10 oktyabr 2018 14:11
2005

HƏR BİR AZƏRBAYCANLININ PREZİDENTİ

Tarixi xidmətləri ilə salnaməmizin ən şanlı səhifələrinə imza atan ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi naminə göstərdiyi xidmətlər mahiyyət etibarilə biri-birindən əhəmiyyətli olsa da, 15 oktyabr 2003-cü il prezident seçkiləri ərəfəsində Ümummilli Lider Azərbaycan vətəndaşlarına tarixi müraciəti ilə əsasını qoyduğu siyasəti davam etdirə biləcək dəqiq ünvanı da göstərdi. “...Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək, Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”

Bu ümidləri 2008, 2013, 2018-ci illərdə keçirilən prezident seçkilərində doğruldan, ilk andiçmə mərasimində “ ...Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm” söyləyən cənab İlham Əliyev vədinə sadiq qalaraq Azərbaycanı çox zəngin və qüdrətli ölkəyə çevirdi: “Mən məsuliyyətə də, çətinliklərə də hazıram. Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam.”

Bütün dünya ictimaiyyətinin diqqətində olan 9 oktyabr 2013-cü ildə keçirilən növbəti prezident seçkilərində də cənab İlham Əliyevin qalib gəlməsi sabitlik məkanı kimi tanınan Azərbaycanın sosial-iqtisadi inkişafının, respublikanın daxili və xarici siyasətinin təntənəsinin, ölkə əhalisinin dəyişilməz rəyinin, xalq-iqtidar həmrəyliyinin, sarsılmazlığının ifadəsi idi.

Seçkilər ərəfəsində Azərbaycandakı siyasi-iqtisadi vəziyyəti region dövlətləri ilə müqayisədə təhlil edən, araşdırmalar aparan beynəlxalq “beyin mərkəzləri”nin hesabatlarında qeyd olunduğu kimi, Yeni Azərbaycan Partiyasının namizədi, seçkilərə qarşıdakı illərdə ölkə iqtisadiyyatının 3 dəfədən çox artacağı vədi ilə qatılan cənab İlham Əliyev bir sıra qlobal layihələrin təşəbbüsçüsü və icraçısı olmuş, Qərblə Şərqi, Şimal ilə Cənubu bir-birinə iqtisadi və siyasi tellərlə bağlayan məkana çevrilmiş Azərbaycanı regionun ən güclü və inkişaf etmiş dövləti səviyyəsinə qaldırmışdır. Həmin mərkəzlər zəngin enerji ehtiyatları, xarici siyasət strategiyası ilə fərqlənən Azərbaycanı gələcəyi parlaq olan respublika kimi dəyərləndirmişlər.

Türkiyənin nüfuzlu “Ekovitrin” jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticəsinə görə, türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda “10 ilin dövlət adamı” seçilən cənab İlham Əliyev düşünülmüş xarici siyasət nəticəsində müxtəlif dövlətlərin regiondakı maraqlarını Azərbaycanın mənafelərinin təminatına yönəltməyi bacarmış, respublikamızın beynəlxalq əlaqələrini, enerji ixracı və nəqliyyat şəbəkəsini inkişaf etdirmiş, ölkənin güclü iqtisadi təməli siyasi stabitliyin təmin olunmasını və xarici siyasət prioritetlərinin həyata keçirilməsini şərtləndirmişdir. Yəni zəngin təbii sərvəti və iqtisadiyyatın digər sahələrindəki potensialı ilə seçilən Azərbaycan regional, iqtisadi güc mərkəzidir. Prezident seçildiyi gündən taleyüklü problemlərin həlli üçün istiqamətləri müəyyənləşdirən cənab İlham Əliyev reallığa və praqmatizmə əsaslanan inkişaf konsepsiyasının istiqamətlərini əks etdirən 24 noyabr 2003-cü ildə “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi haqqında” Fərmanı imzalamaqla regionların inkişafı üçün biri-birindən əhəmiyyətli layihələrin həyata keçirilməsinə nail oldu. Həmin sənəddən irəli gələn tədbirlərin daha geniş inkişafını əhatə edən və üç mərhələ üzrə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının tətbiqi isə Azərbaycana siyasi, iqtisadi, sosial dividentlər qazandırır.

Respublikamızda mövcud olan təbii ehtiyat və resurslardan, xarici ölkələrlə əməkdaşlıq imkanlarından səmərəli, xalqın və dövlətin milli mənafeyi baxımından istifadə etməklə ölkə iqtisadiyyatının inkişaf dinamikasını sürətləndirən, respublikaya investisiya axınını artıran islahatlar nəticəsində inkişafın Azərbaycan modeli formalaşdı. Ölkəmizə nüfuz qazandıran davamlı uğurlar ümummilli lider Heydər Əliyev siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin əməyi və xidmətlərinin məntiqi nəticəsidir ki, Davos Dünya İqtisadi Forumunun hesabatlarında qeyd olunduğu kimi, iqtisadiyyatların rəqabətqabiliyyətlilik hesabatına görə 200 ölkə arasında 35-ci, inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksi üzrə hesablamalarına görə 3-cü, infrastrukturun səviyyəsinə görə dünya miqyasında 26-cı yerdə olmaq yalnız qətiyyətli, siyasi iradəsi möhkəm olan liderin rəhbərlik etdiyi ölkələrin taleyinə yazılan xoşbəxtlikdir.

Ötən əsrə baxış olan Azərbaycan Xalq Cümhuriyyətinin, Silahlı Qüvvələrimizin, parlamentimizin, polisimizin yüz illik yubileylərinin keçirilməsi, təntənəli tədbirlərdə Azərbaycanla bağlı səslənən ürəkaçan sözlər bir xalqın dövlətçilik tarixinə baxış olmaqla qazanılan uğurların bir əsrə bərabər hesabatıdır. Üç dəfə beynəlxalq müdafiə sərgisi olan, “ADEX”ə ev sahibliyi edən Azərbaycanın hər cür təmin olunmuş güclü ordusu vardır. Bir çox sahələrdə respublikamızla əməkdaşlığı gücləndirən ABŞ Dövlət Departamenti ölkəmizin terrorçuluqla mübarizədəki fəaliyyətini yüksək qiymətləndirir. Dünyanın ən tanınmış reytinq agentlikləri Azərbaycanda aparılan siyasəti başqalarına nümunə göstərir, respublikamızı islahatlar ölkəsi adlandırırlar. BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 39-cu sessiyası çərçivəsində Universal Dövrü İcmal üzrə İşçi Qrupunun Azərbaycanla bağlı 3-cü dövrü məruzəsi üzrə hesabatının qəbul edilməsi ilə bağlı iclasda UDİ üzrə hesabatın İnsan Hüquqları Şurası tərəfindən yekdilliklə qəbulu ölkəmizdə inkişafda olan demokratiyanın təntənəsidir.

Son illərdə sənaye istehsalının, qeyri-neft sektorunun, qeyri-neft sənayenin artması da fərəhləndiricidir.

Aqrar sahənin inkişafı da diqqət mərkəzindədir. Bütün ölkələr üçün əsas problem olan yoxsulluğun aradan qaldırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması da diqqətdə saxlanılan məsələ, cənab İlham Əliyevin daimi tövsiyəsi olan insan amilinə qayğının ifadəsidir.

Prezident İlham Əliyevin inkişafın əsas istiqamətlərini əks etdirən sənayeləşmə ilə bağlı siyasəti geniş sferada davam edir. Hər il yüzlərlə sənaye, emal müəssisələrinin açıldığı ölkəmizdə ağır sənayenin inkişafı üçün də gözəl imkanlar, texnoparklar, sənaye zonaları yaradılır. Bölgələrin inkişafına daha çox diqqət göstərilməsində məqsəd kəndlə şəhər arasında fərqin aradan qaldırılması, regionlarda yaşayan əhalinin ehtiyaclarının məskunlaşdıqları ərazilərə yaxınlıqda yerləşən istehsal obyektlərinin hesabına ödənilməsidir. Daxili bazarın yerli, daha keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin olunması qarşıya qoyulan başlıca məqsədlərdəndir. Bunun üçün böyük suvarma layihələri icra edilir, əkinə yararlı torpaqlardan səmərəli istifadə üçün təkliflər nəzərdən keçirilir , fermerlər üçün daha da gözəl şərait yaradılır. Ölkədə yol-nəqliyyat, infrastruktur layihələrinin tətbiqinə göstərilən dövlət dəstəyi demək olar ki, bütün bölgələri əhatə edir.

İnformasiya-kommunikasiya texnologiyaları istiqamətində aparılan siyasət, istehsalatda tətbiq olunan ən müasir texnologiyalar məmur-vətəndaş münasibətlərini normal səviyyədə tənzimləyir. Ortibə buraxılan ilk peykimiz “Azerspase-1” sayəsində Azərbaycan kosmik ailənin üzvləri sırasına daxil oldu. Ölkədə hərbi sənayenin inkişafı nəzərdə tutulan istiqamətdə davam edir. İnformasiya təhlükəsizliyi baxımından böyük əhəmiyyətə malik “Azerspase” peykləri vasitəsilə Azərbaycan telekanallarının verilişləri başqa ölkələrə də yayımlanır, telekommunkiasıya sahəsində xarici amillərdən asılılıq aradan qaldırılır. Kosmik sənayenin inkişafı, eyni zamanda, beynəlxalq əməkdaşlığı da şaxələndirir. Respublikamızın müdafiə və hərbi potensialının gücləndirilməsində böyük əhəmiyyətə malik “Azersky” müşahidə peyki vasitəsilə ölkəmizin, dünyanın istənilən nöqtəsində baş verən hadisələri müşahidə etmək imkanı yaranır. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan 1200-dən artıq adda hərbi təyinatlı məhsulların xarici dövlətlərin marağına səbəb olması hərbi qüdrətimizin artan göstəricisidir. “Made in Azərbaycan” brendi ilə dünya bazarlarında mövqeyini möhkəmləndirən yerli məhsullarımıza tələbat və marağın artması, “Elektron hökumət” layihəsinin həyatımızın bütün sahələrini əhatə etməsi son 15 ildə qazanılan uğurlardır. Azərbaycan brendi olan “ASAN xidmət”in xarici qonaqlar tərəfindən yüksək dəyərləndirilməsi ölkəmizə marağı daha da artırmışdır. Bu layihənin tətbiqi ilə məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması təmin olunur, korrupsiya və rüşvətxorluq halları aradan qaldırılır. Dünyada enerji xəritəsinin yaradılması, o xəritəyə düzəlişlərin edilməsi məsələləri də Azərbaycanda həll olunur. Azərbaycanın təşəbbüsü ilə reallaşan neft-qaz layihələrinin şaxələndirilməsi ölkəmizin sadiq qaldığı, dəstəklədiyi şaxələndirmə siyasətinin məntiqi nəticəsidir. Bu siyasətin nəticəsidir ki, son on ildə Azərbaycanda böyük enerji potensialı yaradılmışdır. Ölkə iqtisadiyyatının və əhalinin ehtiyacından da artıq enerji istehsal edəcək stansiyaların işə salınması nəticəsində Azərbaycan hazırda enerji ixrac edən ölkələr sırasındadır. Ölkə üzrə energetika sektorunun güclənməsi, “Cənub Qaz Dəhlizi”, TANAP-ın istifadəyə verilməsi, TAP-da işlərin sürətləndirilməsi bu layihələrin əsas təşəbbüskarı və maliyyə mənbəyi olan Azərbaycanın iqtisadi qüdrətinin təntənəsi, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi neft strategiyasını davam etdirən Prezident İlham Əliyevin qətiyyət və siyasi iradəsinin təsdiqidir. “Cənub Qaz Dəhlizi”nin Avropa ölkələri üçün əhəmiyyətini qeyd edənlər Azərbaycanın dünya neft bazarındakı rolunu da yüksək dəyərləndirdilər.

“Bu layihənin də təşəbbüskarı Azərbaycan olmuşdur. Əsas maliyyə yükünü də Azərbaycan öz üzərinə götürmüşdür. Ona görə, enerji siyasətimizlə bağlı olan təşəbbüslər və reallaşan layihələr çoxdan regional çərçivələrdən çıxıb və bu gün Azərbaycan qlobal enerji bazarında çox etibarlı, ciddi ölkə kimi tanınır. Bizim qərarlarımız, Bakıda verilən qərarlar enerji təhlükəsizliyi məsələlərində həlledici rol oynayır. Biz bunu bilirik. Bu reallığı öz siyasətimizlə, cəsarətli addımlarımızla və müstəqil siyasətlə biz yaratmışıq. İki neft və qaz kəmərinin tikintisi demək olar ki, bölgədə yeni enerji xəritəsini yarada bilmişdir. Bu gün enerji xəritəsinin yaradılması, o xəritəyə düzəlişlərin edilməsi məsələləri də Azərbaycanda həll olunur” söyləyən dövlət başçımızın bildirdiyi kimi, bu layihələr istehlakçı və tranzit ölkələr üçün enerji təhlükəsizliyidir. Şərqi Avropa qrupundan olan Azərbaycanın ən nüfuzlu təşkilat olan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə 155 səs üstünlüyü ilə seçilməsi, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatında, NATO-da, AŞPA-da, ATƏT-də layiqincə təmsil olunması, 70-dən artıq ölkədə diplomatik nümayəndəliyimizin fəaliyyət göstərməsi xarici siyasətimizin dəstəklənməsidir. Tolerant ölkə kimi tanınan Azərbaycanın “Eurovision-2012” mahnı müsabiqəsinə, Birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi, ölkəmizin artan nüfuzuna əlavə dəyərlər qazandırdı. Möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan bir daha göstərdi ki, ölkəmiz Cənubi Qafqazda bütün sahələr üzrə müasir dövrün aktual məsələlərinin müzakirə olunduğu geosiyasi əhəmiyyətli mərkəzdir. Dostluq, qardaşlıq, idman bayramı kimi tarixə yazılan tədbirlərin mərkəzinə çevrilən, iqtisadi müstəqilliyini möhkəmləndirməklə beynəlxalq hadisələrə təsiretmə imkanları genişlənən Azərbaycanla bütün səviyyələrdə hesablaşırlar. Dünya birliyində qazanılan bu etimad da liderlik fəlsəfəsini incəliklərinə qədər mənimsəyən, siyasətində tətbiq edən cənab İlham Əliyevin bacarıq, qətiyyət və siyasi iradəsinin nəticəsidir. İnsan amilinə diqqəti dövlət siyasətinin əsas amili hesab edən cənab İlham Əliyevin əsas tövsiyələrindən biri də budur: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik.” Ölkədə güclü sosial infrastruktur layihələri həyata keçirilir. Məktəblər, xəstəxanalar tikilir. Təhsil , səhiyyə, mədəniyyət müəssisələrinin tikintisi davam etdirilir. Prezident İlham Əliyevin tələb və tapşırıqlarının əsasında da insan amili dayanır. “Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir” söyləyən Prezident İlham Əliyev bildirir ki, vəzifəli şəxslər insanlara qulluq etməli, təvazökar olmalıdır, borcunu şərəflə yerinə yetirməlidir.

Son on beş ilin təcrübəsi onu göstərir ki, “xalq”, millət” anlayışları ön planda olanda istənilən problem öz həllini tapa bilər. “Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Biz bu maliyyə resurslarını öz əlimizlə yaratmışıq və biz indi öz hesabımıza yaşayırıq. Xalq-iqtidar birliyi var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.” 11 aprel 2018-ci ildə növbəti dəfə Azərbaycan xalqının etimadını qazanaraq Prezident seçilən cənab İlham Əliyevin bu siyasətinə həmrəyliyini xalq 9 oktyabr 2013-cü ildə keçirilən prezident seçkilərində birliyi ilə təsdiqləmişdir.

Xuraman İsmayılqızı, “İki sahil”