25 avqust 2017 15:14
3105

Bərdənin tarixi abidələri və müasir inkişafı turistləri cəlb edir

Bərdə təkcə Azərbaycanın deyil, bütövlükdə Yaxın Şərqin ən qədim yaşayış mərkəzlərindəndir. Bu məkan eramızdan əvvəl II minillikdən başlamış son orta əsrlərə qədər geniş bir dövrü əhatə edən çoxlu maddi mədəniyyət abidələri ilə zəngindir.

AZƏRTAC xəbər verir ki, rayon ərazisində olan tarixi abidələr yerli və xarici turistlərin böyük marağına səbəb olur. 1322-ci ildə tikilmiş Bərdə türbəsi, VI əsrə aid köhnə şəhər divarlarının qalıqları, XVIII əsrə aid İbrahim məscidi, Tərtər çayı üzərində VII-IX əsrlərə aid iki körpü, XIV əsrə aid Axsadan baba türbəsi, Şirvanlı kəndində yerləşən XVIII-XIX əsrlərə aid hamam və digər abidələr Bərdəyə gələn qonaqlarda yüksək təəssürat yaradır.

Bərdədə turistləri ən çox cəlb edən məkanlardan biri də tarix-diyarşünaslıq muzeyidir. Burada Bərdənin tarixini, mədəniyyətini əks etdirən 2200-dən çox eksponat, o cümlədən qədim şəhərin maketi nümayiş etdirilir. Eksponatların bir çoxu şəhərdə aparılmış arxeoloji qazıntılar zamanı tapılıb.

Rayona gələn turistlər Bərdənin timsalında son illərdə Azərbaycanın bölgələrinin müasir inkişafının şahidi olurlar. Həyata keçirilən uğurlu iqtisadi siyasət, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası, infrastrukturun yenilənməsi, genişmiqyaslı yenidənqurma və tikinti-quruculuq işləri sayəsində Bərdə gündən-günə daha da gözəlləşir. Son illərdə tikilən Heydər Əliyev Mərkəzi, musiqi və incəsənət məktəblərinin binaları, yeni salınan Heydər Əliyev adına Park-Bulvar və Qəhrəmanlar Parkı, eləcə də möhtəşəm Bayraq Meydanı qədim Bərdənin gözəlliyini daha da artırır.

Şəhərə təşrif buyuran qonaqların, yerli və xarici turistlərin mədəni istirahətini təmin etmək üçün hər həftə istirahət və əyləncə parklarında konsert proqramları təşkil olunur. Turistlərə Bərdə haqqında məlumat kitabçaları verilir.