08 yanvar 2018 19:26
1994

Ötən il Balakən rayonuna 23 minə yaxın turist gəlib

Azərbaycanda turizm sektorunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin məntiqi nəticəsi olaraq, son illər respublikamızın şimal-qərb qapısı sayılan Balakən rayonuna da turist axını xeyli artıb. Belə ki, 4-5 il əvvəl rayona il ərzində cəmi 6-7 min nəfər turist gəlirdisə, ötən il bu göstərici 3 dəfədən çox artaraq 23 min nəfərə çatıb. Gələnlərin 7 min 560 nəfərini xarici turistlər təşkil edib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin Balakən rayonu üzrə baş məsləhətçisi Şəfəq Hacıyeva məlumat verib.

Qurumun rəsmisi bildirib ki, rayon ərazisində turistlər və gələn qonaqlar üçün maraq kəsb edən əsrarəngiz təbiət guşələri, qədim tarixi abidələr, həmçinin müasir turizm infrastrukturu mövcuddur. Balakəndə əsasən, idman və kənd yaşıl turizmi inkişaf etməkdədir. Bundan əlavə, turistlər dağ, atçılıq, balıqçılıq, ovçuluq və digər turizm növlərinə də maraq göstərirlər.

Mədəniyyət və Turizm Nazirliyi kollegiyasının qərarı ilə Balakən rayonu 4 nömrəli turizm marşrutuna daxil edilib. Rayonda 12 turizm marşrutu və rekreasiya zonası müəyyənləşdirilib. Hazırda Balakəndə dövlət qeydiyyatından keçmiş 29 tarix və mədəniyyət abidəsi və 30 yeni aşkar edilmiş abidə mövcuddur. Onlardan 9-u ölkə əhəmiyyətli memarlıq və arxeoloji, qalanları isə yerli əhəmiyyətli abidələrdir. Katex kəndindəki Sasani dövrünə aid olan Böyük Səddin qalıqları (VI əsr), Tuğay meşəsində yerləşən Darvaz məbədi (IV-IX əsrlər), Gürcüstana gedən magistral avtomobil yolunun kənarında, son dərəcə mənzərəli bir yerdə yerləşən Arılıqbinə məbədi (V-VI əsrlər), Balakən şəhərindəki Minarəli məscid (XVIII-XIX əsrlər), Hənifə kəndinin Roçəhməd yaşayış məntəqəsində yerləşən Alban məbədi (V-IX əsrlər) və digər tarixi abidələr, Katex şəlaləsi, təbiət mənzərələri turistlər üçün həmişə maraq kəsb edir.

Balakən şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkı yerli sakinlərin və turistlərin ən çox üz tutduqları istirahət məkanlarındandır. Qonaqların mənalı istirahət etmələri üçün parkda hər cür şərait yaradılıb, yelləncəklər, attraksionlar quraşdırılıb. Burada uzunluğu 1200 metr olan kanat yolu da fəaliyyət göstərir. Parkın ərazisindəki 132 yerlik 4 ulduzlu “Qubek” oteli 2010-cu ildən turistlərin istifadəsindədir.