə görə ilk beşliyə daxil olub. Azərbaycan və Türkiyənin ikitərəfli iqtisadi əməkdaşlığa və sərmayələrə verdikləri böyük əhəmiyyət də ölkələrimizin inkişafını şərtləndirən amillərdəndir. Son illərdə Azərbaycanın Türkiyəyə yatırdığı sərmayələrin həcminin artması da xüsusi diqqət çəkən məqamlardandır. Bu sərmayə qoyuluşlarının xüsusilə böyük kapital tələb edən sektorlarda (gəmiçilik, neft - SOCAR-ın “Petkim”i alması və s.) həyata keçirilməsi iqtisadi münasibətlərin strateji xarakterini ön plana çıxarır.

Rəsmi məlumatlara görə, 2001-2014-sü illər ərzində Azərbaycan Türkiyəyə 7 milyard 309 milyon dollar həcmində investisiya yatırıb. Türkiyə isə öz növbəsində Azərbaycana bu müddətdə 6,3 milyard dollar həcmində investisiya qoyub. Türkiyə Azərbaycanın qeyri-neft sektorunda ən böyük yatırımçıdır ki, bu da ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır. Hazırda ölkəmizdə 2600-dən çox türk şirkəti, Türkiyədə isə 1600-a yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir.

Azərbaycanla Türkiyə arasında qlobal əhəmiyyət daşıyan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri çərçivəsində çoxtərəfli əməkdaşlıq uğurla davam edir. İki ölkə  qlobal iqtisadi əhəmiyyətə sahib olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı əməkdaşlığı da davam etdirir. Əlbəttə, sərmayə qoyuluşu iqtisadiyyat və iqtisadi inkişaf üçün çox vacibdir. İqtisadi inkişafın əsas həlqələrindən biri məhz sərmayə qoyuluşlarının həyata keçirilməsidir. Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına yatırılan sərmayənin artması isə yeni iş yerlərinin yaradılması, sosial təminatın gücləndirilməsi baxımından çox vacibdir. Sərmayə qoyuluşu qarşılıqlı iqtisadi və dayanıqlı inklüziv inkişafa töhfə vermiş olacaq.

İki qardaş ölkənin regionda mühüm əhəmiyyət daşıyan  birliyinin gələcəyi və bölgədə baş verən proseslərə təsir imkanları barədə “İki sahil” qəzetinin suallarını cavablandıran Milli Məclisin deputatı Asim Mollazadə bildirdi ki, Azərbaycan-Türkiyə münasibətləri əslində müəyyənləşmiş bir düstur sistemi əsasında inkişaf edir: “Biz “Bir millət, iki dövlət” düsturu ilə bu münasibətləri çoxşaxəli əməkdaşlıq, tərəfdaşlıq və qardaşlıq kimi görürük. Hər iki ölkə birgə dünya üçün çox mühüm layihələr həyata keçirir. Söhbət enerji və nəqliyyat layihələrindən gedir”.

A.Mollazadə qeyd etdi ki, Azərbaycan və Türkiyə dünyanın hal-hazırda çox təhlükəli bir şəraitdə və vəziyyətdə olan xalqları və ölkələri üçün müvafiq bir inkişaf modelidir. Bu, bir işıqlı yoldur. Biz həmin xalqlara və ölkələrə təklif edirik ki, müasirlik, demokratiya və birliyə əsaslanan dövlətlər kimi inkişaf etsinlər. Mənə elə gəlir ki, bu model bütün dünya üçün çox vacibdir. Gələcəkdə təkcə bizim bölgədə deyil, dünyada sabitliyin və inkişafın təməl sistemini formalaşdıra bilən Azərbaycan - Türkiyə birliyi sentyabrın 15-də Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda da özünü göstərdi. Düşünürəm ki, bu birlik daha böyük gələcəyə malikdir”.

Cavid Əkbərov, “İki sahil”