05 dekabr 2017 15:29
1223

Narkomaniya cəmiyyətimizdə ciddi fəsadlar törədir

Bakı Slavyan Universitetinin (BSU) azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Sadir Məmmədovun “Narkotizmin cəmiyyətdə bəzi təzahürləri və onlara qarşı mübarizə”, “BMT-nin narkotiklər haqqında konvensiyaları və Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyi”, “Narkotik cinayətkarlıqların təzahürləri və onlara qarşı mübarizənin problemləri (cinayət- prosessual aspektlər)” kitablarının müzakirəsi olub.

BSU-dan bildirilib ki, tədbirdə bu universitetin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov nəşrlərdə dövrümüzün aktual problemindən bəhs edildiyini vurğulayıb. Narkomaniyanın cəmiyyətdə ciddi fəsadlar törətdiyini qeyd edən prorektor kitabların müəllifi S.Məmmədovun qələmə aldığı hər üç əsərin mühüm faktlara söykəndiyini diqqətə çatdırıb.

BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova nəşrlərin gənc nəsil üçün böyük əhəmiyyət daşıdığını söyləyib. BSU-da narkomaniya əleyhinə mütəmadi olaraq maarifəndirmə aksiyalarının keçirilidiyini deyən X.Sultanova QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) xəstəliyinin narkomaniya ilə birbaşa bağlı olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, Azərbaycanda narkomaniyaya düçar olan insanların statistikasının digər ölkələrə nisbətdə az müşahidə edilməsi xalqımızın milli xarakteri və mentaliteti ilə bağlıdır.

Universitetin diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhməd “BMT-nin narkotiklər haqqında konvensiyaları və Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyi” əsəri haqqında ətraflı danışıb. Belə maarifləndirici tədbirlərin gənclər üçün əhəmiyyətindən söz açan Ə.Əhmədov tələbələrə hər üç kitabı oxumağı tövsiyə edib.

“Narkotizmin cəmiyyətdə bəzi təzahürləri və onlara qarşı mübarizə” kitabından danışan BSU-nun Azərbaycan multikulturalizmi kafedrasının müdiri, dosent Hacı Rauf narkotikin mənşəyi, narkomaniya xəstəliyinin tarixi barədə məlumat verib. O, ilk dəfə XVI əsrdə müharibələr zamanı yaralanan insanların ağrılarını azaltmaq məsqədilə bu maddədən istifadə olunduğunu, sonradan cəmiyyətdə aludəlik yaratdığını diqqətə çatdırıb. Azərbaycanda narkomaniyaya düçar olan insanların statistikasının ötən illərə nisbətən daha da artdığını deyən H.Rauf gəncləri bu cür zərərli vərdişlərdən uzaq durmağa çağırıb.

Tərcümə fakültəsinin ikinci kurs tələbələri Aygün Əlizadə və Ramazan Ramazanov müzakirə edilən əsərlərlə bağlı fikirlərini bölüşüblər.

Sonda S.Məmmədov müəllifi olduğu hər üç əsərlə bağlı söylənilən müsbət fikirlərə görə çıxışçılara minnətdarlığını bildirib.