06 sentyabr 2017 14:21
2645

Azərbaycana gələn turistlərin sayı artıb

Müasir dünyada turizm hər bir ölkə üçün iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biri sayılır. Ölkəmizdə bu sahənin inkişafına maraq ildən-ilə artmaqdadır. Son illər Azərbaycanın sosial-iqtisadi inkişafı və beynəlxalq əlaqələrinin genişlənməsi istiqamətində görülən işlər xarici ölkə vətəndaşlarında ölkəmizə qarşı marağın artmasına səbəb olub. Burada son illərdə Azərbaycanda intensiv şəkildə keçirilən beynəlxalq forum və tədbirlərin, eləcə də böyük idman yarışlarının da rolunu xüsusi vurğulamaq vacibdir.

2017-ci ildə turizmin inkişafının bizi sevindirdiyini qeyd edən dövlət başçısı İlham Əliyev bildirib ki, ölkəmizə gələn turistlərin sayı 25 faiz artıb: “Əlbəttə ki, bunun səbəbləri bəllidir. Azərbaycanı daha çox tanıyırlar. Azərbaycan dünyada təhlükəsiz, sabit ölkə kimi tanınır. Ölkəmizdə keçirilən beynəlxalq yarışlar, tədbirlər, əlbəttə ki, bu marağı artırır. Xüsusilə o yarışlar arasında mən Formula-1 yarışını qeyd etməliyəm. Bu yarışın auditoriyası dünya miqyasında 500 milyon insandır. Beş yüz milyon insan Bakını, şəhərimizin gözəlliyini görür. Bakıda o yarışlarda iştirak edən idmançılar, nümayəndə heyətinin üzvləri, qonaqlar əlbəttə ki, qayıdandan sonra xoş təəssüratlarını öz dostları ilə bölüşürlər.”

Dünya turistlərinin diqqətini Azərbaycanın gözəl, füsunkar təbiətinə yönəltmək üçün bu gün bu istiqamətlərdə fəal işlər görülür. Qeyd edək ki, bölgələrdə ən müasir səviyyədə hotellər tikilib.  Xüsusilə bölgələrdə bir neçə beşulduzlu otel istifadəyə verilib. Yeni turizm mərkəzləri açılır. Görülən işlər nəticəsində ölkəmizə gələn xarici turistlərin sayı ilbəil artmaqda davam edir.

2017-ci ilin birinci yarısının statistik göstəricilərinə nəzər salsaq görərik ki, bu il də eyni tendensiya davam edir. Belə ki, Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, cari ilin altı ayı ərzində Azərbaycana 1 milyon 200 minə yaxın turist səfər edib. Bu göstərici 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə (966. 497 nəfər) 24 faiz çoxdur. İlin ilk altı ayının təhlili göstərir ki, həyata keçirilən islahatlar nəticəsində regionlarda mədəniyyət və turizmin inkişafı istiqamətində işlər daha da sürətlənib. Uğurlarımızın davamlılığı bu əminliyə əsas yaradır ki, növbəti illərdə turizm sahəsində də göstəricilər daha yüksək rəqəmlərlə ifadə olunacaq.

Mənsumə Babayeva, “İki sahil”