28 fevral 2018 16:18
1959

Bakı şəhər kartının vaxt limiti və qiymətləri

Bakı sakinləri və turistlər üçün xüsusi imkanlar yaradan yeni "Baku Card" istifadəyə veriləcək.

Bu barədə fevralın 28-də Milli Turizm Təbliğat Bürosu, Bakı Nəqliyyat Agentliyi və "PASHA Travel" şirkətinin birlikdə rəsmi şəhər kartı yaratmaq məqsədilə keçirdikləri görüşdə deyilib.

"PASHA Travel şirkətinin əməliyyatlar üzrə baş direktoru Florian Zenqstşmid bildirib ki, "Baku Card", Azərbaycanda ilk və yeganə Bakı şəhərinin rəsmi şəhər kartıdır. Kart sahibləri ictimai nəqliyyatdan pulsuz, şəhər muzeyləri və mədəniyyət mərkəzlərinə ödənişsiz və ya endirimli girişdən istifadə edəcək. Bundan əlavə, “Baku Card” sahibləri mağazalar, kafelər, restoranlar və digər müxtəlif yerlərdə endirimlər və xüsusi təkliflər əldə edə biləcəklər.

Bakı şəhər kartının VAXT LİMİTİ və QİYMƏTLƏRİ

"Bakı şəhər kartının vaxt limiti olacaq, amma həmin müddətdə xidmətlərdən limitsiz istifadə edə biləcək".

Bunu Milli Turizm Təbliğat Bürosunun mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

K.Quluzadə bildirib ki, kartlar həm yerli, həm də xarici vətəndaşlar üçün istifadəyə veriləcək.

Kartlar 24, 72 saatlıq və 1 həftəlik olacaq. Qiymətə gəldikdə isə, bu kartlar 35, 60 və 90 manatlıq nəzərdə tutulub:

"Belə bir kart dünya təcrübəsində var. Bakıda da belə bir karta çoxdan ehtiyac var idi. Kart sahibləri ictimai nəqliyyat və muzeylərdən istifadə edə biləcək".