29 oktyabr 2018 22:46
4582

Son mənzili ürəyimiz olan Mikayıl Müşfiq…

30 oktyabr Ümumdünya Siyasi Repressiya Qurbanlarının Xatirə Günü kimi qeyd olunur. Azərbaycan  da keçmiş SSRİ dönəmində siyasi repressiyalardan öz dəhşətli nəsibini almış ölkələrdəndir. 1920-ci illərdən başlayıb  30  ildən artıq davam edən repressiya adlı qanlı terror dönəmi Azərbaycanda çox böyük miqyasda ziyalı təbəqəsinin məhvinə səbəb olub. 1920-ci ildən 50-ci illərin ortalarına qədər müəyyən fasilələrlə davam edən repressiya dövründə totalitar sovet rejimi milli hissiyatla düşündüyünə, milli özünüdərk duyğusuna görə Azərbaycanın minlərlə  intellekt sahibini  dəhşətli repressiyalara məruz qoyub. Stalin rejimi digər respublikalarda olduğu kimi, Azərbaycanda da xalqımızın ən istedadlı vətəndaşlarını, ziyalılarını məqsədli şəkildə məhv edib.

Siyasi repressiyalar XX əsrin 20-ci illərindən 50-ci illərin əvvəllərinə qədər davam etsə də, 20-40-ci illər arası baş verən hadisələr amansızlığı və dəhşətli təzahürləri ilə xüsusilə seçilib.  

Təbii ki, totalitar rejim bu insanları milli özünüdərk hissinin yüksək olduğuna görə həyatlarından və azadlıqlarından məhrum etdiyini boynuna ala bilməzdi. Bu amansız rejim ziyalılarımızı "əksinqilabçı", “xalq düşməni”, “müsavatçı”, “pantürkist”,  “panislamist”,"trotskiçi", "casus", "millətçi", "üsyançı" kimi müxtəlif ittihamlarla kütləvi şəkildə məhv edib. Belə bir dəhşətli faktı xatırlatmaq yerinə düşər ki, əhalinin hər min nəfərinə düşən repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş sovet respublikaları içərisində “birinci” idi.

Tarixçilərin araşdırmasına görə, Azərbaycanda repressiya nəticəsində öldürülənlərin sayının təxmini olaraq 70- 120 min nəfər arasında dəyişdiyi ehtimal olunur ki, bunların  da 29 min nəfəri ziyalılar idi.   Həmin vaxt Azərbaycanın əhalisinin sayının 3.2 milyon olduğunu nəzərə alsaq,   repressiya qurbanlarının sayca nə qədər çox olduğunu təsəvvür etmək o qədər də çətin deyil. Bu dəhşətli repressiya təkçə öldürülənlərlə yekunlaşmayıb. O qanlı illərdə  Azərbaycan ərazisindən intellektual təbəqənin 100 mindən artıq nümayəndəsi- yazıçı və şairlər, mədəniyyət və incəsənət xadimləri, alimlər, pedaqoqlar, hərbçilər, din xadimləri, eləcə də  repressiya nəticəsində öldürülmüş ziyalıların ailə üzvləri, qohumları  Qazaxıstanın ilan mələyən çöllərinə, eləcə də ilikdonduran soyuq Sibirə sürgün ediliblər. 

1937-ci və 38-ci illərdə repressiya amansızlığı etibarilə pik nöqtəsinə çatmışdı. İnsanlar 15-20 dəqiqə çəkən qondarma məhkəmələrin “qərarı” ilə güllələnir, məhv edilird i. Buna görə də Azərbaycanın intellektual potensialına bərpası mümkün olmayan zərbə vuran repressiya dönəmləri tariximizin ən qanlı illəri kimi xatırlanır.

Repressiya qurbanlarına tarixin sonrakı dönəmlərində  “bəraətlər” verildi, bu, məhv edilmiş günahsız ömürləri, darmadağın olmuş məsum həyatları geri gətirməsə də, onların xələfləri, bütövlükdə Azərbaycan xalqı üçün kiçik də olsa mənəvi təsəlli idi.

Azərbaycanda repressiya qurbanlarının xatirəsi həmişə uca tutulub. Hələ sovet rejiminin qılıncının kəsərli olduğu vaxtda -1982-ci ildə məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə repressiya qurbanı dahi şair Hüseyn Cavidin nəşinin Sibirin əlçatmaz yerindən tapılıb gətirilməsi bütövlükdə Azərbaycan xalqının öz ziyalısına verdiyi  ali dəyərin təzahürü kimi yaddaşlarda yaşayır. 1982-ci ilin elə bu günlərində-oktyabrın 26-da Hüseyn Cavidin nəşi ümummilli lider Heydər Əliyevin xüsusi tapşırığı ilə Moskvadan Bakıya, sonra isə Naxçıvana gətirilir. Qanlı repressiyanın sadəcə cismən məhv edə bildiyi dahi Hüseyn Cavid Naxçıvanda - evinin qarşısında dəfn olunaraq əbədi rahatlığına qovuşur.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra da repressiya qurbanlarının xatirəsi həmişə dövlət səviyyəsində diqqətdə saxlanılır, Stalin repressiyasının qurbanı olmuş tanınmış incəsənət, ədəbiyyat və elm xadimlərinin yubileyləri yüksək səviyyədə qeyd edilir.

Yeri gəlmişkən xatırladaq ki, bu il Prezident İlham Əliyev Azərbaycan ədəbiyyatının inkişafına dəyərli töhfələr vermiş görkəmli şair Mikayıl Müşfiqin anadan olmasının 110-cu ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədilə  müvafiq Sərəncam imzalayıb. Sərəncamda nakam şairin milli folklordan və klassik ədəbi ənənələrdən layiqincə bəhrələnməklə yaratdığı dərin lirizmə malik və doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən bənzərsiz poetik nümunələrlə Azərbaycanın çoxəsrlik bədii fikir xəzinəsini daha da zənginləşdirdiyi vurğulanmaqla yanaşı, forma yeniliyi, məzmun genişliyi, romantik əhval və yüksək həyat eşqinin bu söz sənəti incilərinin başlıca keyfiyyətləri olduğu qeyd olunub. Sərəncamda o da diqqətə çatdırılmışdır ki, Müşfiqin adı 1930-cu illər totalitarizminin qurbanına çevrilmiş məsum insanların xatirəsinin rəmzi və nakam şair obrazı kimi xalqımızın yaddaşında yaşamaqdadır.

Mikayıl Müşfiqi xatırlamışkən son günlərdə sosial şəbəkələrdə, bir sıra internet resurslarında repressiya qurbanı olmuş bu nakam şairimizin əziz xatirəsinə yaraşmayan informasiyaların dolaşmaqda olduğunu da qeyd etməliyik.

Mediada yer alan məlumatlarda bildirilir ki,  rusiyalı milyarder Fərhad Əhmədovun iddialarına görə,  o, Qaradağ rayonunun Buta qəsəbəsində şair Mikayıl Müşfiqin nəşinin qalıqlarını tapıb. Son günlərdə hətta bununla bağlı foto da sosial şəbəkələrə “ayaq açıb”. Hər şeydən öncə vurğulamaq istərdik ki, hansısa iş adamının iddiası ilə təsdiqini tapmayan məlumatların, xüsusilə də şairimizə aid olduğu iddia edilən nəşin qalıqlarının fotosunun yayılması  Mikayıl Müşfiqinin  xatirəsinə hörmətsizlikdir, bu addım özü də bir mənəvi  repressiyadır. Bu  foto və iddialara artıq dövlət səviyyəsində münasibət bildirilib. Mədəniyyət naziri Əbülfəs Qarayev bu məsələnin araşdırıldığını deyərək qeyd edib ki,  təsdiq olunmamış məlumatlara istinad etmək lazım deyil.  Ə.Qarayev ictimaiyyəti bu kimi sensasion xəbərlərə inanmamağa çağırıb:  "Mikayıl Müşfiqin adı Azərbaycan üçün müqəddəsdir. O, Azərbaycan ədəbiyyatı tarixində böyük iz qoymuş şəxsiyyətdir. Azərbaycan dövləti ona hörmətlə yanaşır. Prezidentin müvafiq Sərəncamı ilə bu il şairin yubileyi keçirilir. Artıq bu tədbirlərin icrasına başlanılıb. Hazırda Mikayıl Müşfiq adına Muzeyin yenidən qurulması ilə bağlı işlər gedir. O, heç vaxt dövlət və ictimaiyyət tərəfindən unudulmayıb və bundan sonra da unudulmayacaq".

M.Müşfiqin məzarının harada olmasına gəlincə, nazir əlavə edib ki, məlumatlar Mədəniyyət Nazirliyinə daxil olduqdan sonra Azərbaycan Milli Elmlər Akademiyası və digər aidiyyəti qurumlarla birgə araşdırmalar aparılacaq: "Qəbiristanlıqdakı qalıqların kimə aid olması dəqiqləşdikdən sonra bu məsələ barədə danışmaq olar. O vaxta qədər isə Mikayıl Müşfiqin qəbrinin harada olması ilə bağlı danışmaq tezdir. Ona görə də məsələyə həssas yanaşılmasını tövsiyə edirəm".

Elə mövzular var ki, onlar ümumiyyətlə, xalqımızın heysiyyət  məsələsidir və nazirin də qeyd etdiyi kimi, maksimum həssaslıq tələb edir. Mikayıl Müşfiqin və minlərlə repressiya qurbanının xatirəsi kimi...

Nakam şairin qəbrinin harada olması ilə bağlı canfəşanlıq edənlərə gəlincə, bunu xatırlatmaq vacibdir ki, Mikayıl Müşfiq də başda olmaqla  repressiya  qurbanı olmuş onminlərlə ziyalımızın nəşinin harada uyumasından asılı olmayaraq onların son mənzili - milli tariximizdə, ədəbiyyatımızda, elmimizdə və ən ümdəsi Azərbaycan xalqının yaddaşında və qəlbindədir...

Sevinc Abdullayeva,  “İki sahil”