22 noyabr 2018 14:21
2011

Ənənəvi səmərəli əməkdaşlıq

Ənənəvi səmərəli əməkdaşlıq: Belarus-Azərbaycan münasibətlərini fərqləndirən cəhət

Rəsmi Minsk Dağlıq Qarabağ münaqişəsi ilə  bağlı prinsipial mövqe nümayiş etdirir. Hətta Belarus Azərbaycanın üzv olmadığı təşkilatlarda da ölkəmizin ədalətli mövqeyini dəstəkləyir və bunu Prezident Aleksandr Lukaşenko daim bəyan edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, özü də bu dəstək avtomatik xarakter daşıyır, hətta müzakirəsiz, məsləhətsiz, razılaşmasız. Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında politoloq Elxan Şahinoğlu söyləyib.

E.Şahinoğlu bildirib ki, elə bu günlərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Astana sammitində Belarusun mövqeyini bunun növbəti sübutu kimi dəyərləndirmək olar: “KTMT-nin Astana sammitində  Nikol Paşinyan bu təşkilatın baş katibi Yuri Xaçaturovun əvəzinə həmin posta başqa generalı təyin etmək istəyirdi. Lakin təşkilatın üzvlərinin, xüsusilə Belarus və Qazaxıstanın səyləri nəticəsində onun bu niyyəti ürəyində qaldı. Nəticədə rəsmi İrəvan növbəti rüsvayçılıqla üzləşdi. Təşkilatın baş katibi Belarusdan olacaq. Belarus prezidenti Aleksandr Lukaşenkonun Minskdə Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovla görüşündə də bu məsələdən söz açması, daha doğrusu, Ermənistan nümayəndəsinin təşkilata baş katib gətirilməsinin artıq mümkün olmadığını bildirməsi, üstəlik, “Azərbaycan üçün bizim qapılar açıqdır... Siz bilməlisiniz ki, biz sizin dostunuzuq və həmişə əməkdaşlığa hazırıq. Bizim İlham Əliyevlə razılaşmalarımız müqəddəsdir” fikrini səsləndirməsi rəsmi İrəvanı  daha da qıcıqlandırdı. Odur ki, Ermənistan rəsmiləri Lukaşenkonu sərt tənqid etməyə başladılar”.

E.Şahinoğlu əlavə edib ki, buna qədər rəsmi İrəvanla rəsmi Minsk arasında gərginlik açıq müstəviyə keçməmişdi: “Azərbaycan Prezidenti İlham Əliyev də bundan bir gün sonra - noyabrın 14-də Belarusun Azərbaycandakı səfiri ilə görüşdü. Dövlət başçımız bu görüşdə Ermənistanın mövqeyini tənqid etməklə yanaşı, Belarus Prezidentinin mövqeyini dəstəklədiyini vurğuladı. Bildirdi ki, Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdən Ermənistan təşkilatdan öz məqsədləri üçün istifadə etməyə çalışır. Bundan əlavə, möhtərəm Prezidentimiz vurğuladı ki, əgər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hər hansı bir problemi varsa, o da Azərbaycan ərazilərini işğal edən Ermənistandır və onun yaratdığı problemlərdir. Bununla da Prezidentimiz İlham Əliyev Prezident Lukaşenko ilə həmfikir olduğunu vurğuladı”.

Müsahibimiz Prezident İlham Əliyevin noyabrın 19-da Belarusa rəsmi səfərini isə Lukaşenkoya növbəti dəstək kimi xarakterizə etdi: “Səfər çərçivəsində imzalanan Birgə Bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar məsələlər üzrə Belarusun mövqeyi öz əksini tapıb. Sənəddə deyilir ki, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, bir sözlə beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir. Bu da şübhəsiz, təməlində ənənəvi etimad duran münasibətlərdən irəli gəlir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”