17 fevral 2018 17:45
1602

Hərbi verilişlər hazırlayan televiziya əməkdaşları ilə görüş keçirilib

Hərbi verilişlər hazırlayan müxtəlif televiziyaların əməkdaşları ilə Müdafiə Nazirliyində görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə son illər orduda həyata keçirilən islahatlardan, ölkənin hərbi qüdrətinin daha da möhkəmləndirilməsi sahəsində görülən işlərdən danışıb.

Ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində ordu quruculuğunun inkişaf etdirilməsi istiqamətində önəmli tədbirlərin həyata keçirildiyini bildirən nazir müavini qeyd edib ki, media nümayəndələri bu işləri geniş işıqlandırmaq üçün bütün imkanlarını səfərbər etməlidirlər.

Tədbirdə çıxış edənlər hərbi vətənpərvərlik mövzularının kifayət qədər səmərəli şəkildə təbliğ edilməsi, həmçinin ordu quruculuğunda görülən işlərin, həyata keçirilən döyüş hazırlığı tədbirlərinin cəmiyyətə çatdırılması ilə bağlı fikirlərini bölüşüblər.

Müxtəlif televiziyaları təmsil edən yaradıcı heyət nümayəndələri də belə görüşlərin qarşılıqlı əməkdaşlıq üçün vacib olduğunu vurğulayaraq, faydalı işbirliyinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.