06 noyabr 2018 21:22
2535

Baş redaktor: Bu tarixi sənədlər ana dilimizə yeni nəfəs verdi

“Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması və daha da təkmilləşdirilməsi ilə bağlı Fərmanı ana dilinin zənginləşdirilməsinə və qorunmasına xidmət etmiş olacaq”. Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev dedi.

Baş redaktor bildirdi ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev hər bir sahədə olduğu kimi, ana dilinin inkişafı istiqamətində də lazımi addımları atdı: “O illərdə Ulu Öndər ana dilinin saflığının qorunması istiqamətində mühüm işlər gördü. Müdrik rəhbərin diqqət və qayğısı nəticəsində hələ sovetlər dönəmində Azərbaycan dili ölkəmizdə dövlət dilinə çevrilmişdi. Ulu Öndər ana dili haqqında deyirdi: “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir”. Məhz bununla da ana dilinin statusunun özünə qaytarılması Ümummilli Liderin adı ilə bağlı oldu. Bundan sonra hökumət səviyyəsində ana dilinin inkişafı və qorunması istiqamətində bir çox əhəmiyyətli sənədlər qəbul edildi. Bu tarixi sənədlər də ana dilimizin mövcudluğuna yeni nəfəs, yüksəliş verdi. Bu gün Ulu Öndər siyasətini uğurla və məqsədyönlü şəkildə davam etdirən Prezident İlham Əliyev də bu dəsti-xəttə sadiq qalaraq dilimizin qorunması və inkişafı istiqamətində lazımi addımlarını atır. Prezident İlham Əliyevin bu günlərdə imzaladığı  Fərman onun bu sahəyə olan yüksək diqqətinin təzahürü kimi dəyərləndirilir”. 

B. Quliyev onu da qeyd etdi ki, Prezidentin fərmanında dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən Dövlət Dil Komissiyası yanında “Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradılması da nəzərdə tutulur: “Bu Fərman bütün dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan Prezidenti və Azərbaycan dövləti xalqın arzu və istəklərinə uyğun olaraq çoxəsrlik tarixi olan milli-mənəvi dəyərlərimizin, o cümlədən milli sərvətimiz olan dilimizin saflığının qorunması və dövlət dilindən istifadənin getdikcə daha artıq təkmilləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü addımlar artmaqdadır. Bu gün ana dilimizə  olan diqqət və qayğı ilə yanaşı, Azərbaycan dilindən müxtəlif sahələrdə istifadə zamanı ortaya çıxan problemlər də açıq-aydın görünməkdədir. Bildiyimiz kimi, Azərbaycan dilinin imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları da geniş yayılıb. Hazırda cəmiyyətimizdə, dövlət orqanlarında, KİV-də ana dilindən istifadə sahəsində müəyyən nöqsanlar ortaya çıxır. Çox təəssüflər olsun ki, bir sıra hallarda ədəbi dilin normalarına, leksik və qrammatik qaydalara əməl edilmir. Bəzi hallarda bu televiziyalarda, radiolarda məişət danışığından istifadə olunur, əcnəbi söz və ifadələr yersiz işlədilir. Bu mənada haqlı olaraq da ictimaiyyət bu cür hallara qarşı kəskin münasibətini ortaya qoyur. Düşünürəm ki, yeni yaradılacaq qurum fəaliyyətini yüksək səviyyədə həyata keçirəcək, bu sahədəki problemlərin aradan qaldırılmasına öz töhfəsini verəcək”.

Mənsumə Babayeva,  “İki sahil”