19 fevral 2018 23:19
1943

BSU tələbələri pedaqoji təcrübəyə başlayır

Fevralın 19-da Bakı Slavyan Universitetində (BSU) tələbələrin pedaqoji və istehsalat təcrübəsi keçmələri ilə bağlı konfrans keçirilib.

BSU-dan bildirilib ki, tədbirdə bu universitetin rektoru, professor Nurlana Əliyeva yeni həyata başlamağa hazırlaşan gənclərə tövsiyə və tapşırıqlarını verib. Vurğulanıb ki, universitet illərini artıq geridə qoymaqda olan məzunlar yaxın günlərdə fərqli kollektivlərdə çalışacaq, müxtəlif insanlarla ünsiyyət quracaq, bilik və bacarıqlarını nümayiş etdirmək imkanı qazanacaqlar. Gəncləri intizamlı, əxlaqlı, işə münasibətdə məsuliyyətli olmağa çağıran rektor əvvəlki illərin təcrübəsindən çıxış edərək çox vaxt məzunların istehsalat və pedaqoji təcrübə keçdikləri müəssisələrdə işə götürüldüklərini, həmin təşkilatlarda karyera qurmağa başladıqlarını diqqətə çatdırıb.

Universitetin tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov 2013-2017-ci illər arasında BSU-nu bitirən məzunların bu gün müxtəlif sahələrdə çalışdıqlarını bildirib. O, universitetin gələcək fəaliyyətində təhlil və analizlərin nəticələrinin nəzərə alınmasının vacibliyini vurğulayıb, istehsalat və pedaqoji təcrübəyə başlayan gənclərə uğurlar arzulayıb.

BSU-nun beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev, pedaqoji fakültənin dekanı, professor Flora Naciyeva, tərcümə fakültəsinin dekanı, professor Fidan Qurbanova, Azərbaycan filologiyası və jurnalistika fakültəsinin dekanı, dosent Nuridə Novruzova, filologiya və xarici dil müəllimliyi fakültəsi dekanının müavini Gültəkin Əliyeva təcrübəyə yollanan tələbələrin tezliklə müxtəlif idarə və təşkilatlarda universiteti təmsil edəcəklərini xatırladıb, onları çalışacaqları qurumlarda nümunə olmağa çağırıblar.

BSU-nun təcrübə və tələbələrin karyera inkişafı şöbəsinin müdiri, dosent Yaşar Alxasov istehsalat və pedaqoji təcrübənin keçiriləcəyi təşkilat və müəssisələr, təcrübənin gedişi, müddəti və digər məsələlər barədə məlumat verib. O, bu il ilk dəfə tələbələr üçün təcrübə gündəliyinin və jurnalının hazırlandığını diqqətə çatdırıb.