27 sentyabr 2018 16:38
3103

Bu il Azərbaycanın yeni turizm brendi təqdim olunacaq

Bu il oktyabrın 18-də Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın yeni turizm brendi təqdim olunacaq. Yeni brend Azərbaycanın yeni turizm strategiyası və siyasətini əks etdirir. İlin sonunadək yeni turizm brendinin Londonda dünya təqdimatı keçiriləcək. Bizim hər bir region və ölkə üçün xüsusi strategiyamız var. Hər bir bazara uyğun mikrostrategiya hazırlanacaq, yeni marşrutlar, yeni xidmətlər təqdim olunacaq. Bununla yanaşı, yerli kadrların hazırlanmasına da böyük önəm veririk.

Bu sözləri AZƏRTAC-a müsahibədində Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə deyib.

“Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır. Bu il 8 faizdən çox artım var. Buna uyğun olaraq xidmət səviyyəsini də yüksəltməliyik. Yaxın vaxtlarda Azərbaycan Hotellər Assosiasiyası yaradılacaq. Sonra bu qurumun Avropa Hotellər Assosiasiyasının üzvlüyünə qəbul prosesinə başlanılacaq. Bununla da Azərbaycan hotelləri Avropa Komissiyasının tətbiq etdiyi standartlara uyğunlaşdırılacaq və sertifikatlaşdırma aparılacaq. Eyni zamanda, regionlarda fəaliyyət göstərən turizm informasiya mərkəzlərinin fəaliyyətində islahatlar aparılacaq. Bakıda isə turistlər üçün məlumat köşklərinin sayı artırılacaq”, - deyə Kənan Quluzadə əlavə edib.